Məhkəmə qərarları › İş №e-2-2(117)-312/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-312/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-312/2024 01.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17003 manat pulun və 210 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra məntdə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17003 manat pulun və 210 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 346 manat ödəniş edildiyini bildirmiş və iddia tələbinin azaldılaraq 17003 manat qəbul edilməsini, həmin pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmədə iştirak etməmiş, iddiaçı ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehə təkrarən mobil telefonda olan vatsapp sosial şəbəkəsi və sms məlumatlandırma vasitəsilə məlumat verilmiş, cavabdeh təxminən 17000 manat borcunun olduğunu bildirmiş, lakin Türkiyə Respublikasında olduğundan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, iddiaçı "xxxx" ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış 253/2020 nömrəli 10 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı “Norm sement” məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 20264.18 manat dəyərində “Norm sement” məhsulları satılmış, cavabdeh isə cəmi 2915.18 manat pul ödəmiş, qalıq 17349 manat isə bu günə kimi ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən Norm sement hazır məhsulları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək müvafiq əmtəə-nəqliyyat qaiməsində və müqavilədə malın müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə malların 1 tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 155 manat və “Klass B” markası üçün isə 140 manat təşkil edir. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki,Cavabdeh 20264.18 manat dəyərində “A” klass 400 marka və “B” klass 300 marka “Norm” sement məhsulları satılmışdır. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əmtəənəqliyyat qaimələrindən görünür ki, 22400 kq, 25600 kq, 25600 kq, 24000 kq, 25600 kq “Klass A” və “Klass B” markalı sementlər cavabdeh tərəfindən təhvil alınmışdır. Bunu hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 17349 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. İddiaçı ərizə təqdim edərək borcun 17003 manat olduğunu bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, elektron qaimələr, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, satıcı "xxxx" ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh arasında bağlanmış 253/2020 nömrəli 10 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə malların 1 tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 155 manat və “Klass B” markası üçün isə 140 manat təşkil edir. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əmtəə-nəqliyyat qaimələrindən görünür ki, 22400 kq (3752.02 manat), 25600 kq (4096.05 manat), 25600 kq (4096.05 manat), 24000 kq (4032.03 manat), 25600 kq (4288.03 manat) “Klass A” və “Klass B” markalı sementlər cavabdeh tərəfindən təhvil alınmışdır. Bunu hər iki tərəf imzaları ilə təsdiq etmişlər. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023cü il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki,Cavabdeh 20264.18 manat dəyərində “A” klass 400 və “B” klass 300 marka “Norm” sement məhsulları satılmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edir ki, tərəflər arasında mütəmadi olaraq sement məhsullarının alqı-satqısı ilə bağlı davamlı hüquqi münasibətlər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə sement məhsullarının çatdırılması həyata keçirilmişdir. Cavabdeh alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərini qismən icra etsə də, tam icra etməmiş onun 17349 manat borcunun olması sübuta yetirilir. Məhkəmə tərəfindən cavabdehə bildiriş göndərilmiş və cavabdeh iddia tələbinin əksini təsdiq edən hər hansı sənədi və ya iddia tələbinə etirazını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iddiaçı tərəf iddia həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən 346 manat ödəniş oldunduğunu bildirmiş və cavabdehdən 17003 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia həcminin dəyişdirilməsi iddiaçı tərəfin hüququ olduğundan, məhkəmə cavabdehin borcunun 17003 manat olmasını qəbul edir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edilənləri əsas tutularaq hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən 210 manat mediasiya xərci ödəildiyindən həmin xərc tələb edilsə də, eyni qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı dövlət rüsumu isə tutulmamalıdır. Məhkəmə mediasiya xərcini 210 manat deyil, 200 manat olduğunu qəbul edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin 3.5-ci bəndinə əsasən iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda mediasiya xərci 200 manat müəyyən edilmişidr.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17003 manat pul və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar