Məhkəmə qərarları › İş №e-2-2(117)-314/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-314/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-314/2024 04.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “550 manat əsas borc, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0217/2020 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri qiymətlərin razılaşdırılma protokolunda göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malları qəbul etməyi və dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 15 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.1-ci bəndinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələrinə aid edilmişdir. Satıcı tərəfindən xx.xx.2020-ci il tarixli, 666510 nömrəli elektron qaimə ilə ümumi məbləği 625 manat dəyərində olan, xx.xx.2021-ci il tarixli, 452136 nömrəli elektron qaimə ilə ümumi məbləği 349 manat dəyərində olan, xx.xx.2021-ci il tarixli, 543339 nömrəli elektron qaimə ilə ümumi məbləği 349 manat dəyərində olan, xx.xx.2021-ci il tarixli, 857382 nömrəli elektron qaimə ilə ümumi məbləği 349 manat dəyərində olmaqla, cəmi 1672 manat dəyərində mallara dair alıcıya elektron qaimə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışda cavabdehin qeyd edilən tarixə 550 manat əsas və 110 manat faiz borcunun olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli kassa mədaxil orderi ilə 275 manat, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə 629 manat, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə 218 manat ödəniş edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD 0217/2020 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə əsasən Cavabdeh qaimələrdə göstərilən miqdarda 1672 manat dəyərində pivə məhsulları satılmış, cavabdeh həmin borcdan 1122 manat ödəniş etmişdir. Lakin cavabdeh qalıq 550 manat borcu ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 550 manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və bildiriş xx.xx.2024-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Elektron qaimələr, Maliyyə arayışı, Kassa mədaxil orderləri, Qiymətlərin razılaşdırılma protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0217/2020 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri qiymətlərin razılaşdırılma protokolunda göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malları qəbul edir və dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 15 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.1-ci bəndinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələrinə aid edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən mallar təhvil verilməli və malların dəyəri təhvil verildikdən sonra 15 gün ərzində malların dəyəri ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqıdan irəli gələn münasibətlər mövcud olmuş, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin yaratmaq istədikləri həqiqi hüquqi nəticəyə uyğun olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin sübutu qismində elekron qaimələri təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını birbaşa təsdiq edən sənəd deyildir ki, həmin qaimələr müqavilənin şərtlərinə uyğun qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya 2 nüsxədə tərtib edilməklə təhvil-təslim aktı əsasında təhvil verilir. Göründüyü kimi müqavilənin şərtləri malların təhvil-təslim edilməli olmasını nəzərdə tutmuş və məhkəməyə belə bir təhvil-təslim aktları məhkəmənin xx.xx.2024-cü il tarixli müraciətinə baxmayaraq təqdim edilməmişdir. Lakin buna baxmayaraq məhkəmə araşdrması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə fakturanın bir qismi cavabdeh tərəfindən qəbul edilərək imzalanmışdır ki, xx.xx.2020-ci il tarixli, 666510 nömrəli elektron qaimədən göründüyü kimi həmin qaimə ilə cavabdehə 625 manat dəyərində pivə məhsulu cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən elektron qaimənin imzalanması ona dəlalət edir ki, adı qaimədə göstərilmiş mallar cavabdehə təhvil verilmişdir. Bu səbəbdən də məhkəmə xx.xx.2020-ci il tarixli, 666510 nömrəli elektron qaiməni malların təhvil verilməsinin təsdiq edən sübut kimi qəbul edir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixli, 452136 nömrəli, xx.xx.2021-ci il tarixli, 543339 nömrəli, xx.xx.2021-ci il tarixli, 857382 nömrəli elektron qaimələrdə təhvil aldım bölməsində cavadehin deyil, Emil və Rasim adlı şəxslərin adı göstərilmiş və həmin şəxslər tərəfindən imzalanmışdır ki, qaimələri imzalamış şəxslərin cavabdehə aidiyyəti barədə sübut mövcud deyildir. Buna baxmayaraq iddiaçı ərizəsində 1122 manat cavabdeh tərəfindən ödəniş edildiyini etiraf etmiş və bunun təsdiqi qismində kassa mədaxil orderlərini məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərindən göründüyü kimi cavabdeh tərəfindən müqaviləyə əsasən satılmış malların dəyəri üçün 629 manat, 218 manat, 275 manat olmaqla ümumilikdə 1122 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən imzası ilə təsdiq edilmiş elektron qaimədə göstərildiyi kimi 625 manat dəyərində mal qəbul edilmiş və sonuncu tərəfindən kassa mədaxil orderlərində göstərildiyi kimi 1122 manat ödəniş edilmişdir ki, göründüyü kimi cavabdeh tərəfindən edilmiş ödənişlərin məbləği onun tərəfindən imzalanmış qaimə ilə təhvil aldığı malların dəyəri olan 625 manat məbləğdən çoxdur. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2021-ci il tarixli, 452136 nömrəli, xx.xx.2021-ci il tarixli, 543339 nömrəli, xx.xx.2021-ci il tarixli, 857382 nömrəli elektron qaimələr cavabdeh tərəfindən imzalanmasa da, ona iddiaçı tərəfindən 1672 manat dəyərində pivə məhsulu satılmış və cavabdeh bunun müqabilində 1122 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddia etdiyi kimi 1672 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və malların bir qisminin dəyəri olaraq 1122 manat cavabdeh tərəfindən ödənilmiş, qalan 550 manat ödənilməmişdir. Bu səbəbdən həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 550 manat əsas borc, 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar