Məhkəmə qərarları › İş №e-2-2(117)-450/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-450/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-450/2025 22.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyinə qarşı “1536.15 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyinə qarşı “1536.15 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, 01 saylı müqaviləyə əsasən, tərəflər arasında maye qazın satışı ilə bağlı müqavilə bağlanmış, həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərinə əsasən, cavabdeh alınan maye qazın dəyərinin ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin hazırkı tarixə kimi 1536,15 manat ödənişi həyata keçirməmişdir. Qeyd olunan borc qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə də öz təsdiqini tapır. Müqavilənin müddəti 2022-ci ilin dekabr ayında bitmişdir. İş üzrə cavabdehdən müqavilə üzrə yaranmış 1536,15 manat borcun ödənilməsi tələb olunsa da, sonuncu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Nəticədə, iş üzrə cavabdehdən 1536,15 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məqsədi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyi (alıcı) arasında satıcı tərəfindən alıcıya maye qaz məhsullarının satılması, alıcı tərəfindən satıcıya maye qaz məhsullarının dəyərinin ödənilməsi məqsədilə xx.xx.2021-ci il tarixli, 01 saylı müqavilə bağlanmış, həmin müqavilənin xx.xx.2022-ci il tarixədək qüvvədə olması müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixli 566608 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimədən göründüyü kimi İddiaçı ASC Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyinə 1536.15 manat məbləğində maye qaz məhsulu vermişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyi (alıcı) arasında satıcı tərəfindən alıcıya maye qaz məhsullarının satılması, alıcı tərəfindən satıcıya maye qaz məhsullarının dəyərinin ödənilməsi məqsədilə xx.xx.2022-ci il tarixli, 01 saylı müqavilə bağlanmış, həmin müqavilənin xx.xx.2022-ci il tarixədək qüvvədə olması müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından göründüyü kimi İddiaçı ASC ilə cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyi arasında həmin tarixə qarşılıqlı üzləşmə aparılmış və cavabdehin xx.xx.2021-ci il tarixinə 1536.15 manat məbləğində qalıq borcu olduğu müəyyən edilmişdir. Həmin aktın doğruluğu Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə3, İddiaçı ASC-nin nümayəndəsinin imzaları və hər iki tərəfin möhürü ilə təsdiqlənmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-82-12/2-120/2025 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, onların həqiqətən də xx.xx.2022-ci il tarixinə iddiaçıya Zaqatala şəhər körpələr evi və uşaq bağçalarında istifadə olunmuş maye qaza görə 1536.15 manat debitor borcu yaranmışdır. Belə ki, məktəbəqədər tərbiyə müəssisələri xx.xx.2021-ci il tarixinədək İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərmiş, daha sonra AR Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən, hər yerdə olduğu kimi Zaqatala şəhərində fəaliyyət göstərən şəhər körpələr evi və uşaq bağçaları da 2021-ci ilin sonlarından Təhsil şöbəsinin balansına verilmişdir. Yaranmış debitor borcun 2022-ci il büdcə vəsaitindən ödənilməsi nəzərdə tutulsa da, yuxarıda qeyd edilən səbəbdən, eyni zamanda 2021-ci ilin şəhər büdcə təsnifatının 222220 xərc maddəsinin (qaz haqqının ödənilməsi) 4.1.0 bölməsində maliyyə çatışmazlığı səbəbindən borcu ödəmək mümkün olmamışdır. Körpələr evi və uşaq bağçaları 2022-ci ilin əvvəlindən AR Təhsil Nazirliyinin tabeliyinə verildiyindən iddiaçıya yaranmış debitor borcun ödənilməsinə köməklik göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə AR Təhsil Nazirliyi 5 saylı Hesablama mərkəzinə 82 saylı məktubla, eyni zamanda dəfələrlə Şəki-Zaqatala Regional Təhsil İdarəsinə rəsmi müraciət olunsa da, bu günə qədər heç bir rəsmi və qeyri-rəsmi cavab ala bilməmişlər. “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi” haqqında AR Prezidentinin xx.xx.2021-ci il tarixli 3058 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əvvəllər uşaq bağçaları və uşaq evləri icra hakimiyyətlərinin balansında idi. 2021-ci il 21 dekabr tarixdə isə Prezidentin sərəncamı ilə ölkə ərazisində olan bütün uşaq bağçaları və uşaq evləri icra hakimiyyətlərinin balansından çıxarılaraq, Təhsil Nazirliyinin balansına verilmişdir. İddiaçı tərəfindən tələb edilən qaz borcu mövcuddur, qəbul edirlər. Bağçalar və uşaq evləri tərəfindən həmin qaz dəyəri sərf edilmişdir. Sözügedən dəyişiklikdən sonra Təhsil Nazirliyinin qərarı ilə regionlar üzrə təhsil idarələri yaranmalı və ondan sonra əməliyyat aparılmalı idi. Borcla bağlı dəfələrlə Təhsil Şöbəsinə müraciət etmiş, müraciəti qeydə alınaraq uyğun tədbirlər görüləcəyi bildirilsə də, hər hansı ödəniş edilməmişdir. Hər ilin əvvəlində müqavilə imzalanır. Onlarda 2022-ci ilin əvvəlində müqavilə imzaladılar. Lakin qeyd edilən müəssisələr onların balansından çıxarıldığından maliyyə vəsaiti də ayrılmamışdır. Hazırkı borc isə 2021-ci il üzrə yananmış borcdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfin müqavilə üzrə müəyyənləşdirilən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən maye qaz məhsulunun dəyərinə görə ödənilməmiş 1536.15 manat borcu yaranmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: müqavilələr, üzləşmə aktı, elektron qaimə, məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2021ci il tarixli, 01 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı alıcıya maye qaz məhsullarının satılması, alıcı isə satıcıya maye qaz məhsullarının dəyərinin ödənilməsi öhdəliyini öz üzərlərinə götürmüşdür. Həmin müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixədək müəyyənləşdirilmişdir. Bundan sonra iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimədən və xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından göründüyü kimi cavabdehin həmin müqaviləyə əsasən 1536.15 manat məbləğində borcu yaranmışdır. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsində, pretenziya məktubunda müqavilənin tarixi xx.xx.2022-ci il qeyd edilsə və tərəflər arasında bağlanmış həmin müqavilə də iş materiallarına əlavə edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mövcud olan hazırkı mübahisə xx.xx.2021-ci il tarixli, 01 saylı müqavilə əsasən yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından da aydın olur ki, həmin akt cavabdehin xx.xx.2021-ci il tarixinə olan qalıq borcunu müəyyənləşdirmək üçün tərtib edilmişdir. Bundan başqa cavabdehin nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-82-12/2-120/2025 nömrəli məktub ilə, eyni zamanda məhkəmə iclasında verdiyi izahatı ilə tələb edilən borcun mövcud olduğunu və həmin borcun Zaqatala şəhər körpələr evi və uşaq bağçalarında istifadə olunmuş maye qaza görə yarandığını etiraf etmişdir. O, “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi” haqqında AR Prezidentinin xx.xx.2021-ci il tarixli 3058 nömrəli Sərəncamına əsaslanaraq həmin müəssisələrin artıq AR Təhsil Nazirliyinin balansında olduğunu, bu səbəbdən onlara dəfələrlə müraciət edildiyini, eyni zamanda artıq həmin müəssisələr onların balansından çıxarıldığı üçün bu səbəblə maliyyə vəsaiti ayrılmadığını bildirmişdir. Məhkəmə qeyd edilənlərə münasibətdə qeyd edir ki, qeyd edilən müəssisələr AR Prezidentinin Sərəncamı ilə xx.xx.2021-ci il tarixdən AR Təhsil Nazirliyinin tabeliyinə verilmiş, həmin tarixə kimi isə cavabdehin tabeliyində olmuşdur. Hazırkı iş üzrə tələb edilən borc isə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək dövrü əhatə edən müqavilə əsasında yaranmışdır ki, göründüyü kimi həmin dövr ərzində qeyd edilən müəssisələr cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyinin tabeliyində olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı 1536.15 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi cavabdeh aldığı maye qaz məhsulunun razılaşdırılmış dəyərini ödəmədiyindən onun ödənilməmiş 1536.15 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş elektron qaimə və qarşılıqlı üzləşdirmə aktı ilə ilə öz təsdiqini tapmışdır. Məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaiməyə münasibətdə qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan məhsulun cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni qarşılıqlı üzləşdirmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən maye qaz məhsulunun alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə maye qaz məhsulu satılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək maye qaz məhsulunun dəyərini ödəmədiyindən 1536.15 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 35.37 manat olmalıdır. İddiaçı tərəfindən dövlət rüsumu tam şəkildə ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli olan 35.37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.63 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyindən 1536.15 manat məbləğində əsas borc və 35.37 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar