Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-358/2024 03.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “218 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “218 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 1 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 1F8/22-15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Yevlax rayonu, Varvara kəndində yerləşən 1 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 218 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə xx.xx.2023-cü il tarixli aktda öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 218 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 218 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş, lakin məhkəmə bildirişinin çatdırılmaması barədə elektron məlumat əldə edilikdən sonra həmin məhkəmə bildirişi və aidiyyəti səndlər “Whatsapp” proqramı vasitəsilə cavabdehlə əlaqə saxlanılaraq şifahi bildirilməklə onun mobil telefonuna çatdırılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılsa da, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı, iddiaçı və cavabdehin ərizələri, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, müqavilənin adı “xam pambığın alqı-satqısına dair müqavilə” olsa da mahiyyət etibarı ilə tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 1 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 1F8/22-15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Yevlax rayonu, Varvara kəndində yerləşən 1 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 218 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə aktda öz təsdiqini tapır. “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 218 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 218 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 218 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov