Məhkəmə qərarları › İş №e-2-2(117)-312/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-312/2025

04.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-312/2025 04.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidmətinin 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə olan 12195,65 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 12195,65 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 12195,65 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən göründüyü kimi "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 8928 manat məbləğində borcu və faiz üzrə isə 3267.63 manat məbləğində qalıq borcu mövcuddur. Maraqlı şəxs ötən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, işlədiyi şirkətə qarşı cinayət işi açılmışdır. Buna görə ona, vergiyə olan borcunu prokurorluğun depozit hesabına ödəməli olduğu bildirilmişdir. O da o qaydada ödəniş etmişdir. Vergi orqanına müraciət etdikdə ona cinayət işi yekunlaşdıqdan sonra ödədiyi pulun vergi borcuna silinəcəyini bildirmişdilər. Buna dair sənədlərini məhkəməyə təqdim edə bilər. Onun vergi orqanına borcu yoxdur. İş materiallarına əlavə edilmiş AR Baş Prokurorluğu tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, istintaq zamanı "xxxx" MMC ilə "xxxx" MMC arasında həyata keçirilmiş 60.459 manat məbləğində əmtəəsiz maliyyə əməliyyatlar nəticəsində dövlət büdcəsindən yayındırılmış ƏDV vəsaitinin 10 000 manat məbləğində olan hissəsi dövlət büdcəsinə keçirilməsi məqsədi ilə 25 may 2024-cü il tarixdə tərəfinizdən Baş Prokurorluğun depozit hesabına ödənilmiş və bu barədə müvafiq qərar qəbul edilərək sizə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından göründüyü kimi Maraqlı şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi məqsədilə AR Baş Prokurorluğunun hesabına 10 000 manat məbləğində ödəniş edilmişdir. AR Baş Prokurorluğu tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC ilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə vergi öhdəliklərinin icrası ilə əlaqədar 10 000 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixli qərarla Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür. İş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırkı mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilmişdir. Ərizəçi Dövlət Vergi Xidmətinin 11 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktublarına cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsinə köçürülmüş vəsaitin xəzinə hesabının rekviziti Baş Prokurorluğun hesabı seçilməsi səbəbindən Regional Xəzinədarlıq İdarəsindən 11 Saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmamışdır. "xxxx" MMC-nin ƏDV-uçot hesabından çıxarışdan müəyyən edilir ki, 14.0.2020-ci il tarixdə "xxxx" MMC-dən alınacaq malların ƏDV olaraq 9203,34 manat məbləğində vəsaitin ödənilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, ərizəçi Dövlət Vergi Xidmətinin 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə e-mail vasitəsilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçi tərəfin iştirakı olmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara: Vergi ödəyiciləri olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq, ödəniş tapşırığı, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliyini yerinə yetirmədiyindən, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 8928 manat məbləğində borcu və faiz üzrə isə 3267.63 manat məbləğində qalıq borcu mövcuddur. Lakin işə əlavə edilmiş digər sənədlərdən, eyni zamanda AR Baş Prokurorluğu tərəfindən Şəki Kommersiya Məhkəməsinə ünvanlanmış məktubdan aydın olur ki, maraqlı şəxs tərəfindən vergi öhdəliklərinin icrası ilə əlaqədar 10 000 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdə Baş Prokurorluğun depozit hesabına köçürülmüş, lakin iş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırkı mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilməmişdir. Eyni zamanda, "xxxx" MMC-nin ƏDV-uçot hesabından çıxarışdan müəyyən edilir ki, 14.0.2020-ci il tarixdə "xxxx" MMC-dən alınacaq malların ƏDV olaraq 9203,34 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə müəyyən edir ki, iş üzrə "xxxx" MMC tərəfindən ilkin olaraq "xxxx" MMCdən müvafiq müqavilə əsasında aldığı malların dəyəri və ƏDV olaraq 9203,34 manat məbləğində vəsait ödəmiş, sonradan dövlət büdcəsində ödənilmədən yayındırılmış vəsaitlə bağlı müvafiq cinayət hüquqi araşdırma aparılmış, "xxxx" MMC vergi orqanı tərəfindən riskli vergi ödəyicisi olaraq qeydiyyata alınmış, bu səbəbdən hazırkı iş üzrə maraqlı şəxsin rəhbəri olduğu müəsissə tərəfindən ödənilmiş vergi borcu dövlət büdcəsinə ödənilməmiş, lakin cinayət hüquqi araşdırma zamanı həmin vergi borcu Baş Prokurorluğun depozit hesabına köçürülmüş, lakin istintaq yekunlaşdırılmadığından dövlət büdcəsinə köçürülməmişdir. Belə vəziyyətdə maraqlı şəxsin qeyd edilən vəsaitin ödənilməsi ilə bağlı hər hansı bir hüquqi məsuliyyətə cəlb edilməsi qanuni olmamaqla ədalətli hesab edilmir. Maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxs dövlət qarşısında öhdəliyini icra etmiş, ilkin olaraq müqavilə əsasında qarşı tərəfə ödəmiş, sonradan dövlət büdcəsinə vergi ödənilməsinin yayındırılması ilə bağlı məsələ araşdırılan zaman istintaq orqanının tələbi ilə vergi orqanına borcunu müvafiq depozit hesaba ödəmiş, lakin müvafiq dövlət orqanı məlum səbəblərdən həmin vəsaiti son ünvanına ötürməmişdir. Bu halda maraqlı şəxsin müvafiq hüquqi şəxsin rəhbəri olaraq hərəkətsizliyi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olduğundan həmin hüquqların əsassız məhdudlaşdırılması şəxsin konstitusion hüquqlarından biri olan azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Bu səbəbdən, sözügedən hüquq yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda və müvəqqəti olaraq məhdudlaşdırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Avropa insan hüquqları məhkəməsi Azərbaycana qarşı tətbiq etdiyi bir çox qərarlarında, o cümlədən Demokratiya və X1 Mərkəzi və Mustafayev Azərbaycana qarşı (ərizələr nöm. 74288/14 və 64568/16) 14 oktyabr 2021-ci il tarixli Qərarında qeyd edir ki, vergi borcuna görə ölkədən çıxış məhdudiyyətləri tətbiq edilərkən, dövlət orqanları alternativ vasitələrdən istifadə etməli və məhdudiyyətin zəruriliyini əsaslandırmalıdırlar.Əks halda belə məhdudiyyətlər insan hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilər. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, hazırkı iş üzrə marqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu dövlətin hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Dövlət Vergi Xidmətinin 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə olan 12195,65 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar