Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-430/2020 11.11.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı və ya İddiaçı ASC) cavabdeh X2 (bundan sonra mətndə cavabdeh və ya E.Baxışov) qarşı “cavabdehdən 23999 manat əsas borc, 1199,95 manat zərər olmaqla, cəmi 25198,95 manat pulun 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə E.Baxışov (istehsalçı) arasında xx.xx.2017-ci il tarixli 140 nömrəli kənd təsərrüfatı məhsullarının istehsalçısı arasında bağlanılan avans məbləğinin ödənilməsinə dair müqavilə bağlanmış, İddiaçı ASC istehsalçının bank hesabına 49999 manat avans köçürməyi, istehsalçı isə icarə müqaviləsi əsasında istifadəsində olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 10 ha torpaq sahəsində əkdiyi lobya və götürəcəyi 19 ton məhsulu, Qəbələ rayonu Böyük Əmili kəndində və Qəbələ rayonu Tüntül kəndində yerləşən 38 ha torpaq sahəsində əkdiyi qarabaşaq və götürəcəyi 76 ton məhsulu cəmiyyətə ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini həmin dövr üçün topdansatış bazar qiymətlərinə uyğun müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə 49999 manat məbləğində avans verilmiş, borclu götürülən avansın 5000 manatını xx.xx.2018-ci il tarixdə qaytarmış, müqavilə bağlanılan vaxtdan hal-hazıradək 21000 manat dəyərində mal təqdim etmişdir. Hazırda borclunun 23999 manat məbləğində borcu mövcuddur. Odur ki, həmin borc məbləğinin və müqavilə üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi nəticəsində dəymiş 1199,95 manat məbləğində zərərrin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh E.Baxışov xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında və verdiyi vəsatətində borcunu etiraf edərək bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən onun 23999 manat borcu mövcuddur. Lakin həmin avans məbləğinin becərdiyi kənd təsərrüfatı malları ilə əvəzləşdirilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək ölkədə tətbiq edilən karantin rejimini nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh E.Baxışov xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirak olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2017-ci il tarixli 140 nömrəli müqavilə, hesab kartı, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı ASC ilə E.Baxışov (istehsalçı) arasında xx.xx.2017-ci il tarixli 140 nömrəli kənd təsərrüfatı məhsullarının istehsalçısı arasında bağlanılan avans məbləğinin ödənilməsinə dair müqavilə bağlanmış, həmin müqavilənin 2.2-ci bəndinə əsasən, İddiaçı ASC istehsalçının bank hesabına 49999 manat avans köçürməyi, 5.1-ci bəndinə əsasən, istehsalçı isə icarə müqaviləsi əsasında istifadəsində olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 10 ha torpaq sahəsində əkdiyi lobya və götürəcəyi 19 ton məhsulu, Qəbələ rayonu Böyük Əmili kəndində və Qəbələ rayonu Tüntül kəndində yerləşən 38 ha torpaq sahəsində əkdiyi qarabaşaq və götürəcəyi 76 ton məhsulu cəmiyyətə ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini həmin dövr üçün topdansatış bazar qiymətlərinə uyğun müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. 49999 manat məbləğində avans məbləği cavabdehin adına açılmış hesaba ödənilmiş, cavabdeh hazırkı müqavilə üzrə iddiaçıya 21000 manat dəyərində mal təqdim etmişdir. Təqdim edilən maliyyə və bank ödəniş sənədlərindən, o cümlədən cavabdehin məhkəməyə ünvanladığı yazılı müraciətlərdən müəyyən edilir ki, onun 23999 manat məbləğində müvafiq kənd təsərrüfatı məhsulları ilə ifadə edilən öhdəliyi icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsinin mahiyyətinə qismən uyğun gələn qarışıq tipli müqavilə münasibətləri mövcuddur. Belə ki, müqavilənin ən çox istifadə olunan növlərindən biri olan podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 752.1-ci maddəsi). Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Bu səbəbdən qeyd edilən müqavilənin məzmununa uyğun olaraq hazırkı münasibətlərə alqı-satqı müqaviləsindən əmələ gələn hüquq normaları da tətbiq edilir. Mülki Məcəllənin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu müqavilədə nəzərdə tutulan müddətdə qaytarmamış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı 23999 manat borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “1199,95 manat məbləğində zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarına əsasən, Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya olan borcunun qaytarılmamasının “qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama” kimi hərəkətlərlə ifadə edilməsi sübut edilmir, cavabdeh iddiaçıya olan borcunu qaytarmasını məhsulun bitməməsi ilə əlaqələndirmiş, iddiaçı tərəf isə bunun əksini sübuta yetirə bilməmişdir. Ona görə də cavabdehin iddiaçının pul vəsaitinin bilərəkdən qanunsuz saxlanılması və onu ödəməkdən boyun qaçırması təsdiq edilmir. Bundan əlavə, qeyd edilən məbləğin müqavilənin icra edilməməsi nəticəsində yaranmış zərər məbləği olaraq müəyyən edilməsi əsasları və hesablanma qaydası sübuta yetirilə bilmədiyindən iddianın həmin hissədə əsaslı və qanuni olması istisna edilir. Bu səbəbdən iddiaçı 1199,95 manat zərərin ödənilməsini tələb edə bilməz və iddia tələbi həmin hissədə əsassızdır. Cavabdehin məhkəməyə ünvanladığı məhkəmə qətnaməsinin tutulacaq borc məbləğinin müvafiq kənd təsərrüfatı məhsulları ilə əvəzləşdrilməsi barədə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisə kənd təsərrüfatı məhsullarının cavabdeh tərəfindən yetişdirilib iddiaçıya satılması ilə bağlı öhdəliyin icra edilməməsi nəticəsində yaranmışdır. Məhkəmə tərəfindən yenidən tutulacaq məbləğin müvafiq kənd təsərrüfatı məhsulları ilə əvəzləşdirilməsi qanuni hesab edilə bilməz, bu hal tərəflərin müqavilə sərbəstliyi və azadlığı prinsiplərinə zidd hesab edilə bilər. Ona görə də hazırkı məhkəmə qətnaməsi qüvvədə qaldığı təqdirdə qeyd edilən halla bağlı tərəflər razılaşa və ya məhkəmə qətnaməsinin icrası qaydasında həmin hala yenidən baxıla bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 28,57 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 1,43 manat ödənilmiş dövlət rüsumu iddiaçı aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh X1 23999 (iyirmi üç min doqquz yüz doxsan doqquz manat) məbləğində pul və 28,57 (iyirmi səkkiz manat əlli yeddi qəpik) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 1,43 (bir manat qırx üç qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-430/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-430/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver