Məhkəmə qərarları › İş №e-2-2(117)-325/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-325/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-325/2024 08.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1732,6 manat borc və 37,33 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20/10-38 nömrəli alğı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Malbinəsi kəndində yerləşən 7,5 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində təhvil verilməsini, MMC isə hazır məhsulu qəbul edib və dəyərini fermerin borclarını çıxmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 380 manat məbləğində şum, 240 manat məbləğində ağır diskli mala, 127,50 manat məbləğində mala, 60 manat məbləğində kanal çəkmə, 100 manat məbləğində sahədaxili kanal çəkmə, 105 manat məbləğində çiyid səpini, 472 manat məbləğində kultivasiya, 88 manat məbləğində boraza, 71,50 manat məbləğində dərman səpini, 635,80 manat məbləğində gübrə və dərman, 3827,50 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 880 manat məbləğində toxumluq çiyid, cəmi 6987,30 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlar, ödəniş tapşırıqları, iş və xidmətlərin yerin yetirilməsi aktından göründüyü kimi MMC tərəfindən cavabdehin sifarişi əsasında 6987,30 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 3736,37 manat məbləğində, 6227,29 kq xam pambıq təhvil vermiş, ötən ildən artıq ödənilmiş 2,53 manat nəzərə alınmaqla, 1515,80 manat məbləğində ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 1732,60 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 1732,60 manat borcu qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə iddia ərizəsində cavabdehlə bağlanılmış alğı-satqı müqaviləsinin tarixi xx.xx.2020-cü il, nömrəsi 20/10-38 olması əvəzinə, texniki səhv olaraq xx.xx.2020-ci il tarixi və 18/10-18 nömrə kimi göstərilmişdir. Odur ki, müqavilənin xx.xx.2020-cü il tarixli, 20/10-38 nömrə kimi, həmçinin xx.xx.2022-cü il tarixli iş və xidmətlərin yerin yetirilməsi aktında cavabdehlə bağlanmış alğı-satqı müqaviləsinin nömrəsini 20/10-38 nömrə kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə ünvanı üzrə şəxsən təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, Ödəniş tapşırıqları, Təhvil-qəbul aktları, İş və xidmətlərin yerin yetirilməsi aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu tam ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20/10-38 nömrəli alğı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Malbinəsi kəndində yerləşən 7,5 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində təhvil verilməsini, MMC isə hazır məhsulu qəbul edib və dəyərini fermerin borclarını çıxmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 380 manat məbləğində şum, 240 manat məbləğində ağır diskli mala, 127,50 manat məbləğində mala, 60 manat məbləğində kanal çəkmə, 100 manat məbləğində sahədaxili kanal çəkmə, 105 manat məbləğində çiyid səpini, 472 manat məbləğində kultivasiya, 88 manat məbləğində boraza, 71,50 manat məbləğində dərman səpini, 635,80 manat məbləğində gübrə və dərman, 3827,50 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 880 manat məbləğində toxumluq çiyid, cəmi 6987,30 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlar, ödəniş tapşırıqları, iş və xidmətlərin yerin yetirilməsi aktı ilə təsdiq olunur. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 3736,37 manat məbləğində, 6227,29 kq xam pambıq təhvil vermiş, ötən ildən artıq ödənilmiş 2,53 manat və 1515,80 manat məbləğində ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 1732,60 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən 1732,60 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 37,33 manat təşkil edir. İddiaçı tərəfindən 37,33 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən 37,33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1732,60 manat borc, 37,33 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar