Məhkəmə qərarları › İş №e-2-2(117)-314/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-314/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-314/2022 17.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh “X1” MMC-yə oğluna qarşı “20022 manat miqdarında pul vəsaitinin cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: X4 ilə “X1” MMC arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli alqı satqı müqaviləsinə əsasən satıcı Elşad Alxasov tərəfindən alıcı “X1” MMC-yə ümumi dəyəri 30022 manat olan 750560 kq qarğıdalının yaşıl kütləsi satılmış və müqavilə şərtlərinə əsasən cavabdeh alınmış məhsulun dəyərini mal alınandan sonra növbəti 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən daşımanın sonunda hər iki tərəfin iştirakı ilə üzləşmə aktı yazılır və tam çəki təsdiqlənir. Satıcı müqavilə üzrə öhədliklərini yerinə yetirsə də, alıcı cəmiyyət öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəməli olduğu 30022 manat puldan xx.xx.2020-ci il tarixdə 10000 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 20022 manat borcu qalmışdır. “X1” MMC-nin baş mühasibi Nümayəndə2 tərəfindən imzalanan borc sənədinə (səhifə 99) əsasən cavabdeh xx.xx.2020-ci il tarixdə malı təhvil aldıqdan sonra xx.xx.2020ci ildə 10000 manat ödəniş etmişdir. Müqavilə üzrə 20022 manat ödənilməmiş borc qalmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək ödənilməmiş borcunun olduğunu bildirmiş, 5 gün müddətində cəmi 20022 manat borcun ödənilməsini tələb etmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək borcun ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli alqı satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 30022 manat olan 750560 kq qarğıdalının yaşıl kütləsi satılmış və müqavilə şərtlərinə əsasən cavabdeh alınmış məhsulun dəyərini mal alınandan sonra növbəti 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 5 ay ödəniş etdikdən sonra müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etmədən boyun qaçırmış və bu səbəbdən də avtomobil müqavilənin 10-cu bəndinə əsasən xx.xx.2022-ci il tarixdə geri alınmışdır. Cavabdeh müqavilə üzrə satılan malı dəyərindən 10000 manat vəsait ödəmiş, 20022 manat isə hələ də ödənilməmişdir. Odur ki, cavabdeh “X1” MMC-dən 20022 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, hesabdan çıxarış, borc sənədi, elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, X4 ilə “X1” MMC arasında 15 sentyabr 2019-cu il tarixdə etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, müqavilə qanunvericiliyin tələblərinə zidd olmamaqla tərəflərin imza və möhürləri ilə təsdiqlənmiş, özündə malların alqı-satqısını ehtiva etmiş, tərəflərin iradə ifadəsi qanunvericliyə zidd olmamış və cavabdeh müqavilənin icraası ilə bağlı öhdəliyinin bir hissəsini icra edərək iddiaçının bank hesabına 10000 manat pul ödəmişdir. Tərəflər arasında 15 sentyabr 2019-cu il tarixdə bağlanmış alqı satqı müqaviləsinə əsasən satıcı Elşad Alxasov tərəfindən alıcı “X1” MMC-yə ümumi dəyəri 30022 manat olan 750560 kq qarğıdalının yaşıl kütləsi satılmış və müqavilə şərtlərinə əsasən cavabdeh alınmış məhsulun dəyərini mal alınandan sonra növbəti 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhədliklərini yerinə yetirsə də, alıcı cəmiyyət öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəməli olduğu 30022 manat puldan xx.xx.2020-ci il tarixdə 10000 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 20022 manat borcu qalmışdır. Cavabdehin 20022 manat borcunun olması “X1” MMC-nin baş mühasibi Nümayəndə2 tərəfindən imzalanan borc sənədi ilə də təsdıq olunur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, “X1” MMC-nin baş mühasibi Nümayəndə2 tərəfindən imzalanan borc sənədinin həqiqiliyi məhkəmə tərəfindən araşdırılaraq mühasib Nümayəndə2la məhkəmənin telefonu vasitəsilə əlaqə yaradılmış, sonuncu məhkəmə iclasında şahid kimi iştirak etmək istəmədiyini, hal-hazırda da cəmiyyətdə mühasib işlədiyini, borc sənədindəki imzanın ona məxsus olduğunu və həqiqətən də cəmiyyətin Elşad Alxasova 20000 manat civarında borcunun olduğunu bildirmiş, məhkəmə iclas katibi tərəfindən bu barədə müvafiq arayış tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən məhkəmə həmin borc sənədini sübut qismində qəbul etməklə həm borc sənədinə, həm də iş materiallarına əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, cavabdeh “X1” MMC işin məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Elşad Alxasovla aralarında müqavilə bağlanmamış, mal alınmamış,xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsindəki imza və möhür onlara məxsus deyildir, həmçinin həmin müqavilə üzrə elektron qaimə mövcud deyildir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qanunvericliyin tələbinə uyğun verilmədiyindən geri qaytarılsa da, ərizədə qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmış, bununla bağlı mübahisə predmeti olan alqı-satqı müqaviləsinin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və müvafiq ekspertiza aparılması məqsədilə müqavilə imzalanan vaxt müəssisənin rəhbəri olmuş Tanıröver Canın 10 ədəd sərbəst imza nümunələrinin (müəssisənin arxivində saxlanılan və sonuncu tərəfindən imzalanmış) əks etdirən sənədlərin əsllərinin, habelə nümunə götürülməsi üçün müəssisənin möhürünün məhkəmə iclasına gətirilməsi üçün məhkəmə tərəfindən cavabdehə dəfələrlə müraciətlər olunmuş, habelə cavabdehə Mülki Prosessual Məcəllənin 78.3 və 78.4-cü maddələrinin tələbləri izah edilərək cərimə olunacaqlarının mümkünlüyü ilə bağlı xəbərdarlıq edilmiş, lakin sənədlər və idarənin möhürü məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda mühasib Nümayəndə2 telefon rabitəsi vasitəsi ilə məhkəməyə bildirdiyi məlumatlar yazılı qaydada cavabdehin diqqətinə çatdırılmış və sonuncunun məhkəmə iclasında dinlənilməsi üçün məhkəməyə təqdim olunması, habelə mühasibatlıq sənədlərinin təqdim olunması cavabdehdən tələb olunsa da cavabdeh məhkəmənin tələbinə baxmayaraq məhkəmə icraatından yayınmışdır. Məhkəmə cavabdehin sübutları məhkəməyə təqdim etməməsini, idarənin mühasibinin bildirdiklərini, habelə iş materiallarındakı sənədləri nəzərə alaraq hesab edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsində istinad etdiyi hallar həqiqəti əks etdirmir, tərəflər arasında etibarlı müqavilə bağlanmış və cəmiyyətin 20022 manat məbləğində iddiaçıya ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddia təmin edilərək həmin borc cavabdehdən tutularaq ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 150,07 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 150,07 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 MMC-dən 20022 manat pul tutularaq X3 ödənilsin. Ödənilməmiş 150,07 manat dövlət rüsumu X1 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar