Məhkəmə qərarları › İş №e-2-2(117)-470/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-470/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-470/2021 11.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı “11.03.2020-ci il tarixli ADO-019/20 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilən qiymət razılaşdırma protokollarına əsasən 36895,70 manat əsas borc və 1789,46 manat dəbbə pulunun tutulması”tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC və cavabdeh “X2” MMC arasında 11.03.2020-ci il tarixli ADO-019/20 nömrəli alqı-satqı müqaviləsinə və ona əlavə olunan 1 və 2 saylı Protokollarına əsasən, iddiaçı cavabdehə tonunun qiyməti 210 manat hesablanmaqla 500 ton yonca məhsulu və tonu 380 manat hesablanmaqla 300 ton qarğıdalı məhsulunu təqdim edir, cavabdeh isə öz növbəsində yonca məhsuluna görə 105 000 manat 2020-ci ilin mart ayının 31-dək, qarğıdalı məhsuluna görə isə 114 000 manat məbləğini mallar təhvil alınmamışdan öncə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 07.04.2020-ci il tarixli elektron qaimə ilə “X2” MMC tərəfindən 1 tonunun qiyməti 380 manat olmaqla 19,05 ton qarğıdalı (cəmi 7239 manat) və 1 tonunun çəkisi 210 manat olmaqla 260,27 ton yonca (cəmi 54656,70 manat) olmaqla, ümumilikdə 72805,70 manat məbləğində məhsulun alınması müəyyən olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir, həmin sənəd müvafiq malın təhvil verilməsini təsdiq etməklə sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında İddiaçı MMC və cavabdeh “X2” MMC arasında 11.03.2020-ci il tarixli ADO-019/20 nömrəli alqısatqı müqaviləsi bağlanmış və müqavilənin icrası olaraq “X2” MMC tərəfindən 1 tonunun qiyməti 380 manat olmaqla 19,05 ton qarğıdalı (cəmi 7239 manat) və 1 tonunun çəkisi 210 manat olmaqla 260,27 ton yonca (cəmi 54656,70 manat) olmaqla, ümumilikdə 72805,70 manat məbləğində məhsul alınmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən məhsulun dəyəri tam ödənilməmiş və 36895,70 manat borcu qalmışdır. Bu hal iş materiallarında olan 07.04.2020-ci il tarixli elektron qaimə ilə sübut olunur. İddia tələbinin 1789,46 manat dəbbə pulu borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borcun yarı hissəsi ödənilmişdir. Odur ki, tərəflərin əmlak vəziyyətini və borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1789,46 manat deyil, 178,9 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun 28,75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 1,25 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh “X2” MMC-dən 36895,70 manat əsas borc və 178,9 manat dəbbə pulu borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 28,75 manat məbləğində hissəsi və tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,25 manat hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar