Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-4/2021 18.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Qalib 2008 X1 Təsərrüfatı” MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Qalib 2008 X1 Təsərrüfatı” MMC-yə qarşı “4437,80 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli S\2019\12\42 nömrəli müqaviləyə əsasən satıcı spesifikasiyası (südün mənşəyi, yağlılıq dərəcəsi, proteini, turşuluğu və s.) təbii inək südünü xüsusi süd daşıyan avtomaşının həcminə uyğun olaraq minimum 4185 lt, maksimum 16100 lt satmağı, alıcı isə aldığı məhsulun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cəmiyyət cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini və nəticədə 4437,80 manat borcu olduğunu əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı cəmiyyətdən 39867 manat dəyərində 49 t 05 kq süd almış, alınmış südün dəyərini 27.1.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cəmiyyətin daxili kassasına və hesablaşma hesabına 39180 manat vəsait ödəmişdir. İddiaçı cəmiyyətə 687 manat borcu vardır. Göstərilənlərə əsasən 687 manat borcun ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 4/959 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, 027364 nömrəli qaimə fakturada “təhvil aldım” qrafasındakı imza Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 5/821 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 027364 nömrəli qaimə fakturasının tarix göstəricisindəki Yanvarsözünün yerində Dekabrsözü olub, 20rəqəminin yerində “19” rəqəmi olub, sonradan üzərinə əlavə cizgilər artırılmaqla indiki vəziyyətə gətirilmişdir. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/4798 nömrəli ekspert rəyi lə müəyyən olunur ki, 027364 nömrəli qaimə faktura nəzərə alındığı təqdirdə iddiaçı cəmiyyət tərəfindən cavabdehə dəyəri 43383,60 manat olan 53190 lt məhsul təhvil verilmiş, 38945,80 manat borc ödənilmiş, 4437,80 manat ödənilməmiş borc qalmışdır. 027364 nömrəli qaimə faktura nəzərə alınmadığı təqdirdə iddiaçı cəmiyyət tərəfindən cavabdehə dəyəri 39868,20 manat olan 49005 lt məhsul təhvil verilmiş, 38945,80 manat ödənilmiş, 922,40 manat ödənilməmiş borc qalmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, ekspert rəyi ilə qismən razıdır, 922,40 manat borcu etiraf edir. Qalan hissədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qaimə-fakturalar, ekspert rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli S\2019\12\42 nömrəli müqaviləyə əsasən satıcı spesifikasiyası (südün mənşəyi, yağlılıq dərəcəsi, proteini, turşuluğu və s.) təbii inək südünü xüsusi süd daşıyan avtomaşının həcminə uyğun olaraq minimum 4185 lt, maksimum 16100 lt satmağı, alıcı isə aldığı məhsulun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddianın hüquqi əsasını təşkil edən sübut qismində məhkəməyə təqdim edilmiş 027364 nömrəli qaimə-fakturanın tarixində qaralama olduğundan və cavabdeh qaiməfakturadakı imzanın ona məxsus olmadığını bildirdiyindən araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 4/959 nömrəli və xx.xx.2020-ci il tarixli 5/821 nömrəli ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 027364 nömrəli qaimə fakturada “təhvil aldım” qrafasındakı imza Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda həmin qaimə-fakturanın tarix göstəricisindəki Yanvar sözünün yerində Dekabrsözü olub, 20rəqəminin yerində “19” rəqəmi olub, sonradan üzərinə əlavə cizgilər artırılmaqla indiki vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizasının rəyləri nəzərə alınmaqla 027364 nömrəli qaimə-fakturadakı “təhvil aldım” sözlərinin qarşısındakı imza cavabdeh cəmiyyətin direktoru Nümayəndə1 tərəfindən icra edilmədiyindən, eyni zamanda qaimə-faktura əslində xx.xx.2019-cu il tarixdə, yəni tərəflər arasında müqavilə bağlanmazdan əvvəlki tarixdə tərtib edildiyindən, sonradan fakturanın tarixinə düzəliş edildiyindən 027364 nömrəli qaimə-faktura sübut kimi qəbul edilə və həmin qaimə-fakturadakı malların dəyəri kimi göstərilən məbləğ hazırkı mübahisə üzrə borc məbləği kimi hesablana bilməz. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 027364 nömrəli qaiməfaktura sübut kimi nəzərə alınmadığından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/4798 nömrəli ekspert rəyi ilə 027364 nömrəli qaimə faktura nəzərə alınmadığı təqdirdə cavabdehin 922,40 manat ödənilməmiş borcunun qalması müəyyən edildiyindən, iddia qismən təmin edilməli, ekspert rəyi nəzərə alınmaqla 922,40 manat borc cavabdehdən tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödədiyi 30 manat dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda ekspertlərə ödənilməli olan 138 manat, 61,52 manat və 100 manat olmaqla cəmi 299,52 manat haqqın dəyəri tərəflərdən müştərək qaydada tutularaq aidiyyəti üzrə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Qalib-2008 X1 Təsərrüfatı” MMC-dən 922,40 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 138 manat, 100 manat və 61,52 manat olmaqla cəmi 299,52 manat ekspertiza xərclərinin 149,76 manat hissəsi İddiaçı MMC-dən, qalan 149,76 manat hissəsi cavabdeh “Qalib-2008 X1 Təsərrüfatı” MMC-dən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-4/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-4/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver