Məhkəmə qərarları › İş №e-2-2(117)-396/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-396/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-396/2025 19.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli, SL385/24 nömrəli müqavilə üzrə lizinq obyekti olmuş 01 ədəd Traktor təkərli Marka “Massey Fergusson” (seriya nömrəsi TABMC200TP5117015) saz və işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıya qaytarılması, 4060 manat əsas lizinq borc məbləği, 254,54 manat dəbbə pulu və 63,15 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra – cavabdeh) ilə "xxxx" MMC (bundan sonra – iddiaçı) arasında 13 may 2024-cü il tarixli, SL385/24 nömrəli lizinq müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilədə İddiaçı lizinq verən, cavabdeh isə lizinq alan tərəf olaraq çıxış edir. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı lizinq obyektini Satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi öhdəsinə götürür. Cavabdeh isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icraetməyi qarşılıqlı surətdə öhdələrinə götürür. 13 may 2024-cü il tarixli 385 saylı “ Aqrar Kredit və İnkişaf Agentliyi xəMi ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi “ Əlavə 1-də əsasən Lizinq alan 137 820.00 (bir yüz otuz yeddi min səkkiz yüz iyirmi manat 00 qəpik) manat, Lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 42 411.60 (qırx iki min dörd yüz on bir manat altmış qəpik) manat, Lizinq üzrə borc məbləği 66.600.00 (altmış altı min altı yüz manat 00 qəpik) təşkil etmiş və 60 ay üzrə hər aylıq ödəniş 1100.00 (bir min bir yüz manat 00 qəpik) təyin edilmişdir. Lakin Cavabdeh tərəfindən müntəzəm olaraq ödənişlər ödənilməmiş, öhdəliyin icrasından yayınmış və Lizinq müqavilələri üzrə ödənilməli olan cari (aylıq) lizinq ödənişləri aylardır ödənməmişdir. Lizinq borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Lizinq müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində lizinq üzrə cari(aylıq) ödəmələr icra edilməmişdir. Buna görə də, Cavabdehəxx.xx.2025-ci il tarixli məktub göndərərək SL385/24 nömrəli Lizinq müqaviləsinin xx.xx.2025-ci il tarixindən birtərəfli qaydada ləğv edildiyini diqqətinə çatdırmış, xx.xx.2025-ci il tarixədək lizinq obyekti 01 ədəd Traktor təkərli Marka: Massey Fergusson (seriya nömrəsi TABMC200TP5117015) saz və işlək vəziyyətdə bizə geri qaytarmağı, 4060.00 (dörd min altmış manat 00 qəpik) manatı ödəməyi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin məktubda göstərilən qanuni tələbləri icra edilməmiş, məktuba münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən hər hansı geri dönüş edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilmsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, lizinq müqaviləsi üzrə iddiaçı şirkətdən traktor götürmüş, 4-5 ay işlətdikdən sonra xarab oldu. Evakuatorla traktoru servisə göndərmiş, orada təmir eləmişlər. Sonradan o, traktoru geri götürmək istəyəndə onun müqavilə üzrə gecikdirilmiş borcu olduğu üçün qaytarmayıblar. Lizinq müqaviləsi üzrə yaranmış borcu qəbul edir. Lakin qarantiya şərtlərini pozduğu üçün ondan 6000 manat pul istəmişlər. Onu da ödəyə bilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli SL385/24 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmentinə əsasən lizinq verən İddiaçı bu müqaviləyə əlavələrdə nəzərdə tutulan şərtlərdə və müddətdə lizinq predmenti olan texnikanı lizinq alana yəni Cavabdeh sahibliyinə və istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində həmin texnikanı qəbul edib dəyərini müəyyən edilmiş şərtlərlə lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2- ci bəndinə əsasən lizinq obyektinin təhvil veriləmsi təhvil-təslim aktının imzalanması ilə rəsmiləşdirilir. 14.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən bütün lizinq ödənişləri və lizinq şirkətinin lizinq alana qarşı digər pul tələbləri vaxtlıvaxtında tamamən ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. 14.3cü bəndinə əsasən lizinq alan bu müqavilə ilə müəyyən edilən vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə üzrə lizinq ödənişləri tam icra edildikdə belə lizinq şirkəti lizinq obyektini lizinq alanın mülkiyyətinə verməkədən imtina edə bilər. 12.2.7ci madəsinə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilədə göstərilən müddətdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilmiyən lizinq ödənişi məbləğinin 0,1 % həcmində cərimə ödəyir. Qeyd oluna müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ML/4142 nömrəli xx.xx.2024cü il tarixli SL385/24 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1” müqaviləsinin ödəniş qrafikinə əsasən cavabdeh ümumi dəyəri 137820 manat olan lizinq predmentinin dəyərini, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tətbiq edilən güzəşt məbləği çıxılmaqla ödəməyi 60 ay müddətinə, hər ay 1110 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2024-cü il tarixli, ML/4142 nömrəli lizinq müqaviləsi ürzə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən lizinq müqaviləsinin predmentinin təşkil edən 1 ədəd, “Massey Ferguson” markalı, MF6713 modelli, TABMC200TP5117015 seriya nömrəli, 2023-cü il buraxılış ili olan təkərli traktor Cavabdeh təhvil verilmişdir.

9. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq predmentinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

V. Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

13. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə SL385/24 nömrəli iddiaçıya məxsus kən təssərüfatı texnikasını lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan traktor cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən xx.xx.2024-cü il tarixdə SL385/24 nömrəli nömrəli lizinq müqaviləsi üzrə 4060 manat əsas borcu tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 12.2.7-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilədə göstərilən müddətdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilmiyən lizinq ödənişi məbləğinin 0,1 % həcmində cərimə ödəyir.

15. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixdə SL385/24 nömrəli “Daxili Lizinq müqaviləsi” əsasında 203 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

16. Bundan başqa məhkəmə iddia tələbinin “lizinq obyekti olmuş 01 ədəd traktor təkərli Marka “Massey Fergusson” (seriya nömrəsi TABMC200TP5117015) saz və işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə SL385/24 nömrəli nömrəli lizinq müqaviləsinin 14.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən bütün lizinq ödənişləri və lizinq şirkətinin lizinq alana qarşı digər pul tələbləri vaxtlı-vaxtında tamamən ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. 14.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə ilə müəyyən edilən vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə üzrə lizinq ödənişləri tam icra edildikdə belə lizinq şirkəti lizinq obyektini lizinq alanın mülkiyyətinə verməkədən imtina edə bilər. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, lizinq alan yəni cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə lizinq verənə ödənilməmiş borcu qalmışdır. Lizinq alan müqavilənin şərtlərini pozduğundan lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaqda və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan lizinq predmeti 1 ədəd Massey Fergusson markalı (seriya nömrəsi TABMC200TP5117015) təkərli traktor Cavabdeh alınaraq iddiaçı Sara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır.

17. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş 162,63 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

18. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, S L385/24 nömrəli müqavilə üzrə lizinq obyekti olan 01 ədəd Massey Fergusson markalı (seriya nömrəsi TABMC200TP5117015) təkərli traktor saz və işlək vəziyyətdə Cavabdeh alınıb İddiaçınə qaytarılsın. Cavabdeh 4060 manat borc, 203 manat dəbbə pulu olmaqla cəmi 4263 manat məbləğində pul və ödənilmiş 162,63 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar