Məhkəmə qərarları › İş №e-2-2(117)-468/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-468/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-468/2023 02.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 454,8 manat əsas borcun və 40 manat rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Ağdaş rayonunda yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə AMX-2455/20 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcunu lazımınca ödəmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 564,8 manat borcun və ödənilmiş 40 manat mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifdadəyə görə yaranmış 454,80 manat əsas borcun və 40 manat ödənilmiş rüsum xərclərinin tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz“ X1 X2 İdarəsinin xidməti ərazisində Ağdaş rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən qaz hesabında 564,8 manat debitor borc yaranmış və həmin borc ödənilmədiyindən təbii qazın verilişi xx.xx.2022-ci il tarixdə qaynaq vasitəsilə dayandırılmışdır. Cavabdeh yaranmış borcu bugünədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2023-cü il tarixdə bildirişi qəbul etmiş və iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdən sonrakı dövrlər ərzində cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 160 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin 454,80 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixindən sonra ümumilikdə 110 manat məbləğində pul ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olduğunu, 3 ildir heç bir yerdə işləmədiyini, ambulator xəstə olduğunu, hazırda oğlunun himayəsində yaşadığını, 560 manat borcdan 160 manat ödədiyini və maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, ödəniş tapşırıqları, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında Ağdaş rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə AMX-2455/20 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış, iddianın məhkəmə icraatında olduğu dövrdə qismən ödəniş edilə də yaranmış borc tam ödənilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmiş və 454,80 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 (otuz) manat təşkil edir ki, iddiaçı 40 manat mediasiya xərci ödəməklə dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. Bu səbəbdən ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən 40 manat mediasiya xərci ödədiyindən, həmin məbləği cavabdehdən tələb etdiyindən və iddiaçı 40 manat mediasiya xərcini dövlət rüsumu kimi tələb etdiyindən, həmin məbləğ dövlət rüsumu kimi deyil, mediasiya xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 454,80 manat əsas borc və 40 manat mediasiya xərci tutularaq İddiaçı İB-yə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar