Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-357/2021 24.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ilk İddiaçı qarşı “24881,55 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və vəkil xərci olaraq 5000 manat pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi Şəki Kommersiya Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında müvafiq barışığın əldə edilməsi üçün bir neçə dəfə məhkəmə iclasları təxirə salınmış və buna şərait yaradılmışdır. Lakin cavabdehin nümayəndəsinin yenidən məhkəmə iclasında iştirak etməməsi üzrlü hesab edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, bildirdi ki, 2020-ci ilin dekabr ayı üçün rəsmi qaydada təsdiq edilmiş 3032,69 manat xidmət haqqının, 4 ay ərzində (yanvar, fevral, mart və aprel aylarında) ona ödənilməli olan ümumilikdə 10000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı (İcraçı) ilə ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 01.05.2020-ci il tarixli xidmət müqaviləsinin 1-ci bəndinə əsasən İcraçı, Sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona (yaxud Sifarişçinin təyin etdiyi üçüncü şəxsə) mütəmadi satışın təşkili ilə bağlı konsaltinq xidməti göstərir, Sifarişçi isə İcraçının göstərdiyi mütəmadi xidmətin əvəzində İcraçıya aylıq xidmət haqqı ödəyir. Müqavilənin 2-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçi tərəfindən verilmiş sifarişə uyğun Xidmətin razılaşdırılmış müddət və şərtlər əsasında yerinə yetirir. İcraçı Xidmətin nəticələrini elektron poçt vasitəsilə və ya digər razılaşdırlmış vasitə ilə Sifarişçiyə təqdim edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi xidmətin icra olunması üçün tələb edilən materialları və məumatları İcraçıya təqdim edir, müqavilənin şərtlərinə uyğun olaraq Xidmətin icrasından sonra təhvil alır, Xidmətin dəyərini razılaşdırlmış vaxtda İcraçıya ödəyir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən İcraçı xidmətləri nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməli, xidmətlərin keyfiyyətinə və qusursuluğuna görə zəmanət verməlidir. Müqavilənin 4-cü əndinə əsasən Xidmətin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və Ximətin göstəriləməsinə görə xidmət haqqının ödənilməsi qaydası Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyən edilir. Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İcraçı, bu Müqavilədə və ya müvafiq Əlavədə nəzərdə tutulmayan və Sifarişçi ilə qabaqcadan yazılı formada razılaşdırmadığı hər hansı əlavə xidmətləri göstərdikdə, həmin əlavə xidmətlərə görə hər hansı xidmət haqqının və ya xərclərin ödənilməsini Sifarişçidən tələb etməməlidir. Həmin əlavə xərclərə görə İcraçı şəxsən məsuliyyət daşıyır. Müqavilənin 9-cu bəndində Müqavilənin müddəti imzalandığı gündən 1 (bir) il müddətinə bağlandığı qeyd edilir. X1 müddətinin bitməsinə 30 təqvim günü qalmış Müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədikdə, bu Müqavilə növbəti ilə uzadılmış hesab edilir. Müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən Xidmətin icra edilməsi müddəti hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Sifarişçi tərəfindən yerinə yetirilən xidmətin nəticələri Sifarişçiyə elektron poçt və ya digər razılaşdırılmış vasitələr ilə təqdim edilir və Sifarişçi tərəfindən qəbul edilir. 3-cü bəndinə əsasən Sifariş İcraçıya elektron poçt vasitəsilə verilir və Xidmətin dəyəri hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Beynəlxalq Bankın 11.06.2021-ci il tarixli Hesabdan çıxarış sənədindən (iş materialları səhifə 51) və 2020-2021-ci il ərzində tərəflər arasında göstərilən xidmətlərə görə tərəflərin, o cümlədən müvafiq sistemin təsdiqlədiyi elektron qaimələrdən (səh 59- 68), həmçinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış bütün xidmətlərin haqqı cavabdeh tərəfindən ödənilmiş, yalnız 01.03.2021-ci il tarixli 087675 nömrəli qaimə üzrə tərəflərin razılaşdırılaraq təsdiq etdiyi 2020-ci ilin dekabr ayı üçün iddiaçının göstərdiyi xidmətlərə görə 3032,69 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. CavabdehMMC-nin 31.11.2020-ci il tarixdə İddiaçı ünvanladığı xəbərdarlıq məktubunda tərəflər arasında bağlanmış 02.03.2020-ci il tarixli 05 nömrəli müqavilənin 5.2-ci maddəsinə əsasən 31.12.2020-ci il tarixdən müqavilənin icrasına xitam veriləcəkdir. Qeyd edilən məktub iddiaçıya məxsus elektron poçtdan çıxarışdan müəyyən edilir ki, həmin məktub iddiaçıya 01.04.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdehin vəkili tərəflər arasında 02.03.2020-ci il tarixli 05 nömrəli müqavilənin surətini təqdim etmiş, həmin müqavilə ilə iddiaçının təqdim etdiyi müqavilənin məzmunundan və tarixindən müəyyən edilir ki, ilkin olaraq 02.03.2020-ci il tarixli müqavilənin qüvvədə olma müddəti (02 ay) bitdikdən sonra 01.05.2020-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə bu səbəbdən tərəflər arasında bağlanmış sonuncu müqavilənin müddəalarına istinad etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə əlavə, elektron qaimələr, ödəniş sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 777.1, 778.2,781, 782.1, 783.1-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında müddət etibarilə müxtəlif məzmunlu iki müqavilə bağlanmış, ilkin olaraq bağlanmış 02.03.2020-ci il tarixli 05 nömrəli müqavilənin qüvvədə olma müddəti (02 ay) bitdikdən sonra 01.05.2020-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə bu səbəbdən tərəflər arasında bağlanmış 01.05.2020-ci il tarixli müqavilənin müddəalarına istinad etmişdir. Qeyd edilən müqavilənin hüquqi qüvvəsi ilə bağlı qeyd edilməlidir ki, həmin Müqavilənin 9-cu bəndində müqavilənin müddəti imzalandığı gündən 1 (bir) il müddətinə bağlandığı qeyd edilir. X1 müddətinin bitməsinə 30 təqvim günü qalmış Müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədikdə, bu Müqavilə növbəti ilə uzadılmış hesab edilir. Cavabdehin 31.11.2020-ci il tarixdə cavabdehə ünvanladığı müqavilənin ləğvi barədə bildirişdə müqavilənin 31.12.2020-ci il tarixdən müqavilənin icrasına xitam veriləcəyi bildirilsə də, təqdim edilən sübutlardan müəyyən edilir ki, həmin məktub iddiaçının elektron poçtuna 01.04.2021-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilənin 01.04.2021-ci il tarixədək ləğv edilmədiyi fatkı ortadadır. Məhkəmə tərəflər arasında aparılmış elektron yazışmaların məzmununu və göndərilmə vaxtını nəzərə alaraq , cavabdehin 01.01.2021-ci il tarixdən fəaliyyətində müəyyən problemlərin olması səbəbindən ödənişin aparılmaması ilə bağlı iddiaçının müraciətlərinin mövcud olması müəyyən edilir. Tərəflər arasında bağlanmış Müqavilə və müqavilənin Əlavəsində tərəflər arasında cavabdeh tərəfindən göstəriləcək xidmətlərin qiyməti, həcmi və müddəti müəyyən edilmir. Müqavilədə həm sifarişin həm də sifarişin icrasının nəticəsi tərəflərin razılaşması əsasında həyata keçirildiyi müəyyən edilir. Belə ki, Müqavilənin 2-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçi tərəfindən verilmiş sifarişə uyğun Xidmətin razılaşdırılmış müddət və şərtlər əsasında yerinə yetirir.İcraçı Xidmətin nəticələrini elektron poçt vasitəsilə və ya digər razılaşdırlmış vasitə ilə Sifarişçiyə təqdim edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi xidmətin icra olunması üçün tələb edilən materialları və məumatları İcraçıya təqdim edir, müqavilənin şərtlərinə uyğun olaraq Xidmətin icrasından sonra təhvil alır, Xidmətin dəyərini razılaşdırlmış vaxtda İcraçıya ödəyir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən İcraçı xidmətləri nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməli, xidmətlərin keyfiyyətinə və qusursuluğuna görə zəmanət verməlidir. Müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən Xidmətin icra edilməsi müddəti hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Sifarişçi tərəfindən yerinə yetirilən xidmətin nəticələri Sifarişçiyə elektron poçt və ya digər razılaşdırılmış vasitələr ilə təqdim edilir və Sifarişçi tərəfindən qəbul edilir. 3-cü bəndinə əsasən Sifariş İcraçıya elektron poçt vasitəsilə verilir və Xidmətin dəyəri hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Məhkəmə tərəflər arasında razılaşdırılmış şərtləri nəzərdən keçirib müəyyən edir ki, tərəflər arasında 2020-ci ilin 01 mart tarixindən tapşırıq müqaviləsindən yaranan xidmət müqaviləsinin şərtlərinin qarşılıqlı icrası yolu ilə həyata keçirilmişdir. Bu faktlar elektron qaimələr və həmin qaimələr üzrə ödənişlərin həyata keçirilməsi ilə öz təsdiqini tapır. Belə ki, Beynəlxalq Bankın 11.06.2021-ci il tarixli Hesabdan çıxarış sənədindən (iş materialları səhifə 51) və 2020-2021-ci il ərzində tərəflər arasında göstərilən xidmətlərə görə tərəflərin təsdiqlədiyi elektron qaimələrdən (səh 59-68), həmçinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış bütün xidmətlərin haqqı cavabdeh tərəfindən ödənilmiş, yalnız 01.03.2021-ci il tarixli 087675 nömrəli qaimə üzrə tərəflərin razılaşdırılaraq təsdiq etdiyi 2020-ci ilin dekabr ayı üçün iddiaçının göstərdiyi xidmətlərə görə 3032,69 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən sübutlardan, məhkəmə tərəfindən əldə edilən mümkün sübutlardan müəyyən edilir ki, 2021-ci ilin 01 yanvar tarixindən sonrakı tarixlərdə iddiaçının tərəflər arasında bağlanmış xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq məhsulların satışının təşkili, ümumiyyətlə bu xidmətin göstərilməsi faktı və bunun əvəzinin ödənilməməsi faktı sübuta yetirilmir. Bununla bağlı Müqavilə şərtlərinə əsasən cavabdehin sifarişi, həmçinin sifarişin nəticəsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının cavabdehin nümayəndələrinə xidmət haqqının ödənilməsi ilə bağlı elektron poçt vasitəsilə müraciəti olsa da, həmin xidmətin nədən ibarət olması, bu xidmətin tərəflərin razılaşdırması, xidmətin icrası və nəticəsinin təhvil verilməsi müəyyən edilmir. Bununla bağl iddiaçının birtərəfli qaydada Excel proqramından istifadə etməklə heablama aparmaqla müvafiq müddət üçün xidmət barədə sənədini sübut olaraq qəbul etmir (İş vərəqi 155-161) Bundan əlavə iddiaçının 2021-ci ilin 01 yanvar tarixindən boş dayanması və ona zərər dəyməsi faktı ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən həmin müqavilənin müddətli bağlanması və iddiaçının qeyd edilən müqavilənin hər an ləğv edilmə imkanının mümkünlüyünü əvvəlcədən bilirdi. Bundan əlavə cavabdeh müvafiq qaydada razılaşdırılmış və göstərilmiş xidmət müqabilində xidmət haqqı ödəyir, bu xidmətin göstərilməməsi və müvafiq qaydada razılaşdırlmaması göstərilməyən xidmətə görə iddiaçının xidmət haqqı tələb etməsi əsassız olardı. Bundan əlavə tərəflər arasında bağlanmış Müqavilənin 10-cu bəndinin müddəalarının (Fors-major) hazırkı mübahisəyə tətbiq edərkən məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə cavabdehin öz istehsal obyektinə daxil ola bilməməsi və ümumiyyətlə istehsal prosesindən kənarlaşdırlması ilə bağlı faktlar mövcud olmuşdur. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi onun təqsirli davranışı nəticəsində baş verəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinin müddəaları baxımından müqavilə tərəfi o vaxt məsuliyyət daşıyır ki, həmin zərər müqavilə tərəfinin hərəkəti (hərəkətsizliyi) nəticəsində baş versin, ziyan dəymiş olsun və hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olsun. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyekti üzərində sahiblik və istifadə hüququqnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, 1 000 000 manat əldən çıxmış faydanın, işgüzar vurulmuş zərərə görə 5 000 000 manat və 30 manat dövlət rüsumunun, 20 000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli iddianın təmin tədbiri görülərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Cavabdeh hüquqi ünvanı olan ünvan 1ışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılması cavabdeh “X2 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilsin və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması qərara alınmışdır. Yuxarıda sadalanan halları, o cümlədən iddiaçının təqdim etdiyi sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı göstərdiyi xidmətin həqiqtən də göstərilməsini, qiymətini, bu xidmətin sifarişi və nəticələrinin qəbulu ilə bağlı, o cümlədən digər aylıq xidmətə görə əlavə faiz və bonusların hesablanmalı olması ilə bağlı müqavilə şərtləri ilə müəyyən edilmiş qaydada razılaşdırılmış dəlil və sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərəf iddia tələbinin əsasını sübut etmək vəzifəsi daşıdığından qeyd edilən halları da sübut etmək iddiaçının üzərinə düşür. Məhkəmə qəbul edir ki, tərəflər arasında razılaşdırlmış və təsdiq edilmiş iddiaçı tərəfindən göstərilmiş xidmətin 3032,69 manat həcmində dəyəri ödənilməmişdir. Ona görə də iddia qeyd edilən hissədə əsaslıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəf ödədiyi dövlət rüsumunu tələb etmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehndən 3032,69 manat manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-357/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-357/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver