Məhkəmə qərarları › İş №e-2-2(117)-304/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-304/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-304/2025 22.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən SM/2024/045 saylı, xx.xx.2024-cü il tarixli Alqı-Satqı müqaviləsi üzrə 31735,92 manat borcun, 396,60 manat illik beş faizin, 500 manat vəkil pulunun və 186 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2024/045 saylı, xx.xx.2024-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1.). Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir (3.2.). Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 ( iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3.)... Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, ümumilikdə iddiaçı tərəfindən cavabdehə dəyəri 41 975,98 manat olan sement təhvil verilmiş, lakin cavabdeh həmin malın yalnız bir hissəsini - 10 239,99 manat ödəniş etmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş sement məhsulundan 20 gündən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh MMC-nin SM/2024/045 saylı, xx.xx.2024-cü il tarixli Alqı-Satqı müqaviləsi üzrə 31 735,92 (otuz bir min yeddi yüz otuz beş, 92) manat borcu təşkil edir. İddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcum cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin SM/2024/045 saylı, xx.xx.2024-cü il tarixli Alqı- Satqı müqaviləsi üzrə xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək ödəməni gecikdirdiyi 3 ay üçün 31 735,92 manat borcun illik 5 faizi 396,60 (üç yüz doxsan altı, 60) manat təşkil edir. Bundan əlavə iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə EM1503VK-6759/25 saylı, xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və həmin müqaviləyə əsasən 500 (beş yüz) manat büroya vəsait ödəmişdir. Həmin məbləğ də cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməlidir. Hesab edilir ki, Cavabdeh MMC-dən SM/2024/045 saylı, xx.xx.2024-cü il tarixli Alqı-Satqı müqaviləsi üzrə 31 735,92 (otuz bir min yeddi yüz otuz beş, 92) manat borcun, 396,60 (üç yüz doxsan altı, 60) manat illik beş faizin və 500 (beş yüz) manat vəkil pulunun tutularaq İddiaçı QSC-nə ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı QSC ilə cavabdeh alıcı Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli SM/2024/045 nömrəli “Alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı İddiaçı QSC pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" sement məhsullarını alıcıya Cavabdeh MMC-yə satmağı, alıcı isə öz növbəsinə həmin məhsulları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın təhvili və qəbulu tərəflərin nümayəndələrinin iştirakı ilə əmttə-nəqliyyat qaimələri əsasında aparılır. 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin nümayəndələrinin imzaladığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən öz imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 80892219 nömrəli, xx.xx.2024-cü il tarixli 80887231 nömrəli, xx.xx.2024-cü il tarixli 80887229 nömrəli, xx.xx.2024-cü il tarixli 80879087 nömrəli, xx.xx.2024-cü il tarixli 80892220 nömrəli, xx.xx.2024-cü il tarixli 80887232 nömrəli əmtəə-nəqliyyat qaimələrindən görünür ki, iddiaçı şirkət tərəfindən cavabdeh şirkətə müxtəlif vaxtlarda, müxtəlif miqdarda sement məhsulu təhvil verilmiş, həmin qaimələr iddiaçı və cavabdeh şirkətlərin nümayəndələri tərəfindən imzalanmışdır.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 11 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli SM/2024/045 nömrəli “Alqı-satqı müqaviləsi” üzrə 10239,99 manat ödəniş edilmiş, yerdə cavabdehin iddiaçıya ödənilməmiş 31735,90 manat borcu qalmışdır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 000lPX12427549A6 nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin bank hesabına 8677,96 manat məbləğində ödəniş edilmişdir.

10. İddiaçı QSC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EM-1503VK-6759/25 nömrəli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı QSC-yə “Faiq Ağayev və Partnyorları” vəkil bürosunun vəkili tərəfindən hüquqi yardım göstərilməsi barədə razılığa gəlinmiş və həmin hüquqi yardımın dəyəri 500 manat müəyyən edilmişdir.

12. İş materiallarında olan MVHfXTu6 nömrəli ödəniş tapşırığından görünür ki, “Faiq Ağayev və Partnyorları” vəkil bürosunun bank hesabına İddiaçı QSC tərəfindən 500 manat məbləğində pul köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

VI. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların dəyərindən qismən ödəniş etmiş, 31735,92 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan təhvil təslim aktları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh tərəf isə öz növbəsində bu halın əksini sübut edəcək sənədi məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə iddia tələbinin alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişin 3 ay müddətində gecikdirildiyi üçün illik 5 %-lə tələb olunan 396,60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissəd rədd edilməldir.

17. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli SM/2024/045 nömrəli “Alqı-satqı müqaviləsi”-nin 6.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə tərəflərin nümayəndələrinin imzaladığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. Lakin iddiaçı tərəfindən xx.xx.2024-cü ildən etibarən illik 5% faiz borc tələb edilir ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə ziddir. Belə ki, iddiaçı bocun ödənilməsi barədə cavabdehə müqavilə üzrə malların təvil verildiyi gündən 20 gün sonra müraciət etməli olduğu halda, yalnız xx.xx.2025-ci il tarixdə bildiriş göndərmiş, bu da gecikdirilmiş vaxtın süni şəkildə artmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia illik 5 faiz borcun tələb edilməsi hissəsində rədd edilməlidir.

19. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2024-cü il tarixli SM/2024/045 nömrəli “Alqı-satqı müqaviləsi” üzrə 31735,92 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsində təmin edilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

22. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 500 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 185,20 manat dövlət rüsumu iddianın təmin edilən hissəsinə münasibətdə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

24. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİ. Nəticə:

25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli SM/2024/045 saylı müqavilə üzrə 31735,92 manat məbləğində bоrc, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pul və ödənilmiş 185,20 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar