Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-432/2021 26.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “14100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “16000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 09.08.2021-ci il tarixdə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək cavabdeh tərəfindən borcundan 1900 manat ödəniş edildiyini, 14100 manat məbləğində borcun qaldığını bildirmiş, həmin məbləğin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında 05.01.2017-ci il tarixli “Taxta altlıq (Paddon) məhsullarının alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı cavabdehə taxta altlıq (Paddon) məhsullarını verməyi, cavabdeh isə bunun əvəzində müqaviləyə əsasən tərtib olunmuş təhvil aktında müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaimə-fakturalar əsasən müəyyən olunur ki, müqavilədən irəli gələn öhdəliklər üzrə tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, tərəflər öhdəliklərini icra etmişdir. İddiaçı hissi-hissə 151,576 manat dəyərində cavabdehə pul köçürmüş, qarşılığında cavabdehdən 135,576 manat dəyərində mal qəbul etmişdir, cavabdeh ona dəyəri əvvəlcədən iddiaçı tərəfindən ödənilmiş 16000 manat dəyərində malı çatdırmamışdır. Bundan sonra iddiaçı ümumiyyətlə sifarişdən imtina etmiş, cavabdehə son ödənilmiş 16000 manat pulu geri tələb etmişdir. Cavabdeh bu pulu digər müştərilərin sifarişinə xərclədiyini bildirmiş, imkanı olan zaman ən qısa zamanda ödəyəcəyini bildirmişdir, lakin ödəməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 442, , 449.1, 567, 578.1, 600-cü maddələrində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh arasında 05.01.2017-ci il tarixli “Taxta altlıq (Paddon) məhsullarının alqı-satqı müqaviləsi” əsasən, iddiaçı cavabdehə taxta altlıq (Paddon) məhsullarını verməyi, cavabdeh isə bunun əvəzində müqaviləyə əsasən tərtib olunmuş təhvil aktında müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərə əsasən cavabdeh 135,576 manat dəyərində malı iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh 16000 (ödəniş tapşırığı № 000187) manat dəyərində malı iddiaçıya çatdırmamışdır. Bundan sonra iddiaçı ümumiyyətlə sifarişdən imtina etmiş, cavabdehə son ödənilmiş 16000 manat pulu geri tələb etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdehin müqavilə üzrə 1900 manat məbləğində ödəniş etdiyini və 14100 manat borcu qalmışdır. İşin hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı 14100 manat pulun Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 14100 (on dörd min bir yüz) manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-432/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-432/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver