Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-371/2022 16.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2009-cu il tarixində 4,12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 2808 manat pulun 2009-2022-ci illər üzrə indeksasiya olunmuş şəkildə cavabdehdən tutularaq ödənilməsi, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və sənədlərin hazırlanmasına görə 950 manat pul, əldən çıxmış faydaya görə və mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş xərclərə görə 3500 manat pul, cavabdehin qanunsuz hərəkəti nəticəsində və etibarından sui istifadəyə görə mənəvi sarsıntıya məruz qaldığı üçün 8000 manat pul və mediasiya xidməti üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,12 ha torpaq sahəsi verilmiş və adlarına JN **** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, 2009-cu il tarixdə bacısı oğlu İlkin Səmədovun vasitəçiliyi ilə cavabdeh Şəki rayonu Çapağan kənd sakini Cavabdeh ilə tanış olmuş. tanışlıq zamanı kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, torpağa mülkiyyət hüququna dair JN **** nömrəli Dövlət Aktına əsasən Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,12 ha torpaq sahəsi verilmişdir ki, o, həmin torpaq sahəsini satmaq istəyir. Bundan sonra qarşılıqlı razılıq əsasında o vaxtki bazar qiymətlərinə uyğun olaraq bir hektar torpaq sahəsinin qiyməti 800 ABŞ dolları olmaqla 4,12 ha torpaq sahəsinin alınması üçün 3296 ABŞ dollar vəsaiti Azərbaycan manatına uyğun, o vaxtki məzənnəyə çevirərək cavabdehə 2808 manat pul verərək torpaq sahəsini almışdır. Cavabdeh həmin dövrlərdə Rusiya Federasiyasına gedib-gəlməklə orada işləyirdi. Bununla bağlı cavabdeh ona bildirmişdir ki, təcili olaraq Rusiya Federasiyasına getməlidir, getməsə orada olan işini itirəcəkdir. Həmin dövrdə də torpaqla bağlı sənədləşmə işlərinin aparılması müəyyən zaman tələb edirdi. O, cavabdehin bu xahişini nəzərə alaraq güzəştə getmiş və onlar aralarında olan alqı-satqını şifahi şəkildə həyata keçirmişlər. Bundan sonra cavabdeh ona söz verərək bildirmişdir ki, orada imkan olan kimi rayona qayıdıb sənədləşməni rəsmiləşdirəcəkdir. Hətta cavabdeh onu razı salmaq üçün valideyinləri arasında çox mehriban münasibətlərin olmasını da bildirmişdir. Cavabdeh ona torpaq sahəsinin yerini göstərib, torpağa dair sənədləri ona verib Rusiya Federasiyasına getmişdir. Həmin dövrdə cavabdehdən aldığı torpaq sahəsi əkinə yararsız vəziyyyətdə olmuş, o, torpaq sahəsinə əlavə vəsait qoyaraq oranı kolkosdan təmizləmiş, hər il müntəzəm olaraq 5-6 il müddətində kefiyyətli saxlamaq üçün şum altı gübrə verərək həmin torpaq sahəsini əkinə yararlı vəziyyətə gətirmişdir. 2021-ci ilin yay ayına kimi həmin torpaq sahəsini öz xüsusi mülkiyyəti bilərək həmin torpaq sahəsinə aqrotexniki qaydalara əməl edərək bitkiçilik üçün yararlı vəziyyətə gətirərək becərmişdir. Son bir ildən çox müddətdə Cavabdeh kəndə qayıtmış və sənədləşmənin rəsmiləşdirilməsini tələb etdikdə, hər dəfəsində bildirmişdir ki, heç bir problem yoxdur, lazımı sənədləri toplayaq sənədləşməni rəsmiləşdirsinlər. Nəhayət ki, 2021-ci ilin avqust ayında cavabdeh onun yanına gələrək sənədləri toplamaq üçün əvvəl 200 manat, bir müddət sonra onun nümayəndəsi İlqar Abdullayevin iştirakı ilə 300 manat, sonra yenə İlqar Abdullayevin iştirakı ilə 450 manat olmaqla cavabdehə 950 manat pul verilmişdir. 10 gün ərzində ailə üzvlərindən alqı-satqı aparılması üçün etibarnamə almış, İlqar Abdullayevin iştirakı ilə ödənişləri edib müvafiq sənədləri əldə etmişdir. Cavabdeh hətta ona dövlət aktının əslini də təqdim etmiş, bütün sənədlərlə birlikdə alqı-satqı üçün lazım olan sənədləşmə qurtarmışdır. Bundan sonra cavabdeh onun yanına gələrək ailə üzvləri tərəfindən verilmiş etibarnamələri ona qaytarmağını xahiş etmiş, iddiaçı da həmin etibarnamələri onun dilindən iltizam alaraq təhvil vermişdir. Cavabdeh ona bildirmişdir ki, qaynanasının qırx mərasimindən sonra alqı-satqını rəsmiləşdirəcək. Cavabdeh sənədləri ondan alandan sonra dövlət aktını itirməsini bəhanə edərək DƏDRX-nin Şəki Ərazi İdarəsinə müraciət edərək həmin sənədin dublikatını almış, yeni almış olduğu dublikat sənədi əsasında onu aldadaraq torpaq sahəsini başqa bir şəxsə satmışdır. 2009-cu il tarixdə həmin torpaq sahəsinin alınması üçün o Cavabdeh torpağın bir hektarı üçün 800 ABŞ dolları olmaqla 4,12 hatorpaq sahəsinin alınması üçün 3296 ABŞ dolları Azərbaycan manatına məzənnəsinə çevirərək 2808 manat pul vermişdir. Hazırda həmin 2808 manat pulu 2009-2022-ci illər üzrə indeksasiya olunmuş şəkildə Cavabdeh tələb edir. Bundan başqa isə müxtəlif vaxtlarda torpaqla bağlı sənədləşmə işlərinin aparılması üçün ona 950 manat pul vermişdir onu da tələb edir. Həmin torpaq sahəsinin tam yararlı vəziyyətə salınması və mineral və üzvü gübrələrin alınması üçün külli miqdarda pul xərcləmiş, torpağa həmin qulluqların edilməsində məqsədi torpağın münbitləşdirilməsi və əldə edəcəyi məhsuldarlığın, yəni gəlirin artması olmuşdur. Lakin, cavabdehin hərəkətləri nəticəsində o həmin gəlirdən məhrum olmuşdur. Torpağa lazımi qulluq göstərildikdən sonra torpağın məhsuldarılığının artması hamı üçün aşkar olan haldır. Beləki, o, torpağı cavabdehdən aldıqdan sonra torpağın məhsuldarlığı aşağı olduğu halda tərəfindən edilən münbitləşdirmələr nəticəsində torpağın məhsuldarlığı yaxşı olmuşdur. Hesab edir ki, bu minvalla cavabdehdən mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş xərclərə görə 3500 manat alınaraq ona verilməlidir. Bundan başqa, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində və onun etibarından sui istifadə etməsinə görə mənəvi sarsıntıya məruz qalmışdır və buna görə də Cavabdeh mənəvi sarsıntı ilə bağlı 8000 manat mənəvi zərər tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Şahid qismində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısı, Cavabdeh onun kəndçisidir. Dayısına əkin işlərində kömək etmişdir. Taxıl əkmişlər. 10-15 il bundan əvvəl Kamran torpaq sahəsini satmaq istəyirdi, Məjlum da onun torpağını aldı, razılaşdılar. Dəqiq yadında deyil, deyəsən X6 Küngüt kəndində maşında 3300 manat pul vermişdir. Pul verəndə maşında 3 nəfər olmuşlar – Kamran, Məjlum və o. Dayısı təxminən 10 il həmin torpaq sahəsini əkib biçmiş, o da dayısına kömək etmişdir. Sənədləşməyə o vaxtlar heç kim fikir vermirdi. Şahid qismində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X1 ifadəsində bildirmişdir ki, Kamranın arvadı onun arvadının dayısı qızıdır. 10 ilə yaxın Məjlumun torpağını əkib becərmişdir. Məjlum həmin torpağı alanda torpaq yararsız vəziyyətdə idi. Torpağı kol-kosdan, daşdan təmizləyib, əkinə yararlı vəziyyətə gətirmişlər. Bunun üçün 5 ilə yaxın hər il 150-200 kq torpağa gübrə vermişlər. Gübrənin qiymətini dəqiq bilmir, ümumiyyətlə gübrə baha olur. Məjluma dövlət tərəfindən subsidiyaya görə 25 % güzəşt edilmişdi. Gübrənin bir hissəsini həmin pulla, qalanını özü alırdı. Dövlət tərəfindən bir hektar üçün torpağa standart olaraq amofos gübrəsi 150-200 kq müəyyən edilib, həmçinin digər gübrələrdən də istifadə olunur. Lakin zəif torpağa bəzən 300 kq gübrə vermək lazım gəlir. Məjlumun Kamrandan aldığı torpaq çox zəif idi. Hər il əkin işlərinə təxminən 500 manat pul xərclənirdi. Şahid qismində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisi kəndlisidir. Kamran dəfələrlə ona demişdir ki, torpağını satır. Məjlum 3200 manat pulu Kamrana kabinetdə vermişdir. Pulun manat və ya dollar olması yadında deyil. Məjlum torpağın rəsmiləşdirilməsi üçün Kamrana 950 manat pul verib. Kamran özü ona demişdir ki, Məjlumdan 950 manat almışdır. Kamranın ona borcu var idi, dedi ki borcunu o puldan ödəyəcəkdir. Kamran ona borcunun bir hissəsini ödəmiş, 200 manatı qalmışdır. Borcunu Məjlumdan aldığı pulla deyil, ayrıca özü ödəmişdir. Kamranın hazırda harada yaşadğını bilmir, Bakıda olduğunu eşitmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə 2808 manat, torpağın rəsmiləşdirilməsi üçün 950 manat pul vermişdir. Cavabdeh pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Yetirməməklə yanaşı cavabdeh torpağı qeyriqanuni olaraq başqa bir şəxsə satmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Dövlət Aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 4,12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 2808 manat pulun 2009-2022-ci illər üzrə indeksasiya olunmuş şəkildə, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və sənədlərin hazırlanmasına görə 950 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi daşınmaz əmlak olan torpaq sahəsinin mülkiyyət və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürülmüş müqavilələr notariat qaydasında bağlanmalı və öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayon AİK-in xx.xx.1997ci il tarixli 37 nömrəli qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,12 ha torpaq sahəsi verilmiş və adlarına JN **** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Cavabdeh Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 4,12 ha torpaq sahəsini İddiaçı satmağı vəd etmiş və iddiaçı bu məqsədlə, habelə sənədlərin hazırlanması məqsədi ilə cavabdehə pul vermişdir. Bu hallar şahid ifaələri ilə təsdiq oluur. Belə ki, işin məhkəmə araşdırması zamanı şahid qismində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X3, X1 və X2 ifadələrində 4,12 ha torpaq sahəsinin həqiqətən də şifahi qaydada Cavabdeh tərəfindən İddiaçı təxminən 3000-3200 manat ödənilməklə satıldığını, alqı-satqı ilə bağlı sənədlərin hazırlanması üçün iddiaçı tərəfindən cavabdehə 950 manat pul verildiyini bildirmişlər. Şahid ifadələri bir-birinə uyğun olmaqla pulun verilməsini verilməsini təsdiq etdiyindən və şahidlərin işin nəticəsində marağı olmadığından onların ifadəsi məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. İddia dəlilləri və şahid ifadələrində qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 4,12 ha torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən özünün bildirdiiyi kimi verilmiş 2808 manat pul və alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və sənədlərin hazırlanmasına görə ödənilmiş 950 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflərin razılaşması torpaq sahəsinin alqı-satqısından ibarət olmuş, cavabdeh bu vədinə əməl etməyərək mübahisə predmeti olan torpaq sahəsini iddiaçıya satmaqdan yayınmış və nəticədə hüquqi əsas olmadan mənfəət əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... Göründüyü kimi, cavabdeh iddiaçıdan torpaq sahəsinin satışı və sənədlərin hazırlanması adı altında ondan 2808 və 950 manat pul almış, sonradan mübahisə predmeti olan torpaq sahəsini ona satmamış və nəticədə əsassız varlanmışdır ki, bunu da iddiaçının tələbinə əsasən ona qatarmalıdır. İddiaçının xarici valyutada dollar şəklində cavabdehə verdiyi məbləğin 2009-2022-ci illər üzrə indeksasiya olunmuş şəkildə ondan tutularaq ödənilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə ilk öncə onu qeyd edir ki, iddia tələbi bu hissədə dəqiq, aydın deyildir. Belə ki, iddiaçı tələbini aydın şəkildə qeyd etməklə, cavabdehdən indeksasiya üçün hansı məbləğdə pul tələb etdiyini qeyd etməlidir. Bundan başqa iddiaçı həmin məbləği aydın şəkildə qeyd etsə belə, onun torpaq sahəsinin dəyəri olaraq ödədiyi pulun xarici valyutada olmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidlərdən İlkin Səmədov ifadəsində dəqiq xatırlamadığını, təxmini olaraq X5 Küngüt kəndində maşında 3300 manat pul verdiyini, Eldar Qocayev isə Məjlumun 3200 manat pulu Kamrana kabinetdə verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən torpağın dəyəri kimi cavabdehə verilən pulun ABŞ dollarında olduğu işin faktiki halları ilə təsdiq olunmur. Eyni zamanda iddiaçı torpaq sahəsinin alınmasına ödədiyi vəsaitin indeksləşdirilib ona verilməsini tələb edir ki, bunda da haqlı deyil. Belə ki, iddiaçının etiraf etdiyi kimi, o 2009-cu ildən etibarən mübahisəli torpaq sahəsindən istifadə etmiş və gəlir əldə etmişdir. Bu isə sonuncunun haqqı catacaq bəhəri artıq əldə etdiyi deməkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə və mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş xərclərə görə 3500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçı torpaq sahəsini əkmək üçün onun münbitləşməsinə, yaxşılaşmasınə, habelə gübrə verilməsini təmin etdiyinə dair sübutlar mövcud deyildir. Bu qəbildən olan hallar yalnız həmin işlərin yerinə yetirilməsi və gübrənin alınmasını (məbləğini) təsdiq edən qəbz və sair sübutlarla təsdiq oluna bilər ki, müəyyən sübutetmə vasitəsi ilə sübut edilməli olan hallar başqa sübutlarla o, cümlədən şahid ifadələri təsdiq oluna bilməz. Bu səbəbdən də məhkəmə şahidlərin torpağa gübrənin verilməsinə dair bildirdiklərini faktı təsdiq edən sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə təkrar qeyd edir ki, iddiaçı 2009-cu ildən etibarən mübahisəli torpaq sahəsindən istifadə edərək gəlir əldə etmiş və sonuncunun əldən çıxmış faydası olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsaən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddianın cavabdehin qanunsuz hərəkəti nəticəsində və etibarından sui istifadəyə görə mənəvi sarsıntıya məruz qaldığı üçün 8000 manat pul ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində və etibarından sui istifadəyə görə mənəvi sarsıntıya məruz qaldığı iddia etsə də fiziki və mənəvi iztirablar keçirməsini, bunun nəticəsində səhətinin pisləşməsini və müalicə almasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 4,12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 2808 manat, alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi və sənədlərin hazırlanmasına görə ona verilmiş 950 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 135,77 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 135,77 manat dövlət rüsumunun 33,44 manat hissəsi cavabdehdən, 102,33 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4,12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 2808 manat, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və sənədlərin hazırlanmasına görə ona verilmiş 950 manat və mediasiya xidməti üçün ödənilmiş 200 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 135,77 manat dövlət rüsumunun 102,33 manat hissəsi İddiaçı, 33,44 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-371/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-371/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver