Məhkəmə qərarları › İş №e-2-2(117)-348/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-348/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-348/2024 16.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “cavabdehdən 387,48 manat əsas borc, 41,96 manat cərimə, həmçinin 30 manat məhkəmə rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 824 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlində göstərilən malları alıcı X1, alıcı isə həmin məhsulları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun qiyməti bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qaimə-fakuraya uyğun olaraq müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 7 gündən gec olmayaraq həyata keçirilir. 3.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktlar”ı tərtib edilə bilər. 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 % həcmində penya ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirmənin müddəti 30 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Tərəflər arasında üzləşmə aktı tərtib edilərək imzalanmış və həmin üzləşmə aktına əsasən cavabdehin xx.xx.2021-ci il tarixə son qalıq borcu 1533,88 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdeh tərəfindən ona verilmiş 1070,81 manat məbləğində malın dəyərindən 683,33 manat ödəniş edilmiş, qalan 387,48 manat ödənilmədiyindən öhdəlik lazımınca icra edilməmiş və cavabdehin 387,48 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh X5 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən onun ödənilməmiş 387,48 manat əsas borcu yaranmış və iddiaçıya əsas borca münasibətdə 41,96 manat cərimə hesablamışdır. Bu hal maliyyə arayışında öz əksini tapmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC müxtəlif növdə tikinti materiallarının istehsalı və satışını həyata keçirməklə məşğuldur. Şirkət özünün istehsal və satış fəaliyyətini Bakı-Sumqayıt yolunun 17-ci km-də yerləşən ofisi və zavodu vasitəsi ilə həyata keçirir. Satış təmsilçiləri məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş mağaza və ya digər satış nöqtələrinə təhvil verirlər. Həmin satış nöqtələrində mallar satıldıqca, onun pulu təhvil alınır və mütəmadi olaraq şirkətə münasibətdə alıcı qismində çıxış edən şəxslərin sifarişi əsasında onun dövriyyəsi və şirkət qarşısında qazandığı etimaddan aslı olaraq ona yeni partiyada mal və məhsullar təqdim edilir. İddiaçı MMC ilə borclu X5 arasında 06 may 2021-ci il tarixdə 824 saylı alqı-satqı müqaviləsi imzlanmışdır. Cavabdeh X5 06 may 2021-ci il tarixdən başlayaraq, İddiaçı MMC-dən tikinti materiallarının alışını və satışını həyata keçirməyə başlamışdır. 18 oktyabr 2021-ci il tarixdə cavabdehin şirkətə ödənilməmiş 387.48 manat borcu qalmışdır. Cavabdeh X2 dəfə 18 oktyabr 2021-ci il tarixdə 200 manat ödəniş etmiş, dəfələrlə cavabdehə borcun tam ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin o, bu günə qədər borcunu tam olaraq ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə sonuncunun ünvanı üzrə şəxsən təqdim olunmasına baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, X7, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 824 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlində göstərilən malları alıcı X1, alıcı isə həmin məhsulları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdeh tərəfindən ona verilmiş 1070,81 manat məbləğində malın dəyərindən 683,33 manat ödəniş edilmiş, qalan 387,48 manat ödənilmədiyindən öhdəlik lazımınca icra edilməmiş və cavabdehin 387,48 manat ödənilməmiş borcu yaranmışdır. Göründüyü kimi iddiaçı malları cavabdeh Elsevər İsgəndərova vermiş, sonuncu isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən onun ödənilməmiş 387,48 manat əsas borcu qalmışdır. Bu hal maliyyə arayışında və üzləşmə aktında öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 387,48 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 41,96 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 % həcmində penya ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirmənin müddəti 30 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcun ödənilməsini öhdəliyini üzərinə götürsə də, borcunu lazımınca ödəməmişdir. Cavabdeh qalıq borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində 19 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə hesab edir ki, iddia əsas borca görə əsaslıdır, yalnız cərimə məbləğinə münasibətdə məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən ödənilməli 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş və sonuncu onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehdən tələb etmişdir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 387,48 manat əsas borc, 19 manat cərimə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar