Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-44/2020 12.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “27688 manat əsas borc, 9912 manat cərimə borcu, 1430 manat maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 39060 manat pulun cavabdehdən tutularaq ödənilməsi, müqavilənin ləğv edilməsi və lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə 01-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 107680 manat olan məhsuldarlığı 10000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığı lizinqə götürmüş, həmin məbləği müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qrafikinə əsasən cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımca yerinə yetirməyərək onun həmin tarixə 27688 manat əsas, 9912 manat cərimə borcu olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmiş, lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 107680 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 10768 manat ilkin ödəniş etmiş, qalan məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfərlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, lizinq obyekti olan avadanlıq hazırda əvvəlki lizinqgötürənin təsərrüfatındadır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, lizinq obyekti olan texniki avadanlıq Şəki rayonu ərazisində əvvəlki lizinqgötürənə məxsus təsərrüfatda quraşdırılmışdır. İddiaçı ASC tərəfindən avadanlığın ona təhvil veriləcəyi bildirildiyindən təhvil-təslim aktına imza etmişdir. Buna baxmayaraq avadanlıq hal-hazıradək ona təhvil verilməmişdir. O, əvvəlki lizinqgötürən şəxsi tanıdığından avadanlığı lizinqə götürmüş və həmin avadanlığa görə 24000 manat ödəniş etmişdir. Nə avadanlığın yerləşdiyi binanın dəyərinin ödənilməsi ilə bağlı bina sahibi ilə razılığa gələ bilmədiyindən, nə də bina sökülmədən avadanlığın oradan çıxarılması mümkün olmadığından avadanlıqdan istifadə edə bilməmiş və nəticədə cəmiyyətə ödənişləri dayandırmışdır. Bu səbəbdən cəmiyyətdən avadanlığın əvvəlki lizinqgötürəndən alınaraq ona təhvil verilməsi və ya avadanlıqdan imtina edərək ödədiyi məbləğin ona geri qaytarılmasını tələb edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-cimaddəsinəgörə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan həmin məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq xx.xx.2016cı il tarixd 01-LA/16 nömrəli lizinq müqaviləsinin ödəniş qrafiki üzrə cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 10768 manat ilkin ödəniş etmiş, sonra müxtəlif vaxtlarda 11752 manat ödəmiş və iddiaçıya 27688 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi xx.xx.2016-cı il tarixd 01-LA/16 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış 27688 manat əsas borcun tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.1.5-ci maddəsində tərəflər razılaşmışlar ki, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda liznq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. 5.2-ci bəndində isə lizinq verənə müqavilənin ləğvi, borcun tutulması və lizinq predmetinin qaytarılması ilə bağlı iddia qaldırmaq hüququ verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (Mülki Məcəllə maddə - 748-2.1, 748-2.5). Tərəflər arasında bağlanmış müqavilələrinin 3.1-ci bəndində tərəflər razılaşmışlar ki, lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Göründüyü kimi tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir. Müqavilə ləğv olunduğundan iddiaçı haqlı olaraq əmlakını başqasının sahibliyindən geri tələb edir. Bundan başqa, məhkəmə tələbin 9912 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun cavabdeh ödənişlərini etməmişdir. Cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən 9912 manat deyil, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə tələbin 1430 manat maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 1430 manat maddi ziyanı lizinq obyektinin tərkib hissəsi olan müxtəlif gücə malik 9 ədəd elektrik mühərriki, 500 litr tutumu olan kompressor və 1 ədəd ölçü cihazının yerində aşkar edilməməsi və həmin malların dəyəri olaraq əsaslandırır. Buna baxmayaraq 9 ədəd elektrik mühərriki, 500 litr tutumu olan kompressor və 1 ədəd ölçü cihazının faktiki yerinə aşkar edilməməsi, habelə həmin malların dəyərinin 1430 manat təşkil etməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, lizinqalan lizinq müqavilələri üzrə öhdəliyini yerinə yetirmədiyindən lizinq verənin borc məbləğini, cəriməni tələb etmək və lizinq obyektlərini geri almaq, habelə lizinq müqavilələrinə vaxtından əvvəl xitam vermək hüququ yaranmışdır. Sonda məhkəmə cavabdehin lizinq predmetinin ona təhvil verilməməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin etiraz dəlilləri əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi lizinq predmeti xx.xx.2016-ci il tarixli akta əsasən ona təhvil verilmiş və o, ilkin ödəməli olduğu 10768 manat pulu ödəmişdir. Bundan sonra cavabdeh müxtəlif vaxtlarda ödəniş qrafikinə uyğun 11752 manat ödəmiş etmişdir ki, lizinq predmeti ona faktiki təhvil verilməmiş olsaydı sonuncu ödənişlər olunmazdı. Eyni zamanda lizinq predmetinin harada quraşdırılması da mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, lizinq predmeti lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilər və buna dair tərəflər arasında bağlanmış müqavilədə əks göstəriş mövcud deyildir. Cavabdeh ödəniş qrafikinə uyğun ilkin ödənişi həyata keçirmiş və sonraki ödənişləri də etmişdir ki, onun bu hərəkətləri etiraz dəlillərini istisna edir. Əksini sübut edəcək cavabdehin Aqrolizin ASC-yə ünvanlanmış rəsmi etirazı və sair buna bənzər müraciətləri məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 21,51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8,49 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27688 manat əsas borc, 300 manat cərimə borcu və 21,51 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01-LA/16 nömrəli müqavilə ləğv edilsin. xx.xx.2016-cı il tarixli 01-LA/16 nömrəli müqavilənin predmeti olan məhsuldarlığı 10000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq saz vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 8,49 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-44/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-44/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver