Məhkəmə qərarları › İş №e-2-2(117)-42/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-42/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-42/2023 24.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X2 qarşı “cavabdehdən 4960 manat əsas borc, 2976 manat dəbbə pulu, dövlət rüsumu qismində ödənilmiş 43 manat, hüquqi yardımla bağlı ödənilmiş 150 manat və 60 manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən 4960 manat əsas borc, 2976 manat dəbbə pulu, dövlət rüsumu qismində ödənilmiş 43 manat, hüquqi yardımla bağlı ödənilmiş 150 manat və 60 manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşması və ödəmə şərtlərinə dair protokoldan görünür ki, cavabdeh tərəfindən 12200 manat məbləğində ödəniş edilmişdir. Malın dəyəri 19200 manat təşkil edir. Cavabdeh 7 ay müddətində aylıq 1000 manat olmaqla 7000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa protokola əsasən alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2%-i məbləğində dəbbə pulu ödəməlidir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 1200 manat dəyərində 1 ədəd G5 Massager AU-A868, 10000 manat dəyərində 1 ədəd Lumex cihazı, 4000 manat dəyərində 1 ədəd Cavism cihazı, 4000 manat dəyərində 1 ədəd X4 cihazı olmaqla, cəmi 19200 manat məbləğində malın razılaşdırılmış sayda və qiymətlərlə, vaxtında və istənilən keyfiyyətdə təhvil-təslimi həyata keçirilmiş və hər iki tərəf bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, 19200 manat məbləğində avadanlıq cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 4960 manat əsas borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, “bu ünvanda yaşamır” qeydi aparılmaqla zərf geri qaytarılmış, həmin məhkəmə bildirişini cavabdehə çatdırmaq üçün sənədlər Göyçay Rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu xx.xx.2023-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri, təhvil-təslim aktı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 1200 manat dəyərində 1 ədəd G5 Massager AU-A868, 10000 manat dəyərində 1 ədəd Lumex cihazı, 4000 manat dəyərində 1 ədəd Cavism cihazı, 4000 manat dəyərində 1 ədəd X4 cihazı olmaqla, cəmi 19200 manat məbləğində malın razılaşdırılmış sayda və qiymətlərlə, vaxtında və istənilən keyfiyyətdə təhvil-təslimi həyata keçirilmiş və hər iki tərəf bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən 19200 manat məbləğində mal alınmış, lakin 12200 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh 7 ay müddətində aylıq 1000 manat olmaqla 7000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, protokola əsasən alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2%-i məbləğində dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 4960 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “2976 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşması və ödəmə şərtlərinə dair protokoluna əsasən alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2%-i məbləğində dəbbə pulu ödəməlidir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 150 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin iş materiallarında hüquqi xidmət üçün 150 manat məbləğində vəsaitin ödənilməsinə dair qəbz olmadığından, həmçinin iş üzrə vəkilin hüquqi xidmət göstərməsi istisna edilə bilmədiyindən hüquqi xidmətə görə 50 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və ədalətli qəbul edilməlidir. Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 99,36 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 65,73 manat dövlət rüsumu cavabdehdən, 33,63 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 60 manat mediasiya xərci 39,69 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20,3 manat iddiaçıya aid edilməlidir. İddiaçı tərəfindən 43 manat dövlət rüsumu ödənildiyindən iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 33,63 manat çıxılmaqla qalan 9,37 iddiaçıya qaytarılmalıdır. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manatın cavabdehə aid 39,69 manat hissəsinin üzərinə iddiaçı tərəfindən artıq ödənilmiş 9,37 manat dövlət rüsumunu əlavə etməklə 49,06 manat pulu cavabdehdən tutub iddiaçıya ödəməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4960 manat borc, 200 manat cərimə borcu, 50 manat hüquqi xidmət haqqı, 49,06 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli 56,36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar