Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-40/2024 25.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 1901,29 manat cərimə məbləğinin, xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3174 manat gecikdirilmiş borcun və hesablanmış 6178,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə (Güzəşt) əsasən lizinq verən ümumi dəyəri 51820 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə (Güzəşt) əsasən lizinq verən ümumi dəyəri 15940 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə 16174 manat gecikdirilmiş borcu və 6178,25 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə 4390 manat gecikdirilmiş borcu və 1901,29 manat cərimə borcu olmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 14000 manat, xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli və xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4310 manat gecikdirilmiş borcu və hesablanmış 1901,29 manat cərimə məbləğini, eləcə də xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə yaranmış 16174 manat gecikdirilmiş borcu və hesablanmış 6178,25 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuş və bildirilmişdir ki, kommersiya mübahisəsi məhkəmənin icraatında olduğu zaman ərzində cavabdeh müxtəlif vaxtlarda müxtəlif həcmdə olmaqla, ümumilikdə 395-GL/17 nömrəli müqavilə üzrə 5100 manat (həmin məbləğin 4310 manat hissəsi iddia tələbi üzrə əsas borc öhdəliyinə, digər hissəsi isə cavabdehin növbəti dövrlərə nəzərdə tutulmuş qrafik ödənişi üzrə əsas borcuna yönəldilməklə, 984-GL/16 nömrəli müqavilə üzrə isə 13000 manat (tam şəkildə iddia tələbi üzrə əsas borc öhdəliyinə yönəldilməklə) məbləğində ödəniş etmişdir. Bu səbəbdən xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 1901,29 manat cərimə məbləğini, eləcə də xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3174 manat gecikdirilmiş borcu və hesablanmış 6178,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iki müqavilə üzrə "xxxx" ASCdən bir ədəd traktor və bir ədəd kombayn götürmüşdür. Müəyyən qədər ödənişlər etmiş, lakin gecikmələri olmuşdur. Müqavilələrin müddəti hələ bitməmişdir. Növbəti aylarda qalan borcunu ödəyəcəkdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğunu nəzərə alınmaqla məhkəmə iclasının xx.xx.2024-cü il tarixə təxirə salınmasını xahiş etmişdir. İddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsinə dair məhkəməyə sübut təqdim edimədiyindən və bununla da sonuncunun məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsinin səbəblərini üzürsüz sayan məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli lizinq müqaviləsi, xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli lizinq müqaviləsi, Müqavilələrə 1 nömrəli Əlavələr, Ödəniş qrafikləri, Maliyyə arayışları, Ödəniş qəbzləri və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə (Güzəşt) əsasən lizinq verən ümumi dəyəri 51820 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə (Güzəşt) əsasən lizinq verən ümumi dəyəri 15940 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımıca icra etməmiş və onun xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə 16174 manat gecikdirilmiş borcu və 6178,25 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə 4390 manat gecikdirilmiş borcu və 1901,29 manat cərimə borcu olmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 14000 manat, xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş edilmiş və nəticədə xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4310 manat əsas borc tam ödənildiyindən cavabdehin həmin müqavilə üzrə ödənilməli əsas borcu qalmamış, xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə ödənilməmiş 3174 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin müqavilə üzrə 3174 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə yaranmış 6178,25 manat və xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1901,29 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetlərindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.1.5-ci bəndlərinə əsasən lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci bəndi isə müqavilə şərtlərinin pozulması nəticəsində lizinq alanın yazılı surətdə xəbərdarlıq edilməsini, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, lizinq obyektinin geri götürülməsini, ödənilmiş pulun saxlanılmasını, qrafik üzrə borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrin şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafiklər üzrə ödənişin bir dəfə aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini, hazırki vaxtda buir müqavilə üzrə əsas borca münasibətdə öhdəliyini icra etdiyini, digər müqavilə üzrə borcun çox hissəsinin ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli nömrəli müqavilə üzrə 50 manat cərimə, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə isə 30 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Bundan başqa məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, məhkəmə araşdırması zamanı ödənilmiş vəsaiti nəzərə alaraq iddia həcminin azaldılmasına təşəbbüs göstərdiyini nəzərə alaraq hesab edir ki, tələb olunan məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc kimi 500 manat deyil, 150 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (11253,54 manat) ödənilməli dövlət rüsumu 123,76 manat olmalıdır. Həmin qanunun 9.1.14-cü bəndinə əsaən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi qismən təmin edildiyindən ödənilməli 123,76 manat dövlət rüsumunun 87,97 manat hissəsi iddiaçıdan, 35,79 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki iddia tələbi üzrə iddiaçı – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi büdcə təşkilatı olduğu üçün rüsumdan azad edildiyindən onun tərəfindən dövlət büdcəsinə ödənilməli olan 87,97 manat dövlət rüsumu tutulmamalıdır. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə 3174 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə 30 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 150 manat pul və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 35,79 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-40/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-40/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver