Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-366/2023 02.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 10172 manat dəymiş maddi ziyan və 200 manat mediasiya xərcinin cavabdehdən tutuaraq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07\02101 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən SR-2045 taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu xx.xx.2022-ci il tarixli iltizamla müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüş və xx.xx.2022-ci il tarixli aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli iltizamla cavabdeh texnikanı saz vəziyyətdə saxlayacağını və saz təhvil verəcəyini öhdəsinə götürmüşdür. Biçin mövsümü başa çatdıqdan sonra texnikanın təhvil verilməsi zamanı nasazlıqlar və çatışmazlıqlar aşkar olunmuş və buna dair xx.xx.2022-ci il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmişdir. Arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 10172 manat (mühərrikin əsaslı təmiri ilə əlaqədar ümumilikdə 9232 manat, ötürmələr qutusunda nasazlığın aradan qaldırılması üçün ümumilikdə 940 manat) olması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli iltizamla xx.xx.2022-ci il tarixli 05 nömrəli qüsur aktı ilə müəyyən edilmiş nasazlıqları və çatışmazlıqları 60 gün ərzində öz vəsaiti hesabına aradan qaldıraraq texnikanı saz vəziyyətə gətirəcəyini öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 10172 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 10172 manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə texnikanın təmir-bərpası üçün çəkilməli olan xərclərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin ekspert rəyinə əsasən Sampo Rosenlew SR-2045 markalı, 56-AB-17 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8058 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Arayış, İltizamlar, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07/02101 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən SR- 2045 taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu xx.xx.2022-ci il tarixli iltizamla müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüş və xx.xx.2022-ci il tarixli aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmişdir. Arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 10172 manat (mühərrikin əsaslı təmiri ilə əlaqədar ümumilikdə 9232 manat, ötürmələr qutusunda nasazlığın aradan qaldırılması üçün ümumilikdə 940 manat) olması müəyyən edilmişdir. Cavabdeh texnikanın müəyyən edilmiş nasazlığını qəvul etmiş və 60 gün ərzində öz vəsaiti hesabına aradan qaldıracağına dair öhdəlik götürsə də öhdəliyini icra etməmişdir. Göründüyü kimi cavabdeh SR-2045 markalı taxılyığan kombaynı lizinq müqaviləsinə əsasən istifadə üçün saz vəziyyətdə təhvil almış, saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, texnikaları nasaz vəziyyətdə saxlanca təhvil vermiş və bununla bağlı tərtib edilmiş aktlara imza etmişdir ki, hazırki vəziyyətdə lizinq predmetinə cavabdeh tərəfindən ziyan vurulması təsdiq olunur. Lakin məhkəmə araşdırması zamanı texnikanın saz vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcin məbləği ilə bağlı ekspert araşdırması aparılmış və müəyyən edilmişdir ki, texnikanın təmir-bərpasına çəkilməli xərclərin ümumi məbləği 8058 manat təşkil edir ki, iddiaçı dəymiş ziyan kimi 10172 manat pul məbləği tələb etmiş və bunda da haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş 8058 manat həddində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əmlakının zədələnməsi ilə bağlı çəkdiyi və ya çəkməli olduğu real zərəri cavabdehdən tələb edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyindən müəyyən olunduğu kimi dəymiş zərər 8058 manat olduğundan iddiaçının tələbi bu hissədə əsaslıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 120,52 manat dövlət rüsumunun 25,05 manat hissəsi iddiaçıdan, 95,47 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 200 manat mediasiya xərci ödəmiş və həmin vəsaiti cavabdehdən tələb etmişdir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 100 manat xərc tərəflər arasında bərabər qaydada bölünməklə 50 manat iddiaçıdan, 50 manat cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 95,47 manat dövlət büdcəsinə və iddiaçıdan 25,05 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 25,05 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci çıxılmaqla 124,95 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 25,05 manat və 50 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 95,47 manat dövlət rüsumuna və 50 manat ekspertiza xərcinə əlavə edilməklə cəmi 120,52 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci bütöv şəkildə cavabdeh olan əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8058 manat dəymiş maddi ziyan və 124,95 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 120,52 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci bütövlükdə cavabdehdən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-366/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-366/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver