Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-47/2025 14.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3418 manat əsas borc, 2878.53 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 4612 manat əsas borc, 5451.45 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 16859.98 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3418 manat əsas borc, 2878.53 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 530- L/17 nömrəli müqavilə üzrə 4612 manat əsas borc, 5451.45 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 16859.98 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 718- GL/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 11 300 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən qiyməti 29 000 manat olan, Traktor Belarus-892 markalı texnika üzrə 6220 manat ödəniş edilmiş, güzəştdən sonrakı 11 180 manat qalıq məbləği isə 7 il ödəmə müddətinə və eyni zamanda bir ədədinin qiyməti 2 600 manat olan, Kotan 4 gövdəli AG-14-4 markalı texnika üzrə 1440 manat ödəniş edilmiş, güzəştdən sonrakı 120 manat qalıq məbləği isə 1 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. xx.xx.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, 29000 manat dəyərində olan Traktor 892 markalı və 2600 manat dəyərində olan Kotan AG-14-4 markalı texnikalar lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 38 100 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərt ilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 11 430 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən qiyməti 9 200 manat olan, Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnika üzrə 2 760 manat, qiyməti 13 000 manat olan, Kultivator 5 cərgəli gübrəsəpənlə-AKB-4.2 markalı texnika üzrə 3 900 manat, qiyməti 15 900 manat olan, Pnevmatik 5 cərgəli asma qarğıdalı toxumu səpən (gübrəsəpənlə)-PATS-5 markalı texnika üzrə 4 770 manat ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 400 nömrəli aktdan görünür ki, 9200 manat dəyərində olan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 139 nömrəli aktdan görünür ki, 13000 manat dəyərində olan Kultivator 5 cərgəli gübrəsəpənlə AKB-4.2, 15900 manat dəyərində olan Pnevmatik 5 cərgəli asma qarğıdalı toxumu səpən (gübrəsəpənlə)-PATS-5 markalı texnikalar lizinq alan Cavabdeh saz, nizmalanmış və komplekt halda təhvil verilmişdir. Həmin Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə 3418 manat əsas borcu yaranmış, iddiaçı həmin borca 2878.53 manat cərimə borcu hesablamış, xx.xx.2017-ci il tarixli 530- L/17 nömrəli müqavilə üzrə 4612 manat əsas borcu yaranmış, iddiaçı həmin borca 5451.45 manat cərimə borcu hesablamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə məbləğindən cəmi 7882 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 3418 manat əsas borcu, xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə məbləğindən isə cəmi 18 248 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 4612 manat əsas borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək vəsatət təqdim etmişdir. Vəsatətdə iddianı qəbul etmədiyini, iddia ərizəsində göstərilən məbləğlərin doğru olmadığını bildirmişdir. Belə ki, cavabdeh vəsatətini belə əsaslandırmışdır ki, hesabdan çıxarışlarda görünəcəyi kimi onun borcu qarşı tərəfin tələb etdiyi borcdan xeyli aşağıdır. Eyni zamanda bildirmişdir ki, qarşı tərəf hər iki müqavilənin 2017-ci il tarixində bağlandığını iddia etsə də, əslində ilk müqavilə 2014-cü il tarixdə bağlanmışdır. Cərimə borcu ilə razı olmadığını, iddiaçı onun borcunun 16859.98 manat məbləğində olduğunu iddia etsə də, bunu sübuta yetirmədiyini bildirmişdir. Göstərilən səbəblərə görə hesabdan çıxarışların və həmin müqavilə üzrə zəruri digər sənədlərin məhkəmə təqdim edilməsinin zəruri olduğunu qeyd etmişdir. Vəsatəti hazırlıq iclasına təqdim edə bilmədiyini, işlə tanış olduqdan sonra vəsatət vermək qərarına gəldiyini, ilk hazırlıq iclasından sonra məhkəmə baxışı iclası təyin edildiyi üçün vəsatətini bundan sonra vermək qərarına gəldiyini bildirərək mühasibatılıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə 3418 manat borcu, xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 4612 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə 3418 manat əsas borcun və xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 4612 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə Traktor Belarus-892 markalı texnikanın qiyməti 29 000 manat, Kotan 4 gövdəli AG-14-4 markalı texnikanın qiyməti isə 2600 manat olmuşdur. İddiaçı 40% güzəşt tətbiq edərək həmin texnikaları cavabdehə müvafiq olaraq 17 400 manat və 1560 manat olmaqla, ümumilikdə 18960 manata satmışdır. Cavabdeh qeyd olunan texnikalar üçün ayrılıqda 6220 manat və 1440 manat olmaqla, ümumilikdə 7660 manat ilkin ödəniş etmiş, qalıq 11 300 manat (18960- 7660=11300) məbləği isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən daha sonra müqavilə məbləğindən 7882 manat ödəniş edilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırki tarixə 3418 manat (11 300 – 7882 = 3418) ödənilməmiş əsas borcu vardır. Bundan başqa xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnikanın qiyməti 9 200 manat, Kultivator 5 cərgəli gübrəsəpənlə-AKB-4.2 markalı texnikanın qiyməti 13 000 manat, Pnevmatik 5 cərgəli asma qarğıdalı toxumu səpən (gübrəsəpənlə)-PATS-5 markalı texnikanın qiyməti isə 15 900 manat olmuşdur. Bundan sonra cavabdeh tərəfindən həmin texnikalar üzrə müvafiq olaraq 2 760 manat, 3 900 manat, 4 770 manat olmaqla, ümumilikdə 11 430 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə məbləğindən 18 248 manat ödəniş edilmiş və tətbiq edilən güzəşt məbləği 15 240 manatdır. Buradan aydın olunur ki, cavabdehin hazırkı tarixə 4612 manat (38 100-18248-15240= 4612) ödənilməmiş əsas borcu vardır. İddia tələbinin “xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə 2878.53 manat cərimə borcu və xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 5451.45 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin xx.xx.2017-ci il tarixli 718- GL/17 nömrəli müqavilə üzrə 170.9 manat və xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 230.6 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə 3418 manat əsas borc və 170.9 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 4612 manat əsas borc və 230.6 manat cərimə borcu tutulmalıdır. Bundan əlavə olaraq məhkəmə cavabdeh tərəfin vəsatətinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən vəsatət məhkəmə baxış iclası təyin edildikdən sonra təqdim edilmiş və iddiaçı tərəfin borcu əsassız hesabladığını iddia etsə də, iş materiallardan göründüyü kimi cavabdeh tərəf texnikaların lizinq alana təhvili barədə aktları imzalayaraq texnikaları təhvil almış, eyni zamanda iddiaçının cavabdeh tərəfindən edilmiş ödənişlə bağlı qeyd etdiyi məbləğdən əlavə ödənişin edilib-edilməməsi ilə əlaqəli hər hansısa başqa ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Qeyd edilən texnikanın 2014-cü il tarixdə müqavilənin isə 2017-ci ildə bağlanması ilə bağlı cavabdeh tərəfin etirazına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələblərinə uyğun olaraq kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsinin idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemlərinə münasibətdə isə 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləğinin Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilməsini tətbiq etmək məqsədi ilə bağlanmışdır. Həmin texnikanın əvvəllər cavabdehə təhvil verilməsi və 2017-ci il tarixdə qeyd edilən yeni müqavilənin bağlanmasında qeyd edilən qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən cavabdehin yararlanması məqsədi ilə bu addım atılmışdır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı və ədalətlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 71.68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 718-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3418 manat əsas borc, 170.9 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 530-L/17 nömrəli müqavilə üzrə 4612 manat əsas borc, 230.6 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilməmiş 71.68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov