Məhkəmə qərarları › İş №e-2-2(117)-304/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-304/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-304/2022 19.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh “3248,13 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat vəsaitin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında 01.01.2021-ci il tarixdə inşaat materiallarının alqısatqısı müqaviləsi bağlanmışdır. Tərəflərin bağladığı müqavilənin 5.1-ci maddəsinə əsasən təhvil alınmış malların dəyəri köçürmə yolu ilə və yaxud nağd formada Malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Razılaşmaya əsasən İddiaçı MMC tərəfindən mallar təhvil verilmiş, 19.08.2021-ci il tarixdə tərəflər arasında üzləşmə aparılmış və cavabdehin 3918,13 manat borcu olduğu təsdiq edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktından görünür ki, 19.08.2021-ci il tarixə Cavabdeh ödənilməmiş 3918,13 manat borcu vardır. 24.03.2021-ci il tarixli qaimə-fakturadan görünür ki, 5042,85 manat məbləğində inşaat materialı Cavabdeh tərəfindən təhvil alınmışdır. 11.05.2021-ci il tarixli qaimə-fakturadan görünür ki, 2175,28 manat məbləğində inşaat materialı Cavabdeh tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 02.04.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara 01.01.2021-ci il tarixli müqavilə, 19.08.2021-ci il tarixli üzləşmə aktı, 24.03.2021-ci il və 11.05.2021-ci il tarixli qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600)). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh arasında 01.01.2021-ci il tarixdə inşaat materiallarının alqı-satqısı müqaviləsi bağlanmış, sonuncu həmin müqavilə üzrə aldığı malların əvəzini ödəməsini öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, 24.03.2021-ci il tarixli və 11.05.2021-ci il tarixli elektron qaimə-faktura əsasında təhvil aldığı inşaat materiallarına görə ümumilikdə 7218,13 manat borc yaranmış, 19.08.2021-ci il tarixə üzləşmə aktı imzalanan tarixə cavabdehin ödənilməmiş 3948,13 manat borcu qalmışdır. Cavabdehin 19.08.2021-ci il tarixə iddia olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış üzləşmə aktı ilə təsdiq edilir. Tələb edilən borcun üzləşmə aktında olan borcdan aşağı olması belə izah olunur ki, qeyd edilən müddət ərzində cavabdeh tərəfindən ödənişlər edilməsi ehtimalını nəzərə alınaraq, eyni zamanda buna cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilmədiyindən, həmçinin məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququnun olmadığına görə iddiaçının tələb etdiyi 3248,13 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdehdən məhkəmənin hesabına ödənilməli olan 52,49 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 3248,13 (üç min iki yüz qırx səkkiz manat on üç qəpik) və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh məhkəmənin hesabına ödənilməli olan 52,49 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar