Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-334/2024 24.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “31238,50 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 2742,99 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 221,94 manat pulun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “31238,50 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 2742,99 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 221,94 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-001 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə №1 də göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, alıcı tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, Müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyidir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə ilə müəyyən edilir. 1 saylı Əlavədən göründüyü kimi satıcı ümumi dəyəri 118238,50 manat olan laboratoriya avadanlıqlarını alıcıya satmağı, alıcı isə həmin malların dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən, alıcı xx.xx.2021-ci il tarixdən etibarən 5 ay ərzində hər ay ƏDV daxil olmaqla 20000 manat, xx.xx.2022-ci il tarixdə isə 118238,50 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC müqavilə üzrə ümumilikdə 87000 manat ödəniş etmiş və onun ödənilməmiş 31238.50 manat əsas borcu qalmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi üçün müraciət edilməsinə baxmayaraq, borcu ödəməmişdir. Ona görə də bu mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli AMX-001 nömrəli alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktından görünür ki, iddiaçı 13 adda laboratoriya avadanlığını cavabdehə təhvil vermiş, cavabdehin nümayəndəsi Əliyev Orxan isə həmin malları təhvil aldığını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, iş materialları kimi məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 31238.50 manat olmuş və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borc hesablanmaqla 641 gün üçün 2742,99 manat borcu yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, ödəniş cədvəli, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin adından və mahiyyətindən də göründüyü kimi alqı-satqı müqaviləsi mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-001 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə №1 də göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, alıcı tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, Müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyidir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə ilə müəyyən edilir. 1 saylı Əlavədən göründüyü kimi, satıcı ümumi dəyəri 118238,50 manat olan laboratoriya avadanlıqlarını alıcıya satmağı, alıcı isə həmin malların dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC müqavilə üzrə ümumilikdə 87000 manat ödəniş etmiş və onun ödənilməmiş 31238.50 manat (118238,50 – 87000 = 31238.50) əsas borcu qalmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi üçün müraciət edilməsinə baxmayaraq, borcu ödəməmişdir. Ona görə də bu mübahisə yaranmışdır. Məhkəmə təqdim edilən sübutlara kompleks yanaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrası ilə bağlı iddiaçı tərəfindən cavabdehə qiyməti razılaşdırlmış 13 adda laboratoriya avadanlığının cavabdehə təqdim edilməsi inkar edilmir. Cavabdeh tərəfin məhkəmə iclaslarının təxirə salınması ilə bağlı müraciətləri nəzərə alınıb iclaslar təxirə salınsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, hər hansı bir sübut təqdim etməmiş və iddia tələbinə dair hər hansı bir etirazını bildirməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə təqdim edilmiş sübutlarla kifayətlənərək işə mahiyyəti üzrə baxılıb yekunlaşdırılması qənaətinə gəlmişdir. Odur ki, iş olan sübutlar iddiaçının iddia tələbində qeyd edilən həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 2742,99 manat pulun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, əsas borc məbləğinin 31238.50 manat olduğunu nəzərə alaraq hesablama aparsaq 31238,50 x 5% = 1561,925 , 1561,925 / 365 = 4,27924 4,27924 x 641 = 2742.99 manat borcun tələb edilməsində iddiaçı tərəf haqlıdır. Bu səbəbdən də iddia tələbi bu hissədə də təmin edilməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu olaraq 221,94 manat ödəsə də, iddia tələbinin məbləğinə əsasən ödənilməli olan dövlət rüsumu 191.94 manat təşkil edir. İddia tələbi təmin edildiyindən, ödənilmiş 191.94 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli AMX-001 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31238,50 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 2742,99 manat pul və ödənilmiş 191.94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov