Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-41/2023 23.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “”Akkord Nəqliyyat” MMC-nin dövlət büdcəsinə olan 566147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16856,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4893,12 manat, İşsizlikdən Sığorta Fonduna olan 1151,2 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan "xxxx" MMC öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 566147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 16856,66 manat, İcbari Tibbi Sığorta Fonduna 4893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1151,2 manat borcu yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin dövlət büdcəsinə 566147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 16856,66 manat, İcbari Tibbi Sığorta Fonduna 4893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1151,2 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən şikayətinə baxılmış, şikayətin araşdırılması üçün əlavə vaxta ehtiyac olduğu bildirilmişdir. Vergi orqanının göstərdiyi borclardan üç istiqamətdə borcunu ödədiyini, kameral yoxlama borclarının qaldığını bidirmişdir. Vergi orqanı kameral yoxlamanı sadələşmiş qaydada hesablamalı olduğu halda səhvən ƏDV ödəyicisi kimi hesablamışdır. Əslində vergiyə borcu olmadığını, vergi orqanının bununla bağlı qərarından şikayət verdiyini, vergi orqanı tərəfindən həmin şikayətə 1 ay ərzində baxılmalı olduğu halda, araşdırmanın 1 ay ərzində yekunlaşmadığını və hələ də davam etdiyi və bu səbəbdən borcun silinmədiyini bildirmişdir. Bununla bağlı vergi orqanının onlara ünvanladığı məktubu elektron kabinetlə göndərmiş, bir neçə dəfə bu hal baş vermiş və vergi orqanı şikayəti araşdırdıqdan sonra kameral yoxlama səhv qaydada hesablandığı üçün borclar onların adından silinmişdir. Ölkədən çıxışına qadağa qoyulmasını istəmədiyini, oğlunun xəstəliyi lə əlaqadər mütəmadi olaraq Türkiyəyə gedib-gəldiyini qeyd etmişdir. 2019-cu ildə ilk dəfə Türkiyəyə müayinəyə getmişlər, müayinənin nəticəsinə əsasən uşağa “peli-miqdermit, yəni genetik silinmə sindromu” diaqnozu qoyulmuşdur. Diaqnozun dəqiqləşdirilməsi üçün analizlər X1 da göndərilmiş, nəticədə eyni diaqnoz qoyulmuşdur. Uşaq daim nəzarət altında olmalıdır. Bu cür genetik xəstəliyin dünyada çox nadir görülən və dünya əhalisi üzrə təxmini 200-300 insanda görülən xəstəlik olduğunu və xəstəliyin Azərbaycanda müalicəsinin olmadığını, ancaq Türkiyədə müalicə oluna biləcəyini bildirmişdir. 2020-ci ildə oğlunu ikinci dəfə Türkiyəyə aparmış və daha sonra türkiyəli professor həkim Burak Tatlı Azərbaycana gəlmiş, o, burda olduğu vaxt uşağı yanına aparmış, sonradan pandemiya dövrü olduğu üçün Türkiyəyə apara bilməmiş, həkimin onlayn formada müalicələr təyin etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən müalicə üçün Türkiyəyə getməli olduqlarından, övladının səhhəti ilə əlaqədar xaricə gedə bilmələri üçün və iş üzrə vergi orqanında araşdırma getməsi səbəbindən ölkədən çıxışlarına qadağa qoyulmamasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Tərəflər elektron qaydada materialları məhkəməyə təqdim etmişlər. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq, digər sənədlər, həmçinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri, xəstəlik diaqnozları, maraqlı şəxsin ailə üzvlərinin pasportları və digr aidiyyəti sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-5.2.2-ci maddəsinə əsasən, sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi siğorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan "xxxx" MMC öhdəliklərini yerinə yetirmədiyindən dövlət büdcəsinə 566147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 16856,66 manat, İcbari Tibbi Sığorta Fonduna 4893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1151,2 manat borcu vardır. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, hazırkı iş məhkəmənin icraatına daxil olduğu xx.xx.2022-ci il tarixdən sonra "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli **********52483542AS saylı sərəncamın icrası üçün 12529,56 manat İri Sığortaedənlər İdarəsinə, xx.xx.2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına 4900 manat, Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 1160 manat və 4500 manat ödəniş edilmişdir. Vergi Orqannın xx.xx.2022-ci il tarixli **********881800 nömrəli məktubunda qeyd edilən borcların mövcud olduğunu bildirmişdir. Lakin ümumi məlum olan faktiki vəziyyət odur ki, dövlət büdcəsinə edilən vergi və digər ödənişlər ödənildiyi gündən ən azı 2 gün sonra müvafiq elektron sistemə daxil edilir. Qeyd edilən ödənişlər xx.xx.2022ci il tarixdə edilmiş, məhkəmənin məktubuna isə xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Məhkəmə tərəfindən bununla bağlı vergi idarəsinə təkrarən xx.xx.2023-cü il tarixdə borcların dəqiqləşdirilməsi məqsədilə müraciət ünvanlanmış, vergi orqanı tərəfindən araşdırılmanın davam etdiyi və nəticəsi barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə cavab veriləcəyi qeyd edilsə də, borcun olub-olmamasına hazırkı vaxta kimi hər hansı münasibət bildirilməmişdir. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Xidmətinə şikayətlə müraciət edərək ona hesablanmış vergi borcunun təqdim etdiyi sənədlər nəzərə alınmaqla azaldılması xahiş edilmiş, müraciətlərə cavab olaraq müvafiq araşdırma aparıldığını və nəticəsi barədə məlumatın veriləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə 3 məhkəmə baxışı keçirilmiş, vergi ödəyicisi tərəfindən icbari tibbi sığorta, işsizlikdən sığorta və sosisal sığorta borcları ödənilsə də, vergi borcunun əsassız hesablanması ilə bağlı vergi orqanında araşdırma aparılması səbəbindən vergi borcunun mövcud olması ilə bağlı məsələ vergi orqanı tərəfindən tam aydınlaşdırılmamışdır. Bu səbəbdən qanunvericiliyin tələbinə görə məhkəmə baxışının təkrar təirə salınması mümkün deyildir. Eyni zamanda, həmin vergi borcunun həqiqətən mövcudluğunu müəyyən etmək mümkün deyildir. Bundan əlavə maraqlı şəxsin uşağı-oğlu –xx.xx.2015-ci il təvəllüdlü İlham Məmməd- Bağırovda xroniki xəstəlik olan “Phelan-Mcdermid sindromu” aşkar edilmişdir ki, həmin xəstəliyə cavabdeh tərəfindən təqdim edilmiş Türkiyənin “X4 Tanı Mərkəzi” xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışı, Amerikanın “X5” xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışı ilə Phelan-Mcdermid Syndrome və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarış ilə mərkəzi sinir sisteminin degenerativ xəstəliyi adı altında diaqnoz qoyulmuşdur. Bununla əlaqədar olaraq maraqlı şəxs həyat yoldaşı və xəstə uşağı ilə birgə xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə İstanbula getmiş və müvafiq olaraq xx.xx.2019cu il, xx.xx.2020-ci il tarixlərdə Azərbaycana qayıtmışdır. İş materiallarına əlavə olunmuş yazışmalardan və reseptlərdən aydın olur ki, xx.xx.2015-ci il təvəllüdlü İlham Məmmədbağırov 28 mart 2023-cü il tarixində professor çocuk sağlığı və hastalıkları uzmanı Burak Tatlı tərəfindən müayinə olunmalıdır və bunun üçün TC İstanbul şhərinə getməlidir. Odur ki, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən tibbi rəy, vətəndaşların pasportunun (özü, arvadı və uşağın pasportu) surətindən və müayinə sənədlərdən müəyyən edilir ki, iş üzrə maraqlı şəxsin oğlu xx.xx.2015-ci il təvəllüdlü İlham Məmmədbağırov xroniki xəstəlikdən əziyyət çəkir, o uşağın xəstəliyi ilə əlaqədar mütəmadi olaraq xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə Türkiyə Respublikasına müayinə və müalicə üçün getmişdir. Eyni zamanda, maraqlı şəxsə məxsus Azərbaycan Respublikası vətəndaşlarının C00926865 (C02763098 və C********) nömrəli Pasportlarında qeyd edilən ölkədən çıxış və daxil olma haqqında qeydlərlə tibbi rəy və müayinə sənədlərində olan müddətlər üst-üstə düşür. Məhkəmə belə vəziyyətdə şəxsin yaşamaq və sağlamlıq hüququnun, onun dövlət vergilərini ödəmək vəzifəsinin icrası baxımından ədalətli tarazlılığının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 27-ci maddəsinə görə hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə belə vəziyyətdə maraqlı şəxsin övladının yaşamaq hüququnun və sağlamlığının qorunmasının hüququnun təminatı baxımından onun övladının ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə almaya bilməz. Düzdür dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri ödəmək hər bir şəxsin borcudur və bu konstitusion prinsipdir, bu vəzifə heç bir hada istisna edilə bilməz. Hazırkı vəziyyətdə isə maraqlı şəxsin azyaşlı övladının Konstitusiyada göstərilən vəzifələrinin icrası üçün yaşamaq hüququnun və sağlamlığının qorunması hüququnun təminatı daha zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Konsttusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin, həmçinin fiziki şəxs olaraq onun icra orqanının rəhbəri olan Maraqlı şəxs dövlət büdcəsinə olan vergi və sığorta borcu ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması azyaşlı övladının hüquqlarının, onun qanuni maraqlarının və bu sahədə dövlətin maraqlalının təminatı baxımından qanuni və ədalətli hesab edilmədiyindən ərizə təmin edilməməlidir. Ərizə rədd edildiyindən, ərizəçi isə dövlət orqanı olmaqla dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin dövlət büdcəsinə olan 566147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16856,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4893,12 manat, İşsizlikdən Sığorta Fonduna olan 1151,2 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-41/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-41/2023
23.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver