Məhkəmə qərarları › İş №e-2-2(117)-299/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-299/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-299/2023 11.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ surət Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 34439,59 manat əsas borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Oğuz rayonu Sincan kəndində yerləşən cavabdehə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-2410/21 nömrəli müqavilə bağlanmış və **********00001 və **********00002 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin 34439,59 manat borcunun olması tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktları, habelə abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 34439,59 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Oğuz rayonunda yerləşən və hüquqi şəxs Cavabdeh MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00001 və **********00002 nömrəli qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh MMC arasında sonuncu dəfə AMX-2410/21 saylı“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh MMC-nin sahibliyindəki qeyri yaşayış sahəsində uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00001 və **********00002 saylı saylı qaz hesabında 34439.59 manat həcmində olmuşdur. Belə ki, göstərilən 34439,59 manat borcun 33987.82 manat borc hissəsi **********00001 saylı hesab üzrə Elster G-400 RVG EK-220 markalı ********** nömrəli sayğacın 704145 kb.m mexaniki və 880611 kb.m elektron göstəricisi ilə, 451,77 manat hissəsi isə **********00002 saylı hesab üzrə Zenner G-4 markalı **********6 nömrəli sayğacın 6478 kb.m mexaniki göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan debitor borc ödənilmədiyindən cavabdeh müəssisənin təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. Tələb olunan 34439,59 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də tələb olunan tam ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirdi ki, 2021-ci ilin iyun ayından müəyyən qədər borc yaranmışdır. Lakin qismən ödəniş olduğundan qaz təminatı dayandırılmamışdır. Sonradan 2021-ci ilin dekabr ayından isə yenə borc yaranmış və qaz təminatı bu dayandırmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcun olduğunu etiraf edirlər və borcu ödəməkdən boyun qaçırmırlar. Onlara vaxt verilsə borcu hissə-hissə ödəyərlər. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldoları, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında Oğuz rayonu Sincan kəndində yerləşən cavabdehə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-2410/21 nömrəli müqavilə bağlanmış və **********00001 və **********00002 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Belə ki, tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş üzləşmə aktı, abonentin saldosu və cavabdehin nümayəndəsinin məhkəmə iclasında veridiyi izahatı ilə müəyyən edilir ki, cavabdehin ödənilməmiş 34439,59 manat debitor borcu qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə 34439,59 manat borc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 193,32 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödədiyindən və iddiaçı həmin məbləği dövlət rüsumu kimi tələb etdiyindən, həmin məbləğ dövlət rüsumu kimi deyil, mediasiya xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 34439,59 manat borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı İB-nə ödənilsin. Ödənilməmiş 193,32 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar