Məhkəmə qərarları › İş №e-2-2(117)-417/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-417/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-417/2025 30.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2022-ci il tarixli, 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 20900 manat əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 153 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetolojiavadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 26 iyul 2022-ci il tarixində 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı MMC Diolasheer ice 1600 cihazını alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərtilə təhvil verməyi, alıcı isə onu qəbul etməyi və onun dəyərini razılaşdırılmış formada hissə-hissə satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan malların ümumi satış dəyəri 27,000 manat olaraq razılaşdırılmışdır və bu məbləğdən 5,000 manatı elə müqavilə imzalanan zaman alıcı tərəfindən satıcıya ilkin ödəniş olaraq ödənilmişdir. Qalıq 22,000 manat məbləğin isə 24 aylıq ödəniş qrafiki Müqavilənin 1.3-cü bəndində öz əksini tapmışdır. İlkin ödənişin ardından satıcı tərəfindən yalnız qrafik üzrə ilk 2 ayın ödəniş məbləği həyata keçirilmişdir. 2 ay üzrə ümumi ödəniş məbləği aylıq ödənişin 550 manat olduğu üçün 1100 manat təşkil etmişdir. Beləlikə, alıcı Cavabdeh Müqavilə üzrə ödəməli olduğu 27,000 manat məbləğindən ilkin ödəniş kimi 5,000 manat və aylıq ödənişlər (2 ay) şəklində 1100 manat ödəməklə, ümumilikdə satıcıya 6100 manat ödəniş həyata keçirmişdir. Belə olan təqdirdə alıcının satıcıya Müqavilə üzrə hal-hazırda 20900 (iyirmi min doqquz yüz) manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən sonuncu ödənişin həyata keçirilməsindən (vaxtı çatmış öhdəliyin icra edilməməsindən) artıq 2 ildən çox müddət keçməkdədir. Onun tərəfindən müvafiq ay üzrə ödənişin edilməməsindən sonra onunla ödənişin edilməsinin zərurəti ilə bağlı danışıqlar aparılmışdır. Sonuncu dəfə Cavabdeh xx.xx.2025-ci il tarixində pretenziya məktubu da göndərilərək gecikdiriliş ödənişləri həyata keçirməsi üçün əlavə 3 gün vaxt verilmiş və buna əməl etməyəcəyi təqdirdə isə artıq onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin bütün bu cəhdlər nəticəsiz qalmışdır.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə müraciət edərək, "Azcosmetics” MMC-dən 4100 manat maddi zərərin, ödənilmiş 100 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2022-ci il tarixli, 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 20 900 manat əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 153 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli, 4650 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-dən ümumi dəyəri 27000 (iyirmi yeddi min) manat olmaqla "Dıolasheer İce 1600” adlı avadanlığını almışdır. Qeyd olunan malın dəyərinin 5000 (beş min) manat hissəsini ilkin ödəniş qismində müqavilə bağlanan zaman ödəmiş, malın qalıq məbləğini, yəni 22000 (iyirmi iki min) manatı isə xx.xx.2022-ci il tarixli müqavilənin 1 -ci maddəsində qeyd olunan qrafikə əsasən 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə İddiaçı MMC-yə bugünki tarixə olan borcu 4000 (dörd min) manat təşkil edir. Belə ki, o, 26 iyul 2022-ci il tarixli', 4650 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə pulu İddiaçı MMC-nin təsisçisi və direktoru olan Nümayəndə dediyi qaydada onun bank hesabına ödəmişdir. Bu barədə qəbzləri və “WhatsApp” yazışmalarını məhkəməyə təqdim etmişdir. Bundan əlavə 2025-ci ilin fevral ayının əvvəllərində həmin avadanlıqda nasazlıq olmuş, avadanlıq öz işləkliyini itirmişdir. Buna görə də avadanlığa baxış keçirilməsi üçün onu “Azcosmetics" MMC-nin servis şöbəsinə təhvil vermiş, avadanlığın təmiri zamanı servis şöbəsinin əməkdaşlarının gördüyü işi video görüntüyə almışdır. Servis şöbəsi tərəfindən aparat yoxlanıldıqdan sonra ona avadanlığın proqram təminatının nasaz vəziyyətdə olduğunu bildirdilər. Avadanlığı 15 gün ərzində "Azcosmetics” MMC-nin servis şöbəsində qalmış və bu müddət ərzində o, müştərilərə heç bir xidmət göstərə bilməmişdir. Belə ki, avadanlığını Azcosmeticsin servis xidməti təmir edə bilmədiyini görüb aparatını İddiaçı MMC -nin servis xidmətindən götürərək "X1" MMCnin servis şöbəsinə təhvil vermişdirş Burada aparata baxış zamanı ona proqram təminatında heç bir problem olmadığını, ekranın nasaz vəziyyətə salındığını bildirmişlər. Halbuki o, avadanlığını Azcosmetics MMC-yə təmir üçün təhvil verəndə ekran işlək vəziyyətdə idi. Daha sonra "X1" MMC-nin servis xidməti tərəfindən aparatın ekran hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur və avadanlıq tam işlək vəziyyətə gətirilmişdir. Buna görə də "X1" MMC-yə 2000 manat məbləğində xidmət haqqı ödəmişdir. Eyni zamanda avadanlığın təmiri səbəbilə Şəki rayonundan Bakıya gəldiyi üçün yol xərci və burada qalmaq xərcləri ona 600 manata başa gəlmişdir. Odur ki, məcəllənin tələblərinə uyğun olaraq avadanlığı 15 gün işlək vəziyyətdə işlək olmadığına görə itirdiyi müştəri sayına əsasən əldə edə bilmədiyi gəlir, 1500 manat olmuşdur. Belə ki, 1500 manatlıq zərər əldən çıxmış fayda olaraq dəyərləndirilməlidir. Çünki avadanlığın işləməməsı səbəbindən onun bu dövr ərzində əldə edəcəyi gəlir itmiş olur və bu da zərər hesab edilir. Buna görə də ona vurulmuş ziyanın yəni 4100 manatın ona ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdeh "Azcosmetics” MMC-yə müraciət etsə də hal-hazıradək həmin maddi ziyan ona ödənilməmiş, əksinə hazırkı iş üzrə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. 4.İlkin iddia üzrə İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin iddia ərizəsində cavabdeh müqavilə üzrə iddiaçı şirkətə 20900 manat məbləğində qalıq (ümumi satış qiyməti 27000 manat) borcunun olduğunu qeyd edilərək iddia qaydasında tələb edilmişdir. Cavabdeh öz qarşılıqlı iddia ərizəsində iddia edir ki, onun şirkətə olan qalıq borcu cəmi 4000 manatdır. Yəni başqa sözlə o, şirkətin ondan əsassız olaraq əlavə 16 900 manat tələb etməsini bildirir və bu “əsassız” tələbin əsassız olmasını sübut edəcək yeganə sənəd forması olan ödəniş sənədlərini (qəbz və s.) məhkəməyə təqdim edəcəyini bildirərək xx.xx.2025-ci il tarixində qəbz sənədlərini (9 səhifə) elektron sistemə yükləyir. Əlavə edilən sənədlərə əsasən ümumilikdə 3 900 AZN pul vəsatinin maskalanmış bank kartına göndərilməsi görünür. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh 16 900 AZN-lik ödənişi sübut etməli olduğu halda cəmi 3 900 AZN məbləğində qəbz (30.09.24 tarixli qəbz iki dəfə yüklənmişdir) yükləmişdir. Bu sənədlərin heç bir əsili məhkəməyə təqdim edilməmişdir. Digər ən vacib bir məsələ isə, bu sənədlər üzrə ödənişlərin heç birində ödəyicinin adı görünmür. Bu isə o deməkdir ki, əksi sübut olunana qədər bu sənədlər cavabdeh tərəfindən ödənilmiş kimi qəbzlər kimi qiymətləndirilə bilməz. Təsadüfi deyildir ki, AzCosmetics MMC-nin ən böyük müştəri quruplarından birini Şəki-Balakən-Zaqatala regionu təşkil edir. Bu baxımdan Şəki üzrə kifayət qədər məhkəməyə verilmiş müştəriləri də var. Buna görə də Şəki ərazisindən ödənilmiş bu ödənişlərin digər ödəyicilərlə pis niyyətlə əlaqə girərək əldə edilməsi və məhkəməyə öz adından təqdim olunması ehtimalı vardır. Başqa sözlə iddia edilən bu ödənişin kim tərəfindən edildiyi bilinmir. Əgər iddia edilən 3 900 manat ödənişin həqiqətən həyata keçirildiyi və məhz cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə ödənildiyi sübuta yetirilərsə bu halda öz iddiasını həmin miqdarda (3 900) azaltmağa hazırdır. Cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsi isə ümumiyyətlə absurd və əsassızdır. Mal təhvil aldıqdan 3 il sonra yaranmış bir problemə görə satıcı şirkətin günahkar görülməsi sadəcə əsassızdır. Eyni məntiqlə bununla əlaqəli iddia edilən qalmaq xərcləri və əldən çıxmış fayda tələbləri də (heç biri sübut olunmur) təmin olunmamalıdır.

5. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, lazer aparatını İddiaçı MMC-dən ilkin ödəniş etməklə nisyə almışdır. Həmin aparatı işlətdiyi 2-ci ildə ekranında problem yarandı. Müqaviləyə əsasən lazer aparatının 1 il zəmanət müddəti var idi. Lakin zəmanət müddəti qurtardıqdan sonra 2-ci ilində problem oldu. Ekran açılmırdı, ekrana kod gəlirdi. Aparatı həmin şirkətə aparıb ki, ödənişli olaraq təmir etsinlər. Lakin aparatın ekranı açılmadı və işləmədi. Aparatı başqa şirkətə aparıb təmir etdirib. Əgər İddiaçı MMC-yə ödəniş etməmişdirsə, aparatı ora aparanda əlindən alardılar. İddiaçı tərəfin dedikləri yalandır. İddiaçıya borclu olduğu 27000 manat puldan 5000 manatı əvvəlcədən ödəyib. Sonra 19000 manat pul ödəyib. Onlara 4000 manat borcu var. Həmin borcu da ona dəymiş ziyanın əvəzində ödəsinlər. Qarşı tərəf deyirki onlara borcu ödəməyib. Əgər ödəniş etməyibsə, qarşı tərəf sübut etsin. Borcu qəbul etmir və qarşılıqlı iddianı müdafiə edir.

6. Məhkəmənin əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə ilkin iddiaya uyğun izahat verərək bildirmişdir ki, caavbdeh ona məxsus lazer avadanlığını müqavilə əsasında əldə edib, lakin müqavilə şərtlərinə əməl edərək borcunu tam şəkildə ödəməmişdir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərini qəbul etmir, onlar başqa ödəyicilərin qəbzləri ola bilər. Qarşlıqlı iddiaya münasibətdə bildirdi ki, müqavilə üzrə lazer aparatının zəmanət müddəti bitib, sonradan aparatda yaranmış nasazlığa görə İddiaçı MMC məsuliyyət daşımır. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməsi, ilkin iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 4650 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satıcı 1 ədəd dəyəri 27000 manat olan “Diolasheer ice 1600” avadanlığının dəyərini xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək, hissəhissə ödəmək şərti ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin əmlakı qəbul edib bu müqavilənin 1.3-cü bəndində göstərinən qrafik üzrə ilkin olaraq 5000 manat ödəniş etmək şərti ilə, birinci və ikinci ay 550 manat, sonra hər ay 950 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən satış obyekti üzrə icraçı alıcıya 1 il zəmanət verir. 8.2.1-ci bəndinə əsasən satış obyektində istehsalat xətası üzrə yaranan problemləri ödənişsiz olaraq aradan qaldırmaq satıcının vəzifəsidir. 8.3.1-ci bəndinə əsasən satış obyektinin alıcıya təhvil sonrası birbaşa və ya dolayı yolla yanlış istifadəsi və ya xarici təsir nəticəsinə yaranan problemlər və satış obyekti üzrə istifadədən asılı olaraq vaxtaşırı dəyişməli olan detallar satış obyekti üzrə zəmanətə daxil deyildir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan təhvil aktından görünür ki, müqavilə üzrə cavabdehə satılan “Diolasheer ice 1600” cihazı, cavabdehə məxsus ünvan 1 ünvanına çatdırılmışdır. Həmin təhvil aktı cavabdeh tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə məxsus “5239 1515 1184 3636” nömrəli kart hesabına cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci l tarxdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla cəmi 3900 manat məbləğində pul köçürülmüşdür.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “təmir olunmuş avadanlığın geri təhvil verilməsi” blankından görünür ki, cavabdehə məxsus “diolasher” avadanlığı, iddiaçı şirkətə məxsus servis xidməti tərəfindən, avadanlıqda olan “ekran problemi, qolun şlankında qüsur” olması səbəbindən təmir edilmiş və həmin təmir xərcləri servis haqqı ilə birgə 2280 manat təşkil etmişdir. Həmin “təmir olunmuş avadanlığın geri təhvil verilməsi” blankı, servis şöbəsinin əməkdaşı və cavabdeh tərəfindən imzalanmışdır.

12. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

13. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qarşılıqlı iddiaçı tərəfindən cavabdehə qarşılıqlı iddiada qeyd olunan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, ilkin iddia üzrə cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ilkin iddia üzrə cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İlkin iddia üzrə iddiaçı alqı-satqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni xx.xx.2022-ci il tarixli müqavilə əsasında 1 ədəd dəyəri “Diolasheer ice 1600” avadanlığını cavabdehə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək avadanlığın qrafik üzrə müəyyən edilmiş qaydada ödənişləri tam icra etməmişdir. Lakin ilkin iddia üzrə iddiaçı cavabdehən 20900 manat pul tələb etsə də, cavabdeh iddiaçıya 3900 manat ödəniş etdiyi barədə qəbzləri məhkəməyə təqdim etmişdir. İlkin iddia üzrə iddiaçı həmin qəbzlərin başqa ödəyicilərə aid olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh daha artıq ödəniş etdiyini bildirmiş, lakin dediklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia tələbini qismən əsaslı olduğundan qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 18100 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməlidir.

18. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.

19. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müqavilə üzrə 2 ildən artıq müddətdə işlətdiyi lazer aparatının başqa bir şirkət tərəfindən təmir olnması nəticəsində yaranmış təmir xərcini İddiaçı MMC-dən tələb etməkdə haqlı olmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən İ.Ramzanovaya satılmış lazer aparatına 1 illik zəmanət verilmiş və həmin aparatın ekranında həmin müddət keçəndən sonra nasazlıq yaranmışdır. Daha sonra Cavabdeh həmin aparatı İddiaçı MMC-yə təmirə aparmış, orada lazer aparatının ekranının sıradan çıxmasını bildirsə də, bu həqiqətə uyğun gəlmir və bu halı təsdiqləyən sübutu da məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin lazerbapartının təmirdə olduğu 15 gün müddətində itirdiyi müştəri sayına əsasən əldə edə bilmədiyi 1500 manat maddi ziyanı və 600 manat yol xərclərini tələb etsə də, onun işlətdiyi lazer aparatının nasazlığına, təmirinin gecikməsinə, eləcə də yol xərclərinə görə İddiaçı MMC-nin təqsirli olması müəyyən edilməmiş və bu barədə də sübutlar məhkəməyə təqdim edilməmişdir.

20. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçınə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 144,3 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməli, qarşılıq iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

25. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 18100 manat məbləğində pul və ödənilmiş 144,3 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilkin iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

26. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 18100 manat məbləğində pul və ödənilmiş 144,3 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar