Məhkəmə qərarları › İş №e-2-2(117)-374/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-374/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-374/2020 20.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “8962,78 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə fermer Cavabdeh arasında Ağsu rayonu Xəlilli kəndində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 67 nömrəli müqavilə imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam icra etməmiş və nəticədə göstərilən iş və xidmətlərin dəyəri kimi 8962,78 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin ödənilməmiş borcu iş materiallarında olan üzləşmə aktı, ödəniş tapşırıqları və aktlarla öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin borc məbləği ödənilmədiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağsu Filialı və cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 67 saylı müqaviləyə əsasən cavabdeh (Xəlilli kəndi ərazisində yerləşən) 6.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan,13417,48 manat məbləğində (o cümlədən 4651.xx xxxxx 2017-ci il mövsümündən, 3945.xx xxxxx 2018-ci il mövsümündən qalan borcu da nəzərə almaqla) vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 2019-cu il mövsümündə, 11.0 ha sahədə 330.0 manat dəyərində şum, 16 ha sahədə 224.0 manat dəyərində mala, 6 ha sahədə 72.0 manat dəyərində çiyid səpini, 29,5 ha sahədə 383.50 manat dəyərində kultivasiya, 1152.0 manat dəyərində çiyid, 48.0 manat dəyərində kanal çəkilişi, 190.80 manat dəyərində gübrə, 211.0 manat dəyərində pesidist, 1260.0 manat əvvəlcədən avans becərmə su, icarə pulu, 1051.65 manat əl yığımı cəmi: 13519.93 manat məbləğində vəsait xərclənmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsumbaşa çatsa da 4557.15 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 8962,78 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxariс orderləri və digər sənədlərlə təsdiq edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək borcu etiraf etdiyini, hazırda borcu ödəməyə imkanının olmadığını, gələn il pambıq əkərək borcunu ödəyəcəyini bildirdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Ödəniş tapşırıqları, Aktlar, Bildiriş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC ilə fermer Cavabdeh arasında Ağsu rayonu Xəlilli kəndində yerləşən 6 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 67 nömrəli müqavilə imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam icra etməmiş və nəticədə göstərilən iş və xidmətlərin dəyəri kimi 8962,78 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh 8962,78 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar