Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-450/2021 30.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı QSC-nin cavabdeh Nikitin adına kolxoza qarşı “16320,20 manat əsas borc, 2000 manat zərər olmaqla ümumilikdə 18320,20 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Nikitin adına kolxoz arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cəmiyyət tərəfindən kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatları cavabdehə satılmış, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə 16320,20 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcu maliyyə cədvəli və cavabdeh Nikitin adına kolxoz tərəfindən iddiaçı cəmiyyətə ünvanlanmış 22.04.2020-ci il tarixli 51 nömrəli məktubla öz təsdiqini tapır. İddiaçı cəmiyyət 16320,20 manat məbləğində borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavbabdeh 22.04.2020-ci il tarixli 51 nömrəli məktubla borcun yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. Cəmiyyət tərəfindən 2016-cı ildən cavabdeh kolxoza müxtəlif dərman preparatları nisyə satılmış, cavabdehin hazırki vaxta 16320,20 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh borcu qanunsuz olaraq özündə saxladığından Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cəmiyyətə vurduğu 2000 manat zərər və əsas borc tutularaq ödənilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Maliyyə cədvəli, Nizamnamə, Cavabdehin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyət tərəfindən kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını cavabdehə satılmış və cavabdeh məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər alqı-satqı ilə bağlı yarandığından hazırki mübahisəyə alqı-satqıya dair normalar tətbiq edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı QSC ilə Nikitin adına kolxoz arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cəmiyyət tərəfindən kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatları cavabdehə satılmış, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə 16320,20 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcu maliyyə cədvəli və cavabdeh Nikitin adına kolxoz tərəfindən iddiaçı cəmiyyətə ünvanlanmış 22.04.2020-ci il tarixli 51 nömrəli məktubla öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 16320,20 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 2000 manat zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddia ərizəsindən və vəkilin izahatından müəyyən olunduğu kimi iddiaçı cəmiyyətlə cavabdeh arasında nisyə alqı-satqı mövcud olmuşdur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hazırki iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmadığından borcun hansı tarixədək qaytarılmalı olması, hansı tarixdən gecikdirilmiş borc hesab edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 2000 manat zərərin tutularaq ödənilməsi hissəsində iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh Nikitin adına kolxozdan 16320,20 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-450/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-450/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver