Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-293/2025 20.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 13675 manat əsas borc, 10.000 manat hesablanmış peniya, ödənilmiş 162 manat dövlət rüsumu cəmi 23837 manat tutularaq, İddiaçı MMC-yə verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə İddiaçı MMC arasında mövcud alqı-satqı müqavilələrinə və sonrakı razılaşmalarına əsasən alıcı olaraq cavabdeh alınmış “Mal”a görə ödənişlə bağlı müqavilənin şərtlərinə riayət etmir və bu pozuntu davam etməkdədir. Belə ki, cavabdeh “alıcı” X1 fəaliyyəti üçün, satıcı İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixində bağlanmış № 03 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli təhvil təslim aktına əsasən 3710 manat məbləğində, xx.xx.2021-ci il tarixində bağlanmış № 33 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli № 01 saylı qiymət razılaşdırma protokoluna və təhvil təslim aktına 1980 manat, xx.xx.2021-ci il tarixində bağlanmış № 11 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli № 01 saylı qiymət razılaşdırma protokoluna və təhvil təslim aktına 7985 manat mal təhvil almışdır. Cavabdeh tərəfindən mallar ilə bağlı heç bir ödəniş edilməmişdir. Cavabdeh X3cı olaraq, satıcı İddiaçı MMC arasında alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən malın alınması üçün verilən sifarişlər, satıcı tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Sifarişə əsasən malların verilməsi ilə bağlı yerinə yetirilmiş işlər və verilmiş malların keyfiyyət və kəmiyyətinə görə iradlar olunmamışdır. Lakin cavabdeh tərəfindən son müqavilə əsasında almış olduğu malın dəyərinin hər hansı hissəsi ödənilməmişdir. Halbu ki, tərəflər arasında mövcud№ 03 saylı (xx.xx.2021-ci il tarixli), № 33 saylı (xx.xx.2021-ci il tarixli) və № 11 saylı (xx.xx.2021-ci il tarixli) alqı-satqı müqavilələrin “malın təhvil verilməsi və ödəniş şərtləri” bəndinə əsasən “Alıcı” sifariş olunan malı aldıqdan sonra dəyərini hesab fakturaya və ya qaimə fakturaya əsasən 3 ay müddətində nağd qaydada və ya köçürmə yolu birinci ayda 50 (əlli) % qalan hissəni sonrakı iki ayda ilə tam ödəniş edir. Lakin malın təhvil alandan sonra uzun müddət ötməsinə baxmayaraq, ödənişlə bağlı öhdəliyi təmin etməmişdir. Bununla bağlı cavabdehə bir neçə dəfə xəbərdarlıq edilmiş, prentenziya verilmiş lakin məsələ müsbət həllini tapmamışdır. Bu baxımdan da mübahisənin məhkəmə yolu ilə həlletmək məcburiyyəti yaranmışdır. Ona görədə iddiaçı hesab edir ki, xx.xx.2021-ci il tarixində bağlanmış № 03 saylı alqı-satqı müqaviləsinə əsasən 3710 manat, xx.xx.2021-ci il tarixində bağlanmış № 33 saylı alqısatqı müqaviləsinə əsasən 1980 manat, xx.xx.2021-ci il tarixində bağlanmış № 11 saylı alqı-satqı müqaviləsinə əsasən 7985 manat, cəmi 13.675 əsas borc cavabdehdən tam şəkildə iddiaçının xeyrinə tələb olunmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İş materaillarında olan satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 03 nömrəli “Alqı-satqı müqaviləsi”nin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh üzvi gübrə məhsullarını satmağı cavabdeh isə öz növbəsinə həmin məhsulları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin dəyəri 3710 manat təşkil edir. Müqavilənin “malın təhvil verilməsi və ödəniş şərtləri” hissəsində qeyd olunur ki, alıcı sifariş olunan malı aldıqdan sonra dəyərini hesab fakturaya və ya qaimə fakturaya əsasən üç ay müddətinə nağd qaydada və ya köçürmə yolu ilə birinci ayda 50 %, sonrakı iki ayda tam ödəniş edir. Bu müddətdə gecikdirilən, ödənilməyən dəyərin hər günü üçün 0,2 % peniya hesablanır. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılma protokolundan görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixli 03 nömrəli “Alqı-satqı müqaviləsi” üzrə satılan malların qiymətləri öz əksini tapmış və həmin malların qiyməti 3710 manat təşkil etmişdir. Qeyd olunan qiymətlərin razılaşdırılma protokolu iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
8. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 3710 manat dəyərində gübrə məhsulu verilmişdir. Həmin akt iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
9. Satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 11 nömrəli “Alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh üzvi gübrə məhsullarını satmağı cavabdeh isə öz növbəsinə həmin məhsulları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin dəyəri 6320 manat təşkil edir. Müqavilənin “malın təhvil verilməsi və ödəniş şərtləri” hissəsində qeyd olunur ki, alıcı sifariş olunan malı aldıqdan sonra dəyərini hesab fakturaya və ya qaimə fakturaya əsasən üç ay müddətinə nağd qaydada və ya köçürmə yolu ilə birinci ayda 50 %, sonrakı iki ayda tam ödəniş edir. Bu müddətdə gecikdirilən, ödənilməyən dəyərin hər günü üçün 0,2 % peniya hesablanır. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılma protokolundan görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixli 11 nömrəli “Alqı-satqı müqaviləsi” üzrə satılan malların qiymətləri öz əksini tapmış və həmin malların qiyməti 6320 manat təşkil etmişdir. Qeyd olunan qiymətlərin razılaşdırılma protokolu iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 6320 manat dəyərində gübrə məhsulu verilmişdir. Həmin akt iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 7985 manat ödənilməmiş borcu vardır. Həmin akt cavabdeh tərəfindən imzalanmışdır.
13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
VI. Məhkəmənin mövqeyi:
15. Məhkəmə qeyd edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
17. Məhkəmə ilk öncə 13675 manat əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas borc tələbi qismən əsaslı olduğundan 7985 manat pulun tələb edilməsi hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.
18. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı və cavabdeh arasında bağlanan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə ümumi dəyəri 10030 manat olan malları cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan qiymətlərin razılaşdırılma protokolları və təhvil-təslim aktlarında öz təsdiqini tapmışdır. Həmin müqavilələr üzrə qalıq borc 7985 manat təşkil etmişdir ki, bu hal iş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktında öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən əsas borc üzrə 7985 manat pulun tələb edilməsi əsaslıdır.
19. Məhkəmə tərəfindən iddiada tələb edilən 13675 manat məbləğində pulun yerdə qalan hissəsinə münasibətdə qeyd edilir ki, iş materiallarında yerdə qalan 5690 manat pulun hansı əsasla tələb edilməsini təsdiq edəcək sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini bu hissədə sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu səbəbdən qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 5690 manat pulun tələb edilməsi hissəsində rədd edilməlidir.
20. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gəlir. Belə ki, həmin müqaviləyə əsasən alıcı sifariş olunan malı aldıqdan sonra dəyərini hesab fakturaya və ya qaimə fakturaya əsasən üç ay müddətinə nağd qaydada və ya köçürmə yolu ilə birinci ayda 50 %, sonrakı iki ayda tam ödəniş edir. Bu müddətdə gecikdirilən, ödənilməyən dəyərin hər günü üçün 0,2 % peniya hesablanır
21. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən iddiaçı ilə aralarında bağlanan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə 399,25 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
23. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh 7985 manat əsas borc, 399,25 manat cərimə borcu olmaqla cəmi 8384,25 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
24. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 103,84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 7985 manat əsas borc, 399,25 manat cərimə borcu olmaqla cəmi 8384,25 manat pul və ödənilmiş 103,84 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova