Məhkəmə qərarları › İş №e-2-2(117)-291/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-291/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-291/2025 22.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4703 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində 4656 manat olaraq əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 67 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqişəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetoloji avadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4703 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) 1 ədəd “Sunlight 10 GLD-01” markalı diod lazer avadanlığını Cavabdeh satmağı, sonuncu isə avadanlığın dəyərinin bir hissəsini ilkin, qalan hissəsini isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satış obyektinin qiyməti 19 000 manat təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilmiş cədvələ əsasən cavabdeh avadanlığın qiymətindən ilkin olaraq 5000 manat ödəniş etməyi, qalan borcu isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 584 manat, sonuncu ay isə 568 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan qeyd edilməlidir ki, Cavabdeh tərəfindən ilkin olaraq 5000 manat, həmçinin ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 4150 manat ödəniş həyata keçirməklə, ümumilikdə satıcıya 9150 manat dəyərində ödəniş etmişdir və onun ümumilikdə 9850 manat məbləğind qalıq borcu qalmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinə qalıq borcla bağlı müraciət edilmişdir. Lakin, iddia ərizəsində qalıq borcun (9850 manat) yalnız qrafik üzrə vaxtı çatmış və ödənilməmiş (gecikdirilmiş) hissəsi – 5194 manat – tələb edilmişdir və tələb edilən məbləğ məhkəmənin e-2-2(117)- 624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Yerdə qalan 4656 manat borcla bağlı ödəniş müddətinin çatmadığı düşünülərək müraciət edilməmişdir və borclu tərəfindən ödənişlərin qaydaya salınacağına ümid edilmişdir. Keçən bu müddət ərzində cavabdeh tərəfindən satıcıya heç bir ödəniş edilməmişdir. Məhkəmə qətnaməsi ilə təmin olunan borc məbləği ilə bağlı iş hal-hazırda icra şöbəsindədir və müvafiq icra təbdirləri aparılır. Tərəfimizdən Cavabdeh elektron kargüzarlıq sistemi vasitəsilə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda ondan 3 iş günü ərzində həm qətnamə məbləğnin, həm də yerdə qalan 4656 manat məbləğində borcun ödənilməsi istənilmişdir və əks təqdirdə qətnamə ilə öz əksini tapmayan 4656 manat məbləğində borcunda tutulması ilə bağlı barəsində tərəfimizdən məhkəməyə müraciətin ediləcəyi ilə bağlı xəbardar edilmişdir. Qeyd edilən 3 iş günü ərzində də heç bir ödəniş edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, sonuncunun mobil telefon nömrəsinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir və məhkəmə iclaslarında iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 4703 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satıcı 1 ədəd dəyəri 19000 manat olan “Sunlight 10(GLD-01) diod lazer” avadanlığının dəyərini xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək, hissə-hissə ödəmək şərti ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin əmlakı qəbul edib bu müqavilənin 1.3-cü bəndində göstərinən qrafik üzrə ilkin olaraq 5000 manat ödəniş etmək şərti ilə, hər ay 584 manat sonuncu ay isə 568 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-624/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli 4703 nömrəli “Alqı-Satqı Müqaviləsi” əsasında Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qeyd olunan qətnamə ilə Cavabdeh 5194 maant borc və 63 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

8. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

VI. Məhkəmənin mövqeyi:

10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni 1 ədəd dəyəri 19000 manat olan “Sunlight 10(GLD-01) diod lazer” avadanlığını cavabdehə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək avadanlığın qrafik üzrə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Bu hal iş materiallarında olan müqavilə ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə bu halın əksini sübut edəcək sənədi məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

14. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

15. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

16. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2022-ci il tarixli 4703 saylı müqavilə üzrə 4656 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 67 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİl. Nəticə:

19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 4703 saylı müqavilə üzrə 4656 manat məbləğində borc və ödənilmiş 67 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar