Məhkəmə qərarları › İş №e-2-2(117)-466/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-466/2024

01.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-466/2024 01.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı xxxx Kooperativinin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən sığorta fonduna 20,34 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE0*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən, "xxxx Kooperativinin" dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən sığorta fonduna 20,34 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən, Maraqlı şəxs "xxxx Kooperativinin" icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xxxx Kooperativinin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən sığorta fonduna 20,34 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, eyni məzmunlu Yevlax Rayon Məhkəməsinin icraatında 2(039)-2181/2018 nömrəli iş olmuş və xx.xx.2018-ci il tarixində “borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” bağlı qətnamə qəbul edilmiş, Maraqlı şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, xx.xx.2018-ci il tarixli 2(107)- 3007/2018 nömrəli qətnamə ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və sonuncu məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs tərəfindən iş materiallarına əlavə edilmiş məktubda bildirilmişdir ki, xxxx Kooperativinin xx.xx.2024 balansında 4 ədəd, o cümlədən balans dəyəri 9291 manat olan 11 №-li mağaza, dəyəri 3645 manat olan 41 №-li mağaza, dəyəri 4008 manat olan 48 №-li mağaza, dəyəri 5126 manat olan 22 №-li mağazaların açıq hərracda satılması və hərracdan əldə olunmuş vəsaitin cəmiyyətin vergi borclarının ödənilməsi üçün siyahıya alınmasına etiraz etmir. Həmçinin iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən göründüyü kimi Maraqlı şəxs mülkiyyətində Yevlax rayonunun ərazisində yerləşən 14 ədəd qeyri-yaşayış obyekti, 7 ədəd mağaza, 5 ədəd yeməkxana, 3 ədəd şəbəkə, 1 ədəd d/pavilyon və 1 ədəd icarə obyekti vardır. Bundan başqa məhkəmənin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli “maraqlı şəxsin bank hesablarına sərəncamın qoyulması və əmlakının siyahıya alınıb-alınmaması” ilə bağlı sorğuya xx.xx.2024-cü il tarixdə cavab olaraq bildirilmişdir ki, maraqlı şəxsin bank hesabına sərəncam qoyulmamış və hər hansısa əmlakı siyahıya alınmamışdır. Əlavə olaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinə ünvanladığı sorğya cavab olaraq bildirilmişdir ki, qeyd edilmiş şəxsin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara: Vergi ödəyiciləri olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq, məktub, qərarlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliyini yerinə yetirmədiyindən, "xxxx Kooperativinin" dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən sığorta fonduna 20,34 manat borcu yaranmışdır. İş materialları kimi məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, eyni məzmunlu Yevlax Rayon Məhkəməsinin icraatında 2(039)-2181/2018 nömrəli iş olmuş və xx.xx.2018-ci il tarixində “borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” bağlı qətnamə qəbul edilmişdir. Bundan sonra Maraqlı şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş və xx.xx.2018-ci il tarixli 2(107)-3007/2018 nömrəli qətnamə ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Daha sonra ərizəçi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs tərəfindən iş materiallarına əlavə edilmiş məktubda bildirilmişdir ki, xxxx Kooperativinin xx.xx.2024 balansında 4 ədəd, o cümlədən balans dəyəri 9291 manat olan 11 №-li mağaza, dəyəri 3645 manat olan 41 №-li mağaza, dəyəri 4008 manat olan 48 №-li mağaza, dəyəri 5126 manat olan 22 №-li mağazaların açıq hərracda satılması və hərracdan əldə olunmuş vəsaitin cəmiyyətin vergi borclarının ödənilməsi üçün siyahıya alınmasına etiraz etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddısinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin məcəllənin 89.3-cü maddəsinə əsasən Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Həmin məcəllənin 89.4-cü maddəsinə əsasən Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri əmlakın siyahıya alınmasını təmin və təşkil etməyə özü təşəbbüs göstərir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkdə məqsəd hesablanmış vergilərin ödənilməsini təmin etmək olduğundan, hazırki iş üzrə hüquqi şəxsin icra orqanının rəhbəri də vergi orqanına bu işdə özü yardımçı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına olan zərurət də aradan qalxmışdır. Bundan əalvə qeyd edilən qanunvericilikdə vergi ödəyicisinə məxsus əmlakların borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınması nəzərdə tutulur. Qeyd edilən əmlaklar həm daşınar, həm də daşınmaz ola bilər. Bu səbəbdən qeyd edilən daşınmaz əmlakların dövlət reyestrində qeydiyyatı əmlkaın siyahıya alınmasından imta edilməsinə əsas ola bilməz. Qeyd edilən daşınmaz əmlakların içərisində isə daşınar əmlakların mövcudluğu istisns deyildir. Bu səbəbdən ərizəçinin bu barədə arqumenti əsaslı sübut olaraq məhkəmə tərəfindən qəbul edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu dövlətin hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı xxxx Kooperativinin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən sığorta fonduna 20,34 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE0*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar