Məhkəmə qərarları › İş №e-2-2(117)-44/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-44/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-44/2024 30.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2416 manat pulun və 60 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “2416 manat pulun və 60 manat dövlət rüsumunun ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4160 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2416,68 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə aktda öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2416,68 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdakı imza ona məxsus olmadığından xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdehə 4160 manat məbləğində işlər görülmüş və avans verilmş, lakin xx.xx.2023-cü il tarixə ödənilməmiş 2416,68 manat borcu qalmışdır. Cavabdehin borcunun olması üzləşmə aktı ilə və digər sənədlərlə təsdiq edilir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı şirkət ilə müqavilə bağlamışlar və onlara məxsus torpaq sahəsində pambıq əkmişlər. Pambığın suvarılması zamanı Su idarəsi tərəfindən səhlənkarlıq edilmiş, sahəyə çoxlu miqdarda su verilmiş, ona görə də sahə batmış və borc məbləği yaranmışdır. Həmçinin, bildirdi ki, xx.xx.2023-cü il tarixli aktdakı imza ona məxsus olsa da, lakin aralıq görülən işlərlə bağlı tərtib edilən aktların bəzilərində aktlar onun tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmış, bəzilərindəki imza isə ümumiyyətlə imzalanmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 2416,68 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı” ilə təsdiq edilir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdakı imza ona məxsus olmadığından xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, malların təqdim edilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini təsdiq edən aralıq aktlarının xeyli hissəsinin Cavabdeh tərəfindən imzalandığı təsdiq edilsə də, bəzi aktlarda Cavabdeh məxsus ad və soyadın qarşısında imza edilməmiş, bəzilərində (3 ədəd aralıq aktında) imza isə ona məxsus olması vizual görüntü ilə şübhə yaradır. Buna baxmayaraq, tərəflər arasında yekun olaraq imzalanmış aktdakı imzanın cavabdehə məxsus olmasını özü də etiraf etmişdir. Məhkəmə yuxarıda qeyd edildiyi kimi imzalanmayan və ya cavabdehə məxsus imzanın olmadığını olan aktları sübut olaraq qiymətləndirmir. Lakin yekun olaraq tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli akta istinad etmək məcburiyyətindədir. Çünki həmin akt tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilənin icrası ilə bağlı tərtib edilmişdir. Məhkəmə bu səbəbdən digər aktlardakı imzanın doğruluğunun yoxlanılması işin yekun həllinə hər hansı bir təsir etmədiyindən əlavə araşdırmaya və ekspertizanın keçirilməsinə lüzum görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM): 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. 79.2. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1). Odur ki, məhkəmə hesab edir ki, 2416,68 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. iddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində vəsaiti cavabdehdən tələb etdiyindən, həmin mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2416,68 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar