Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-334/2021 14.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “21.05.2017-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İstifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında 21.05.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 800 dollar olan 1 ədəd SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən, soyuducunu İstifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. 2.2.7-ci bəndinə əsasən müqavilə xitam edildikdə, əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. 3.1-ci bəndinə əsasən müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. 5.1-ci bəndinə əsasən, müqavilənin 2.1.1-ci bəndinə göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. İddiaçı 30.03.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək soyuducunun qaytarılmasını tələb edərək əks təqdirdə cərimə ödəyəçəyi barədə ona xəbərdarlıq etmiş, mübahisə həllini tapmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında 21,05,2017-ci il tarixdə “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “xxxx” MMC tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədi ilə “xxxx” MMC-nin əmlak dəyəri 800 dollar olan 1 (bir) ədəd soyuducunu Cavabdeh əvəzsiz istifadəyə vermişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə “İstifadəyəverən" tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Belə ki, borclu üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və “xxxx” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və uzun müddətdir ki, qanunusuz olaraq özündə saxlamışdır. Habelə tərəflər arasında bağlanan müqavilənin 2.2.7-ci bəndinə əsasən müqaviləyə xitam verildikdə əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, əmlakın geri qaytarılmasını 3 (üç) gün ərzində təmin etməlidir. Həmin bəndə istinad edərək əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılması məqsədi ilə Cavabdeh 30.03.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu bu günə kimi ona verilmiş əmlakı mənimsəyərək “xxxx” MMC-yə qaytarmamışdır. 2.1.7-ci bəndində göstərilmişdir ki, istifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 misli “İstifadəçi” tərəfindən “İstifadəyəverən”in nəfinə ödənilməlidir. 2.2.8-ci bəndində göstərilmişdir ki, müqavilənin xitamı haqqında “İstifadəçi” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Cavabdeh əmlakı təhvil vermədiyindən onun dəyərinin 2 misli həcmində, yəni 1600 dollar məbləğində pulun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə qeydiyyata alındığı ünvan üzrə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 28,05,2021-сi il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında 21.05.2017-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən “xxxx” MMC istifadəçi X1 dəyəri 800 dollar olan 1 ədəd Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. İddiaçı əmlakın iki misli dəyərinin ödənilməsini tərəflər arasında bağlanmış müqavilənin 2.1.7 və 2.2.8-ci bəndlərinin tələblərindən irəli gəldiyini iddia edir. Lakin məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, müəyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. İddiaçı əmlakın mənimsənildiyini iddia etsə də soyuducunun özgəninkiləşdirilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa müqavilənin 2.2.7-ci bəndinə əsasən müqavilə xitam edildikdə, əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində istifadəçi geri qaytarılmasını təmin edir. 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin 2.2.8-ci bəndi istifadəçi tərəfindən müqavilənin xitamı haqqında irəli sürülən tələbə aiddir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş sənədlərdə istifadəçi olan cavabdeh tərəfindən belə bir tələbin irəli sürüldüyünə dair sübutlar mövcud deyildir. Əksinə təqdim olunmuş sənədlərdən müəyyən olunduğu kimi müqavilənin xitamına səbəb olan əmlakın geri qaytarılması tələbi məhz iddiaçı olan istifadəyəverən tərəfindən irəli sürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istinad etiyi hallar əsassızdır. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndində göstərilmişdir ki, istifadəyə verilmiş əmlakdan digər fiziki və hüquqi şəxslər tərəfindən istehsal olunan məhsulların sərinləşdirilib satılması üçün istifadə edilməsinə yol verilmir. Belə hallar aşkar edilərsə müqaviləyə xitam verilir. İstifadəçi istifadə etdiyi əmlakı istifadəyəverənə geri qaytarır və əmlakın dəyəri qədər istifadəyəverənin nəfinə cərimə ödəyir. Göründüyü kimi, müqavilənin tələblərinə əsasən cavabdeh tərəfindən cərimə ödənilməsi öhdəliyi şərtə tabe tutulmuşdur. Müqavilədə göstərilən halın baş verməsini sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Müqavilədə göstərilmiş halın baş verməsinə dair də məhkəməyə sübut təqdim edilməmişdir. İstər qanunvericiliyin, istərsə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya cərimə ödənilməsinə dair hər hansı əsas yoxdur. Hazırki vəziyyətdə iddiaçı cavabdehdən cərimə deyil, yalnız başqasının qanunsuz sahibliyində olan əmlakını tələb edə bilər. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehdən əmlakın dəyərinin 2 mislini, yəni 1600 dollar məbləğində pulu tələb etməkdə haqlı olmadığından iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi rədd edildiyindən 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “21.05.2017-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dollarının məcburi qaydada cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-334/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-334/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver