Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-394/2025 02.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 Cəmiyyətinə qarşı “cavabdehdən 5627.04 manat borc və 76.28 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5703.32 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 Cəmiyyətinə qarşı “cavabdehdən 5627.04 manat borc və 76.28 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5703.32 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi imzalanmışdır. Buna uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə yem məhsullarının təhvil verilməsinə baxmayaraq, cavabdeh məhsulların dəyərini bu günə qədər ödəməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, 555450 nömrəli, EBAZ seriyalı elektron qaimə ilə cavabdehin iddaçıya 5627.04 manat məbləğində borcu yaranmışdır. Cavabdehə onlayn kargüzarlıq vasitəsilə ilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 15 gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə ödəməli olduğu pul vəsaitini ödəməmiş, müqavilədə qeyd olunan öhdəliklərin şərtlərinə və tələblərinə müvafiq surətdə hərəkət etməmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya olan 5627.04 manat borcunu indiyədək ödəməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan yem məhsullarını (bundan sonra “mal”) alıcıya satmağı, alıcı isə, həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən, hesablaşma nağdsız olaraq köçürmə və nağd yolu ilə aparılır. 3.3-cü bəndinə əsasən, malın adı, miqdarı, çeşidi və qiyməti satıcı tərəfindən alıcıya təqdim ediləcək sənədlərdə göstərilir. 5.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetrimək şərtilə, xx.xx.2021-ci il tarixədək qüvvədədir. 8.1-ci bəndinə əsasən, malın adı, miqdarı və qiyməti qaimə-fakturada göstərilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 555450 nömrəli, EBAZ seriyalı “malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturadan göründüyü kimi “X3” MMC tərəfindən X2 MMC-yə 5627.04 manat məbləğində mallar verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından göründüyü kimi cavabdehin həmin tarixə 5635.19 manat məbləğində borcunun olduğu təsdiqlənmişdir. Həmin akt “X3” MMC-nin və X2 MMC-nin nümayəndələri və tərəflərin möhürləri ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə rəsmi qaydada cavabdeh X2 MMC-nin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020ci tarixli alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 5627.04 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturadan iddiaçının cavabdehə 5627.04 manat məbləğində mal verdiyi görünür ki, qeyd edilən məbləğin doğruluğu tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. Belə ki, qeyd edilən üzləşmə aktında borc məbləği 5635.19 manat qeyd edilsə də, iddiaçı cavabdehdən 5627.04 manat məbləğində borcun tutulmasını tələb etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cavabdehdən iddia tələbinə uyğun olaraq pul tutulması əsaslıdır. Məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaiməyə münasibətdə qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 5627.04 manat borcu yaranmışdır ki, iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Cavabdeh tərəf məhkəmə bildirişini elektron kabinet vasitəsilə qəbul etsə də, iddia tələbinə etiraz və ya mülahizəsini məhkəməyə təqdim etməmiş, hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə cavabdeh tərəfin susqunluğunu, iddia tələbinin haqlı olmasını həmçinin işin faktiki halları baxımından əsaslı qəbul etmişdir. Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 76.28 manat dövlət rüsumu ödənildiyindən və iddia təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh X1 Cəmiyyətindən 5627.04 manat borc və 76.28 manat dövlət rüsumu tutularaq iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov