Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-374/2023 04.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “3966,01 manat əsas borc, 100 manat dəbbə pulu, mediasiya üçün ödənilmiş 60 manat olmaqla cəmi 4126,01 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 541- İ/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibrən satıcı rəsmi distribüteri olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirstsiz içkilər və s. məhsulları, bundan sonra malları alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə faktura təqdim olunduğu gündən etibarən, nağdsız qaydada 30 təqvim günü müddətində faktura üzrə göstərilən məbləği satıcının xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Satılacaq mal(lar)ın bir vahidinin qiyməti, ümumi dəyəri və həmçinin qanunvericiliyə müvafiq hesablanmış ƏDV-si faktura ilə müəyyən edilir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən alıcı tərəfindən təhvil alınan mal(lar)ın dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün mal(lar)ın dəyərinin ödənilməmiş qalığının 0,2 %-i həcmində penya ödəməlidir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2022-ci il tarixli elektron qaimə və satış fakturası ilə dəyəri 3966,00 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməyərək 3966,00 manat məbləği ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimə və satış fakturası ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, elektron qaimə, satış fakturası və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 541-İ/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibrən satıcı rəsmi distribüteri olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirstsiz içkilər və s. məhsulları, bundan sonra malları alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə faktura təqdim olunduğu gündən etibarən, nağdsız qaydada 30 təqvim günü müddətində faktura üzrə göstərilən məbləği satıcının xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək satış fakturası ilə ümumi dəyəri 3966,00 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək 3966,00 manat məbləğində borcunu ödəməmişdir. Cavabdehə məhz həmin məbləğdə mal təhvil verilməsi işdə olan satış fakturası ilə öz təsdiqini tapır ki, həmin faktura tərəflərin imzaları ilə təsdiq edilmişdir. Elektron qaimə fakturaya münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni satış fakturası ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa iddiaçı 3966,01 manat dəyərində malların təhvil verildiyini iddia edir və elktron təqdim edilmiş qaimədə məhz həmin məbləğ göstərilsə də malların təhvil verilməsinə dair qaimədə təhvil verilmiş malların dəyəri 3966,01 manat kimi deyil 3966,00 manat kimi göstərilmişdir. Bu səbəbdən də iddia qiymət verilıən hissədə qismən təmin edilərək cavabdehdən 3966,00 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə 100 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 4.2.4-cü bəndinə əsasən alıcı tərəfindən təhvil alınan mal(lar)ın dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün mal(lar)ın dəyərinin ödənilməmiş qalığının 0,2 %-i həcmində penya ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı elektron qaimə və satış fakturası üzrə qeyd olunan məbləği ödəməmiş, lakin iddiaçı vaxtında məhkəməyə müraciət etməyərək dəbbə pulunun artmasına şərait yaratmışdır. İddiaçının təqsirini və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat deyil, 20 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 60,66 manat olmalıdır ki, iddia tələbi əsas borca münasibətdə qismən (0,1 manat rədd edilmiş) təmin edildiyindən, dəbbə puluna münasibətdə qismən təmin edildiyindən ödənilməmiş 60,66 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3966,00 manat əsas borc, 20 manat dəbbə pulu, 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 60,66 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-374/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-374/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver