Məhkəmə qərarları › İş №e-2-2(117)-302/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-302/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-302/2020 08.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X4” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı baş direktor vəzifəsini icra edən E.H.Quliyev şəxsində (alıcı), MKT-Ucar filialının direktoru Ş.V.Səmədov şəxsində (tədarükçü) və xam pambığın istehsalçısı Tanrıöver Can (təsərrüfat) şəxsində xx.xx.2016-cı il tarixdə 2016-cı il mövsümü üzrə xam pambığın istehsalı və alqı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Təsərrüfat (Tanrıöver Can) 500 ha sahədə pambıq əkməyi, hər kektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükü üzrə Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonun satınalma qiyməti : birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat. Qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının (xxxxxx MMC) mülkiyyətinə verməyi, Tədarükçü (MK-Ucar filialı) gətirilən xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür. Müqavilə “xxxxxx” MMC-nin baş direktoru vəzifəsini icra edən şəxs və “MKT-Ucar” filialının direktoru və Tanrıöver Can tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir. İddiaçı müqavilə şərtlərinin cavabdeh “X4” MMC-dən pozulduğunu əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin icrası olaraq cavabdeh “X4” MMC tərəfindən iddiaçı cəmiyyətdən pambıq əkini üçün 270252,40 manat avans vəsait götürülmuş, əvəzində 213511,20 manat məbləğində 428859,2 kq xam pambıq təhvil verilmiş və 33255 manat vəsait cəmiyyətə qaytarılmışdır. Nəticədə cavabdehin ödənilməmiş 23485,90 manat borcu qalmış və müqavilənin 4.2-ci bəndinə uyğun olaraq 20 % həcmində 57114 manat məbləğində cərimə hesablanmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müqavilə cavabdehin möhürü ilə təsdiq olunduğundan cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina edir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2016-cı il tarixli müqavilə, Maliyyə sənədi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Hazırki iş üzrə iddiaçı xx.xx.2016-cı il tarixli müqaviləyə istinad edərək cavabdeh “X4” MMC-nin ona 23485,90 manat əsas, 57114,10 manat cərimə üzrə borcu olduğunu iddia edir ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan xx.xx.2016-cı il tarixli 16 *** **** nömrəli müqavilə Alıcı qismində İddiaçı, Tədarükçü qismində MKT-Ucar filialı və Təsərrüfat yəni, xam pambığın istehsalçısı qismində “X4” MMC ilə deyil, Tanrıöver Canla bağlanmış və imzalanmışdır. Yəni alqı-satqı müqaviləsi Tanrıöver Can tərəfindən “X4” MMC-nin adından deyil, öz adından bağlanaraq imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə əsasında “X4” MMC-nin heç bir öhdəliyi yaranmamışdır və həmin müqavilə əsasında da iddia olunan pul məbləğinin cavabdehdən tutulmasına dair qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə hazırki cavabdeh arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmamış və öhdəlik münasibətləri formalaşmamışdr. Bundan başqa iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş maliyyə sənədində də fermerin adı “X4” MMC deyil, Tanrıöver Can göstərilmişdir. Eyni zamanda məhkəmə iddiaçının müqavilənin “X4” MMC-nin möhürü ilə təsdiq edilməsi barədə iddia dəlilinə münasibətdə qeyd edir ki, əvvəla möhür aid olduğu idarə, müəssisə və təşkilatın adından hazırlanmış sənədlərdə həmin idarə müəssisə və təşkilatın səlahiyyətli şəxsinin imzasının təsdiq edilməsi məqsədilə istifadə edilir. Hazırki iş üzrə mübahisə predmeti olan müqavilə Tanrıöver Can tərəfindən “X4” MMC-nin adından bağlanmadığı üçün müqaviləyə cəmiyyətin möhürünün vurulması müqavilə üzrə yaranmış öhdəliklərin cəmiyyət tərəfindən icra edilməli olması anlamına gəlmir. Bu səbəbdən məhkəmə iddiaçının möhürlə bağlı iddia dəlilini də əsassız hesab edir. Sonda məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında cavabdehin iddia tələbinə cavab verməli olan əsl cavabdeh Tanrıöver Canla əvəz edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, sonuncu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh olaraq “X4” MMC-yə qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə işə baxmışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi rədd edildiyindən 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh “X4” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaq cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar