Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-449/2025 21.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə qarşı "pul" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4784,02 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 68 manat dövlət rüsumunun cavabdehlər Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyindən alınaraq (tutularaq), İddiaçı MMCyə verilməsinə (ödənilməsinə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2022-ci il tarixli, 01 saylı müqaviləyə əsasən, iş üzrə cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyi iləaramızda neft məhsulunun satışı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərinə əsasən, cavabdeh alınan neft məhsulunun dəyərinin ödənilməsi öhdəliyini üzərinizə götürməsinə baxmayaraq, bu günki gün tarixə olan 4784,02 (dörd min yeddi yüz səksən dörd manat iki qəpik) manat ödənişi həyata keçirməmişdir. Qeyd olunan borc 01.01.205-ci il və xx.xx.2025-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi Akt”ları ilə də öz təsdiqini tapır. Məlumat üçün bildiririk ki, cavabdehlə aramızda bağlanmış müqavilənin müddəti 2022-ci ilin dekabr ayında bitmişdir. İş üzrə cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyindən01 yanvar 2022-ci il tarixli, 01 saylı müqavilə üzrə yaranmış 4784,02 (dörd min yeddi yüz səksən dörd manat iki qəpik) manat borcun ödənilməsi tələb olunsa da sonuncu müqavilə üzrə öhdəliyini icraetməmişdir. Nəticədə, iş üzrə cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyindən 4784,02 (dörd min yeddi yüz səksən dörd manat iki qəpik) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumunun alınaraq (tutularaqa) İddiaçı MMCyə ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsi məqsədi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
5. Məhkəmənin əvvəlki ickasında iştirak edən Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, borcu qəbul edir. Həmin borcda heç bir yanlış hesablama yoxdur. Bildirmək istəyir ki, hazırki borc vaxtı ilə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyinin tabeçiliyində olan körpələr evi və uşaq bağçalarının isidilməsi məqsədi ilə iddiaçıdan yanacaq alınması nəticəsində yaranıb. Dövlət büdcəsindən ayrılan vəsait hesabına hər il borcu ödəyirdilər. Lakin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmin qeyd edilən körpələr evi və uşaq bağçaları Təhsil Nazirliyinin balansına keçdi. Nəticədə həmin borcun ödənilməsi ilə bağlı büdcədən pul ayrılmadı. Bu səbəbdən borcu ödəyə bilmədilər. Bununla bağlı dəfələrlə yerli maliyyə idarəsinə müraciət edilib, lakin rəsmi bir cavab almayıb. Həmin borcun ödənilməsi dövlət büdcəsi tərəfindən təmin olunmalıdır. Çünki Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyi də, həmçinin təhsil idarələri də büdcə təşkilatı kateqoriyasına aiddir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə cavabdeh alıcı Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi arasında xx.xx.2022-ci il tarixli 101 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı alıcının sifariş verdiyi neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin neft məhsullarını qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
8. İş materaiallarında olan xx.xx.2022-ci il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” barədə aktdan görünür ki, cavabdeh Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin, İddiaçınə aralarında bağlanan müqavilə üzrə ödənilməmiş 4784,02 manat borcu vardır. Həmin akt tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.
9. İş materiallarında olan 567337 nömrəli xx.xx.2021-ci il tarixli, 566608 nömrəli xx.xx.2021-ci il tarixli, 567106 nömrəli xx.xx.2021-ci il tarixli İddiaçı tərəfindən cavabdeh Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə göndərilmiş elektron qaimələrdə cavabdehin iddiaçıya müxtəlif tarixlərdə ödəməli olan borc məbləğləri göstərilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
11. İş materiallarında olan Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli 23 nömrəli məktubdan görünür ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyinin tabeçiliyində olan körpələr evi və uşaq bağçalarının Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində keçdiyi bildirilmiş, həmin uşaq bağçalarının istiliklə təmin edilməsi məqsədi ilə E.R.-OİL MMC-dən yanacaq alındığı qeyd olunmuşdur. Yanacaqdan istifadəyə görə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyinin E.R.-OİL MMC-yə 4784,02 manat debitor borcunun yarandığı və həmin borcun Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən ödənilməsinə köməklik göstərilməsi Şəki-Zaqatala Regional Təhsil İdarəsindən xahiş edilmişdir.
12. İş materiallarında olan məhkəmə tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ünvanlanan sorğuya əsasən verilən, xx.xx.2025-ci il tarixli 3-29-42/2-1600/2025 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər Üzrə Nümayəndəliyinin tabeçiliyində olan körpələr evi və uşaq bağçalarının Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyinə verilmişdir. Məktəbəqədər təhsil müəssisələri xx.xx.2022-ci il tarixdən balansa götürülən zaman onlara aid olan əmlak ( torpaq, tikili, inventar, avadanlıq və bütün diğər öhdəliklər) inventarizasiya olunmuşdur. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyinin balansında olan körpələr evi-uşaq bağçası da balansa götürülmüşdür və müəssisə balansa götürülən zaman üzərində hər hansı bir öhdəliyin olması barədə rəsmi sənəd təqdim edilməmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyinin ER-OİL MMC dən 4784.02 manat dəyərində yanacaq alıb əvvəlki illərdə bağçanın qış mövsümündə qızdırılması üçün istifadə olunması barədə heç bir rəsmi sənəd qeydə alınmamışdır. Regional İdarənin tabeliyində olan, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşən təşkilatlardır, mərkəzi büdcə vəsaiti hesabına tənzimlənir. Müəssisələrin illik xərc smetasında hər cari il üçün əmək haqqı fondu və kommunal xidmətlərə görə faktiki xərc nəzərə alınır. Yerli icra orqanları yerli büdcə vəsaiti hesabına xərclərini ödəyirlər. Yuxarıda qeyd olunanlar səbəbindən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyinin ER-OİL MMC-yə olan 4784,02 manat borcunun ödənilməsində Regional İdarə üzərinə heç bir öhdəlik götürmədiyi bildirilmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi qərara alınmışdır.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə nəzərdə tutulan neft məhsullarını cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 4784,02 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin cavabdehin nümayəndəsi qeyd edilən borcun müqavilə üzrə yarandığını qəbul etmişdir.
16. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və alqı-satqı müqaviləsi üzrə 4784,02 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir. Vİ. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Zaqatala Şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyindən 4784,02 manat məbləğində pul və 68 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova