Məhkəmə qərarları › İş №e-2-2(117)-332/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-332/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-332/2025 02.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 18708.12 manat əsas borcun və 160.84 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 23611.06 manat əsas borcun və 160.84 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin azaldılaraq “18708.12 manat əsas borcun və 160.84 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı ərizəsində bildirmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən qismən ödəniş edilmiş və borc mələği azalmışdır. Hazırda Qax MRX PHŞ-nin 17106.98 manat, Cəlayir kənd həkim məntəqəsinin 127.57 manat, Əlibəyli xəstəxanasının 1473.57 manat borcunun qaldığını qeyd etmişdir. İddiaçı (bundan sonra mətndə-İddiaçı) ilə “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi (bundan sonra mətndə-cavabdeh) arasında xx.xx.2021-ci il tarixdə AMX- 4031/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 18708.12 manat borcun və ödənilmiş 160.84 manat məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən cavabdehin tabeçiliyindəki müəssisələrin inzibati binaları müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Sözügedən müəssisələrə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə xx.xx.2021-ci il tarixli AMX-4031/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. “Qax Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının ümumilikdə 23611.06 manat həcmində borcu olmuşdur. Belə ki, sözügüdən müəssisələrin, yəni Qax MRX PHŞnin borcu 21044.19 manat, Cəlayir kənd həkim məntəqəsinin borcu 146.41 manat, Əlibəyli xəstəxanasının borcu 2420.46 manat olmaqla, ümumilikdə 23611.06 manat təşkil edir. Borcludan tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir. Cavabdehə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan borc tam şəkildə ödənilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, Qax Rayon Mərkəzi xəstəxanasının (abonent kodu **********00020) 01.2025-ci il tarixinədək 21044,19 manat borcu mövcuddur. Həmin borcun 7410.50 manat hissəsi 2023-cü il iyun tarixində 29642 m3 qaz sərfinə görə akt əsasında hesablanmışdır. xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, onun 03.2025-ci il tarixinədək 17106.98 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, Əlibəyli kənd xəstəxanasının (abonent kodu **********00000) 01.2025-ci il tarixinədək 2420,46 manat borcu mövcuddur. xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, onun 03.2025-ci il tarixinədək 1473.57 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, Cəlayır kənd həkim məntəqəsinin (abonent kodu **********00087) 01.2025-ci il tarixinədək 146,41 manat borcu mövcuddur. xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”dan görünür ki, onun 03.2025-ci il tarixinədək 127.57 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” Aktdan görünür ki, Qax Rayon Mərkəzi Xəstəxanasına məxsus qaz xətti üzərində quraşdırılmış olan G-100 markalı 80074926 nömrəli sayğacda qüsurlar aşkar edilmişdir. Belə ki, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş və mexaniki hissədən keçən 114923 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İstehlakçının nümayəndəsi Əlibəyov Kamran həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Uçotu aparılmayan qaz həcminin hesablanmasına dair tələbnamə”dən görünür ki, 29642 m3 itirilmiş qaz müəyyən edilmiş (əsas: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. AR Energetika Nazirliyi Enerji X1 Şəki filialı Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-15-2-5/2-130/2025 nömrəli rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla hesablanmış 7410.50 manat məbləğində dəymiş ziyanın qanunvericiliyin tələbinə uyğun hesablanmadığı müəyyən edilmişdir. Belə ki, qaz sayğacının korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı xx.xx.2023-cü il tarixindən sayğacın dövlət yoxlamasına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində qaz paylayıcılarının nümayəndələri tərəfindən qaz sayğacının mexaniki göstəricisinə əsasən (əmsal nəzərə alınmadan) verilən qazın hər ay üzrə sayğacla müəyyənləşdirilən hesabı xəstəxanaya təqdim edilmişdir. Təqdim edilmiş hesabfakturalara və elektron qaimələrə əsasən xəstəxana tərəfindən hər ay üzrə istehlak olunmuş qazın dəyəri ödənilmişdir. Məlum olduğu kimi AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qaz sayğacında qüsurun aşkar edildiyi 2022-ci ilin mart ayında sayğac dövlət yoxlamasına göndərildiyi təqdirdə qaydaların 5.4-cü bəndinə uyğun olaraq həmin ay və sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablana bilərdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh borcdan bir hissəsini ödədiyindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmişlər. Həmin ərizə də nəzərə alınmaqla, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcun çox hissəsini ödəmişlər. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizədə ödənişlərin hamısı göstərilməmişdir. Onların iddiaçıya 11 297 manat borcu qalmışdır. Müəssisəyə akt əsasında hesablanmış 7410 manat borcu isə qəbul etmirlər. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldoları, akt, tələbnamə, rəy, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi ümumi məbləğdən akt əsasında hesablanmış 7410.50 manat hissəsini cavabdeh mübahisələndirir, qalan məbləğ isə istifadə edilmiş təbii qazın dəyəri olaraq cavabdeh qəbul edir və bu hissədə iddianı mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-ci bəndinə əsasən qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. 2-1-ci bəndinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “ X4”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-4031/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Belə ki, “Qax Rayon Mərkəzi Xəstəxanası” PHŞ, Cəlayir kənd həkim məntəqəsi və Əlibəyli xəstəxanasında təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və nəticədə təbii qazdan istifadəyə görə 11297.62 manat borc yaranmışdır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh ümumilikdə 18708.12 manat borcun 7410.50 manat hissəsi (aktla yazılmış təbii X4nın pozulması nəticəsində itirilmiş zərər olaraq hesablanmış borc) istisna olmaqla, 11297.62 manat hissəsi isə sayğac göstəricilərinə əsasən yaranmış borc olduğundan onu qəbul edir. Göründüyü kimi, cavabdeh təbii qazdan istifadəyə görə yaranmış ümumilikdə 11297.62 manat borcunun olduğunu etiraf etmişdir ki, bu səbəbdən iddia tələbi bu hissədə mübahisə edilmir. Hazırkı iş üzrə iddia tələbinin mübahisə edilən hissəsi isə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında “Qax Rayon Mərkəzi Xəstəxanası” X7 münasibətdə hesablanmış 7410.50 manat itirilmiş təbii qazın dəyəridir. İşdə olan sübutların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlı olmadığından iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “ X4”nın: 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi, “X4”nın 5.2-ci bəndinə əsasən (hazırkı mübahisənin faktiki hallarına uyğun olaraq) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş AR Energetika Nazirliyi Enerji X1 Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-15-2-5/2-130/2025 nömrəli rəydən göründüyü kimi, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla hesablanmış 7410.50 manat məbləğində dəymiş ziyanın qanunvericiliyin tələbinə uyğun hesablanmadığı müəyyən edilmişdir. Müəyyən edildiyi kimi qaz sayğacının korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı xx.xx.2023-cü il tarixindən sayğacın dövlət yoxlamasına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində qaz paylayıcılarının nümayəndələri tərəfindən qaz sayğacının mexaniki göstəricisinə əsasən (əmsal nəzərə alınmadan) verilən qazın hər ay üzrə sayğacla müəyyənləşdirilən hesabı xəstəxanaya təqdim edilmişdir. Təqdim edilmiş hesab-fakturalara və elektron qaimələrə əsasən xəstəxana tərəfindən hər ay üzrə istehlak olunmuş qazın dəyəri ödənilmişdir. Ona görə də məhkəmə qeyd edilən 7410,50 manat hissədə iddia tələbini əsaslı hesab etmir və iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə sayğaclar üzrə cəmi (17106.98 – 7410.50) + 1473.57 + 127.57 = 11297.62 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən və iddia qismən təmin olunduğundan bu hissəyə münasibətdə 97.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən 11297.62 manat məbləğində borcun və 97.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar