Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-364/2022 04.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 14180 manat pulun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 04.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək “cavabdehdən 14180 manat pulun və 200 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni cavabdehə qarşı eyni tələblə 30.03.2022-ci il tarixdə X1 Məhkəməsinə müraciət etmiş, məhkəmənin 30.03.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə yanaşı, işdə iştirak edən şəxslərin subyektiv tərkibini də nəzərə almalıdır. Hazırki işdə aidiyyətlə bağlı məsələnin həlli üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti əhəmiyyət kəsb etdiyindən məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası MPM-nin 25.1 və 25.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxırlar. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şəxs hüquqi şəxs statusuna və yaxud da hüquqi şəxs yaratmadan fərdi sahibkar statusu əldə edən fiziki şəxs statusuna malik olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə cavabdehin vergi ödəyicisi kimi vergi orqanında uçota durması və sahibkar statusuna malik olması məhkəməyə məlum olmadığından, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə bildirir ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə daha əvvəl də, yəni, 30.03.2022-ci il tarixdə X1 Məhkəməsinə müraciət etmiş, məhkəmənin 30.03.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, qanunvericiliyin tələbinə əsasən yalnız iddiaçının sahibkar statusuna malik olması işə kommersiya məhkəməsində baxılması üçün kifayət etmir. İşə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin hər ikisi sahibkarlıq statusuna malik olmalı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Odur ki, Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə iddiaçı cavabdehin yaşadığı yer üzrə müvafiq rayon (şəhər) məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 14180 manat pulun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-364/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-364/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver