Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-461/2021 29.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı 20.06.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 62737,30 manat məbləğində borcun ödənilməsi tələbinə dair” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot,küləş presləyən BLY-155, 5 gövdəli kotan SPA 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri 03.07.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmiş, müqavilənin müddəti 28.06.2024cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun 28.09.2021-ci il tarixə 25766,25 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı, həmçinin tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi barədə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin 09.09.2019-cu il tarixdə hüquqi adı dəyişdirilərək İddiaçı QSC adlandırılmış və VÖEN ********** olmaqla dəyişməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot,küləş presləyən BLY-155, 5 gövdəli kotan SP 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüş, qeyd edilən texnika və onun hissələri 03.07.2019-cu il tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmiş, müqaviləyə uyğun cavabdeh tərəfindən 42049,75 manat məbləğində ilkin ödəniş edilmiş hər ay 1120,33 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş, 4 ay ödəniş edərək cəmi 4482,66 manat məbləğində ödəniş etmiş Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayənədsi iddia tələbini müdafiə edərək tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini və 28.06.2024-cü il tarixədək cavabdehin ödəməli olduğu ümumilikdə 62737,30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək tələb edilən vəsaitin yarı hissəsinin ödənilməsinə razı olduğunu və tələbin qismən təmin edilməsi ilə razı olacaqlarını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddəyə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, ümumilikdə 28.09.2021-ci il tarixə 30 248,91 manat borcu yaranmış, cavabdeh tərəfindən edilən 4482,66 manat lizinq ödənişi çıxılmaqla iddiaçıya 28.09.2021ci il tarixə 25766,25 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı lizinq predmetinin qaytarılması barədə tələb irəli sürməmiş, eyni zamanda cavabdeh də qeyd edilən lizinq predmetlərinin özündə saxlanması ilə razı olması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Ona görə də iddiaçının tələbinin 28.06.2024-cü il tarixədək ödənilməli olan lizinq ödənişinin təmin edilməsi hazırkı vəziyyədə mümkün deyildir. Belə ki, məhkəmə qətnaməsi gələcəkdə baş verə biləcək qeyri-müəyyən haldan asılı ola bilməz, qətnamə real vəziyyətə uyğun tədqiq edilmiş hüquq münasibətinə uyğun olmalı və qətnamənin icrası mümkün olmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqaviləyə əsasən lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1.4-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Qeyd edilən normaların tələblərindən görünür ki, hazırkı vəziyyətdə iddiaçının tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğvini tələb etmək hüququ mövcuddur. Belə ki, lizinq üzrə ödənişlərin ödənilməsi dəfələrlə gecikdirilmişdir. Eyni zamanda, iddiaçı məhkəmədə iddia qaldıranadək Mülki Məcəllənin 423-cü maddəsinin tələblərinə əməl edərək qarşı tərəfə təklif də göndərmişdir. Həmin normanın tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Yuxarıda qeyd edilənləri və tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən ödənişlər nəzərə alınmaqla qətnamə qəbul edilən tarixə yəni, 28.09.2021-ci il tarixə 25766,25 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 12,30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməli, 17,68 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli 071 nömrəli lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh lizinq müqaviləsi üzrə 28.09.2021-ci il tarixə olan 25766,25 manat pul və 12,32 manat ödənilmiş dövlət rüsumunun hissəsi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 17,68 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-461/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-461/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver