Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-384/2025 29.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı "pul" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı Ramis oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003 saylı alqısatqı müqaviləsinə əsasən 147.868,89 manat əsas borcun, 17.805,87 faiz borcun, 10.000 manat mənəvi zərərin, 467 manat dövlət rüsumunun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı Ramis oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə şərtərinə əsasən o, qida və qida əlavələrini cavabdehə satmalı, cavabdeh isə malların dəyərini ona ödəməli idi. İlkin olaraq Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək malların dəyərini ödəsə də, sonradan aldığı məhsullara görə ödəməli olduğu 147.868,89 manat pul vəsaitini ödəməkdən yayınmışdır. Dəfələrlə müraciət edərək müqavilə şərtlərinə əməl edərək ödəməli olduğu 147.868,89 manat pul vəsaitini ödəməsini xahiş etmişlər. Lakin bütün müraciətlər cavabsız və nəticəsiz qalmışdır. xx.xx.2025-ci il tarixdə pretenziya ərizəsi ilə cavabdehə müraciət edərək aldığı məhsulların dəyərini -147.868,89 (ƏDV Daxil) manat pul vəsaitini ödəməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciəti nəzərə alınmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edir. Bildirir ki,cavabdehlə aralarında imzalanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh aldığı məhsulların dəyərini 35 gün müddətində ödəməli idi. Cavabdeh göndərilmiş ümumi dəyəri 147.868,89 (ƏDV Daxil) manat təşkil edən məhsullara dair xx.xx.2023-ci il tarixdə 12851 manat, xx.xx.2023-ci il tarixdə 38.977,76 manat, xx.xx.2023-ci il tarixdə 26.864,24 manat,xx.xx.2023-ci il tarixdə 553,42 manat, xx.xx.2023-ci il tarixdə 33.545.92 manat xx.xx.2023-ci il tarixdə 792 manat, xx.xx.2023-ci il tarixdə 34.284.16 manat dəyəri olan elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmişdir. Həmin göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaimələri qoşmaya əlavə edir. Belə ki, cavabdeh xx.xx.2023-ci il tarixdən etibarən müqavilə şərtlərini pozaraq ödəməli olduğu pul vəsaitini ödəmir. Bu səbəbdən cavabdeh həm əsas borcu, həmdə əsas borca görə illik bank uçot dərəcəsi hesablanmaqla faiz ödəməlidir. Artıq 1 il beş aydır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbindən digər şəxslər qarşısında olan öhdəliyini icra edə bilmir. Bu isə onun səhhətində, psixikasında ciddi narahatlıqlar yaratmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən 2023-ci il tarixə uçot faiz dərəcəsi 8.5 %təşkil edir. Beləliklə orta faiz dərəcəsi 8.5 faiz təşkil edir. Cavabdeh 147.868,89 manat pulu qaytarmamaqla ona məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi ilə hesablanan faiz ödəməlidir. Beləki, 147.868,89 manatın bank uçot dərəcəsi kimi 1 il 5 ay üçün 17.805,87 manat ( 12.568,85 (147.868,89 x 8,5%=12.568,85 (1 il)) +5237,02 (5 ay) ( 5 *1047,404 (12.568,85 : 12= 1.047,404)) = 17805,87) faiz borcu cavabdehdən tutulmalıdır. Bundan başqa cavabdeh pul öhdəliyini icra etməməsi nəticəsində digər şəxslər qarşısında olan öhdəliklərini icra edə bilməmiş və dəfələrlə əsəbləşmiş, stress, fiziki və mənəvi sarsıntılar keçirmişdir.. Bu səbəbdən cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaiti onun xeyrinə tutulmalıdır.
3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı Ramis oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsinə əsasən 209029,37 manat əsas borcun, 25170 manat faiz borcun, 10.000 manat mənəvi zərərin, 525manat dövlət rüsumunun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı Ramis oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcmində texniki səhvə yol verilmişdir. İddiaçı Cavabdeh ilə aralarında imzalanmış alqı satqı- müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər ümumilikdə 29 ədəd elektron qaimə əsasında ƏDV daxil 331.940,66 manat (283.663,16 manat borc+48.277,50 manat ƏDV) dəyərində məhsul verimişdir. Cavabdeh tərəfindən bütün elektron qaimələr təsdiq edilmiş və göndərilmiş məhsullara görə ödəməli olduğu 331.940,66 manat pul vəsaitindən 122.911,29 (ƏDV daxil) (100 638,30 əsas +22.272,99 ƏDV) manat ödəniş etmiş, bugünə isə ƏDV daxil 209.029,37 manat borcu qalmışdır. Cavabdeh aldığı məhsullara görə ödədiyi 100 638,30 manat pul vəsaitini (24.10. 2022-ci il tarixdə -27.179 manat xx.xx.2022-ci il tarixdə -7.188 manat, xx.xx.2022-ci il tarixdə-17.470,71 manat, xx.xx.2023-ci il tarixdə 6.900 manat, xx.xx.2023-cü il tarixdə 41.900 manat ) Yapı kredi Bank vasitəsi ilə İddiaçı bank hesabına ödəniş etmiş, 22 272,99 manat ƏDV ödənişini (xx.xx.2023 ci il tarixdə- 7622,55 manat , xx.xx.2023-ci il tarixdə 7542,00 manat xx.xx.2022-ci il tarixdə 3144,73 manat, xx.xx.2022-ci il tarixdə -4863,71 manat) ƏDV ödəyicisi olduğu üçün X3 ödəmişdir. Bu halları təsdiq edən bank ödənişlərini və ƏDV ödənişlərini qoşmaya əlavə edirik. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-ci maddəsinin tələbinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən 2023-ci il tarixə uçot faiz dərəcəsi 8.5 %təşkil edir. Beləliklə orta faiz dərəcəsi 8.5 faiz təşkil edir. Cavabdeh 147.868,89 manat pulu qaytarmamaqla mənə məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi ilə hesablanan faiz ödəməlidir. Beləki, 209.029,37 manat bank uçot dərəcəsi kimi 1 il 5 ay üçün 25.170 manat (209.029,37 x 8,5%:100=17.767,465 manat ) + 7.403 (5 ay) ( 5 *1480(17.767,465: 12= 1480)) = 17805,87) faiz borcu cavabdehdən tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin artıırlması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqavilə üzrə mal-material dəyərlilərini satmağı, 2.2-ci bədinə əsasən alıcı isə malların dəyərini 35 gün müddətində ona ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş, etibarsız olmamışdır.
9. İddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 147.868,89 (ƏDV Daxil) manat təşkil edən məhsullara dair xx.xx.2023-ci il tarixdə 12851 manat, xx.xx.2023-ci il tarixdə 38.977,76 manat, xx.xx.2023-ci il tarixdə 26.864,24 manat,xx.xx.2023-ci il tarixdə 553,42 manat, xx.xx.2023-ci il tarixdə 33.545.92 manat xx.xx.2023-ci il tarixdə 792 manat, xx.xx.2023-ci il tarixdə 34.284.16 manat dəyəri olan elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən təqdim edilən ödəmə qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 122911,29 manat (ƏDV daxil) məbləğində ödəniş edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 12.hüquqi xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən vəkilə hüquqi xidmət göstərməsi üçün 300 manatpul ödənilmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 209.029,37 (ƏDV daxil) manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.
16. Məhkəmə həmçinin iddiaçı tərəfindən tələb olunan faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsinə əsasən alıcı (cavabdeh) malların dəyərini 35 gün müddətində ödəməli idi. Lakin cavabdeh borcun 209.029,37 (ƏDV daxil) manat hissəsini ödəmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdən gecikdirilmiş müddətə (1 il 5 ay) görə bank uçot dərəcəsi ilə hesablanmış 25170 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. (Mülki Məcəllənin 449.1-ci maddəsi) Bu səbəbdən məhkəmə hesab edir ki, iddia faiz borcuna münasibətdə təmin edilməlidir.
17. Məhkəmə iddia tələbinin 10000 manat mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı ona borcun ödənilməməsi ilə bağlı mənəvi zərər dəydiyindən bu zərərin əvəzi olaraq 10000 manat ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, məhz bununla bağlı hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. 18.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci madddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin...
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
20. Məhkəmə həmçinin vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməsini, işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
22. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 524,2 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Beləliklə qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi üzrə 209029,37 manat əsas borc, 25170 manat faiz borcu olmaqla cəmi 234199,37 manat pul, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat və 524.2 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı (Fin kodu:xxxxxxx) ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİ. Nəticə:
24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi üzrə 209029,37 manat əsas borc, 25170 manat faiz borcu olmaqla cəmi 234199,37 manat pul, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat və 524.2 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı (Fin kodu:xxxxxxx) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova