Məhkəmə qərarları › İş №e-2-2(117)-445/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-445/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-445/2021 06.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin icraçı direktoru Qanuni nümayəndə, Cavabdeh “X1” ASC-nin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “X1” ASC-yə qarşı “25190,13 manat müqavilə üzrə ödənilmiş pul və 24000 manat vurulmuş ziyan olmaqla, ümumilikdə 49190,13 manat pulun tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh “X1” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “25190,13 manat müqavilə üzrə ödənilmiş pul və 24000 manat vurulmuş ziyan olmaqla, ümumilikdə 49190,13 manat pulun tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatlarında məhkəmənin təklif etdiyi qaydada aralarında barışıq sazişi bağladıqlarını bildirmiş və həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş 06.12.2021-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli ekspert rəyi üzrə tədqiqatın dəyərinin 102 manat məbləğində müəyyən edilmişdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Buna görə də qeyd edilən xərc tərəflərdən bərəbər məbləğdə tutulub Eskpertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin icraçı direktoru Qanuni nümayəndə ilə cavabdeh “X1” ASCnin direktoru Nümayəndə arasında bağlanmış 06.12.2021-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Tərəflər razılaşır ki, 06 mart 2021-ci il tarixədək “X1” ASC tərəfindən tərəflər arasında bağlanmış 07.01.2019-cu il tarixli Müqavilə və Müqaviləyə Əlavənin şərtlərinə uyğun olan çörək sexi üçün elevator və konveyer xəttini, eyni zamanda montaj quraşdırılmasını işini tam yerinə yetirməklə çörək bişirmək üçün tam yararlı vəziyyətdə iddiaçı "xxxx" MMC-yə təhvil vərəcəkdir;

2. Müqavilədə şərtləşdirilmiş məbləğin ödənilməyən hissəsi "xxxx" MMC tərəfindən “X1” ASC-yə iş tam təhvil verildikdən sonra ödəniləcəkdir.

3. “X1” ASC tərəfindən qeyd edilən razılıq icra edilməzsə və ya icradan boyun qaçırılacağı halda iddiaçı tərəfindən ödənilən vəsait tam olaraq iddiaçıya qaytarılacaqdır.

4. İddiaçı iddiadan imtina edir. Cavabdeh də bu şərtlə razılaşır. İddiaçı "xxxx" MMC-nin cavabdeh “X1” ASC-yə qarşı “25190,13 manat müqavilə üzrə ödənilmiş pul və 24000 manat vurulmuş ziyan olmaqla, ümumilikdə 49190,13 manat pulun tutularaq ödənilməsi” tələbinə dair işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğin 51 manatı iddiaçı "xxxx" MMC-dən və 51 manatı cavabdeh “X1” ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov əsli ilə düzdür Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar