Məhkəmə qərarları › İş №e-2-2(117)-417/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-417/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-417/2020 28.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “2609,84 manat pulun, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsi nəticəsində dəymiş 469 manat olmaqla ümumilikdə 3079,61 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ ASC ilə cavabdeh X3 arasında bağlanmış avans məbləğinin ödənilməsinə dair xx.xx.2017-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən cəmiyyət 10010 manat məbləğində avansı istehsalçının bank hesabına köçürməyi, istehsalçı isə mülkiyyətində və icarə müqaviləsi əsasında istifadəsində olan Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 5 ha torpaq sahəsində əkdiyi qarabaşaq və götürəcəyi 14 ton məhsulu, 1 ha torpaq sahəsində lobya və götürəcəyi 7,1 ton məhsulu cəmiyyətə ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini həmin dövr üçün topdansatış bazar qiymətlərinə uyğun müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin 8.3-cü bəndinə əsasən istehsalçı öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə cəmiyyətə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Cəmiyyət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2018-ci il tarixdə 10010 manat vəsaiti cavabdehin hesabına ödəmiş, cavabdeh öhdəliklərini tam icra etməyərək xx.xx.2018-ci il tarixdə dəyəri 2000,16 manat olan məhsulu (kartof) cəmiyyətə təhvil vermiş, habelə cəmiyyətin hesabına xx.xx.2018-ci il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1900 manat və xx.xx.2019-cu il tarixdə 500 manat olmaqla ümumilikdə 5400 manat məbləğində pul ödəmişdir. Cavabdehin 10010 manat avans üzrə cəmiyyətə ödənilməmiş 2609,84 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırki iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək 2 (iki) adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 14 ton qarabaşaq və 7,1 ton lobya məhsullarının xx xxxxxx 2018-ci il tarixədək Cəmiyyətə satılmasını öz öhdəsinə götürmüşdür. Bunun üçün Cəmiyyətin alınacaq məhsulun dəyərinin 25%-dək avans məbləğinin, yəni 10 010 (on min on) manat məbləğində avansın X2 ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında 2 (iki) adda kənd təsərrüfatı məhsulunun istehsalına dair xx xxxxxx 2017-ci il tarixli, 141 saylı avans müqaviləsi bağlanaraq imzalanılmışdır. Borclu, X3 avans müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, avans məbləğini vaxtında geri qaytarmamışdır. Borclu götürülən avansın 5 400 (beş min dörd yüz) manatını Cəmiyyətə geri qaytarmışdır. Həmçinin müqavilə bağlanılan vaxtdan hal-hazırki günə qədər 2000,16 (iki min manat on altı qəpik) manat dəyərində Cəmiyyətə mal təqdim etmişdir. Hazırda borclunun Cəmiyyətə ödənilməmiş pul öhdəliyi 2 609,84 (iki min altı yüz doqquz manat səksən dörd qəpik) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qaimə-faktura, ödəniş tapşırıqları və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ ASC ilə cavabdeh X3 arasında bağlanmış avans məbləğinin ödənilməsinə dair xx.xx.2017-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən cəmiyyət 10010 manat məbləğində avansı istehsalçının bank hesabına köçürməyi, istehsalçı isə mülkiyyətində və icarə müqaviləsi əsasında istifadəsində olan Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 5 ha torpaq sahəsində əkdiyi qarabaşaq və götürəcəyi 14 ton məhsulu, 1 ha torpaq sahəsində lobya və götürəcəyi 7,1 ton məhsulu cəmiyyətə ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini həmin dövr üçün topdansatış bazar qiymətlərinə uyğun müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. Cəmiyyət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2018-ci il tarixdə 10010 manat vəsaiti cavabdehin hesabına ödəmiş, cavabdeh öhdəliklərini tam icra etməyərək 10010 manat avans üzrə cəmiyyətə ödənilməmiş 2609,84 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində təmin edilməlidir. Bundan başqa, məhkəmə cəmiyyətə dəymiş 469 manat zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 21.2, 443.1, 443.2). Hazırkı iş üzrə iddiaçı 469 manat məbləğində zərərin cavabdehin öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi nəticəsində yaranması ilə əsaslandırır. Halbuki zərərin nədən ibarət olması, hansı qaydada hesablanması və məbləği barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas borca münasibətdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2609,84 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar