Məhkəmə qərarları › İş №e-2-2(117)-343/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-343/2024

07.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-343/2024 07.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Maraqlı şəxs iştiarkı ilə, Ərizəçi Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə 3513,88 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1990-cı il təvəllüdlü, Ağdaş rayonunun Qoşaqovaq kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE-********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən Maraqlı şəxs dövlət büdcəsinə vergi üzrə 3513,88 manat borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs dövlət büdcəsinə vergi üzrə 3513,88 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhərində bir sahibkarın yanında işləmi.dir. Onun 2 mağazası olmuşdur. Mağazanın birini onun adına keçirtmişlər, VÖEN onun adına açılmışdır. İşlədiyi dövrdə vergiyə olan borcları ödənilmişdir. 2020-ci ildə Vətən Müharibəsi başlamışdır. O, müharibəyə getmişdir. Qayıdanda görmüşdür ki, mağazalar bağlanmış, həmin sahibkar bir mağaza işlədir. İşi dayandırmış və Ağdaşa evinə qayıtmışdır. Sonra ona məlum olmuşdur ki, adına olan VÖEN-nə borc yazılmışdır. Sahibkarla əlaqə saxlaya bilməmişdir. Oğlu ilə danışmış və ona demişdilər ki,, rəhmətə getmişdir. Borcunu qəbul edir. Müharibə veteranıdır hissə-hissə ödəyəcəkdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan fiziki şəxsin şəxsin hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə vergi üzrə 3513,88 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər övlət rüsuu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə maraqlı şəxs müharibə veteranıdır və bunu təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Buna görə də ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunduğundan, maraqlı şəxs isə müharibə veteranı olduğundan 100 (yüz) manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü, Ağdaş rayonunun Qoşaqovaq kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE-********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ Maraqlı şəxs dövlət büdcəsinə olan vergi üzrə 3513,88 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar