Məhkəmə qərarları › İş №e-2-2(117)-479/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-479/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-479/2025 01.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Məmmədov X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 48836,66 manat əsas borcun, 16278,88 manat cərimənin, 14886,36 manat dəymiş ziyanın (əldən çıxmış fayda), 330 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 325 manat xidmət haqqının, cəmi 80656,90 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən 48 836.66 manat əsas borcun, 16 278.88 manat cərimənin, 14 886.36 manat dəymiş ziyanın (əldən çıxmış faydanın), ödənilmiş 330 manat dövlət rüsumunun, cəmi 80 033.19 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müracət edərək “cavabdehdən 48 836.66 manat əsas borcun, 16 278.88 manat cərimənin, 14 886.36 manat dəymiş ziyanın (əldən çıxmış faydanın), ödənilmiş 330 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 325 manat xidmət haqqı olmaqla, cəmi 80 656.9 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 16 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya olan 48 836.66 manat məbləğində əsas borcunu indiyədək ödəməmişdir. Buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla cavabdehə müraciət edərək ondan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmiş, buna baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1 %-i qədər cərimə də ödəməlidir. İddia ərizəsində iddia alqı-satqı müqaviləsinin 6.1.1-ci, 6.1.3-cü bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci, 385.1-ci, 425.1-ci, 439.3-cü və 449.1-ci maddələri ilə əsaslandırılmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 16 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilədə göstərilmiş həcmdə və qiymətdə malları satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin: 3.1-ci bəndinin 3-cü hissəsinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı məhsulun dəyərini Malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. 6.1.1-ci bəndinə əsasən satılmış malı vaxtı-vaxtında alıcı tərəfindən qəbul etməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək; 6.1.2-ci bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək; 6.1.3-cü bəndinə əsasən alınan malın dəyəri alıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı, yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə, üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüququdur. 11.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. 11.2-ci bəndinə əsasən bu müqavilənin əsas müddəti bitdikdə tərəflər arasında əlavə və dəyişiklik olmadığı halda müqavilənin müddəti hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. İş materialları kimi təqdim olunmuş əlavə №1-dən də görünür ki, satıcı tərəfindən alıcıya veriləcək malların qiyməti tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilərək razılaşdırılmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 16 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə bağlı İddiaçı MMC-nin Cavabdeh MMC-yə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 996261 nömrəli elektron qaimə ilə 10 101.98 manat, xx.xx.2023-cü il tarixli 160574 nömrəli elektron qaimə ilə 396.48 manat, xx.xx.2023-cü il tarixli 355524 nömrəli elektron qaimə ilə 8 177.40 manat, xx.xx.2023-cü il tarixli 032081 nömrəli elektron qaimə ilə 5607.36 manat, xx.xx.2023-cü il tarixli 168594 nömrəli elektron qaimə ilə 2775.36 manat, xx.xx.2023-cü il tarixli 412296 nömrəli elektron qaimə ilə 3412.56 manat, xx.xx.2023-cü il tarixli 674633 nömrəli elektron qaimə ilə 1338.12 manat, xx.xx.2023-cü il tarixli 111886 nömrəli elektron qaimə ilə 8722.56 manat, xx.xx.2023-cü il tarixli 491609 nömrəli elektron qaimə ilə 4262.16 manat, xx.xx.2023-cü il tarixli 144998 nömrəli elektron qaimə ilə 4332.96 manat, xx.xx.2023-cü il tarixli 627081 nömrəli elektron qaimə ilə 5897.64 manat olmaqla, ümumilikdə 55 024.58 manat məbləğində (ƏDV daxil olmaqla) malların təqdim edilməsi müəyyən edilir. Qeyd edilən elektron qaimələrə müvafiq olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 9 ədəd və xx.xx.2025-ci il tarixli 2 ədəd (Beton M 100- 48 m3, Beton M 300- 37.5 m3, Beton M 350- 20 m3), xx.xx.2023-cü il tarixli 1 ədəd (Beton M 350- 4 m3), xx.xx.2023-cü il tarixli 8 ədəd (Beton M 350- 82.5 m3), xx.xx.2023-cü il tarixli 5 ədəd (Beton B 25- 50.5 m3), xx.xx.2023-cü il tarixli 4 ədəd (Beton M 350- 28 m3), xx.xx.2023-cü il tarixli 4 ədəd (Beton M 100- 12 m3, Beton B 25- 25 m3), xx.xx.2023-cü il tarixli 1 ədəd və xx.xx.2023-cü il tarixli 1 ədəd (Beton M 350- 13.5 m3), xx.xx.2023-cü il tarixli 8 ədəd (Beton M 350- 88 m3), xx.xx.2023-cü il tarixli 4 ədəd (Beton M 350- 43 m3), xx.xx.2023-cü il tarixli 5 ədəd (Beton M 100- 20 m3, Beton M 350- 28 m3), xx.xx.2023-cü il tarixli 6 ədəd (Beton M 350- 59.5 m3) qaimə-fakturalardan göründüyü kimi cavabdehə müxtəlif məbləğlərdə məhsul təhvil verilmiş və hər iki tərəfin nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş 4 ədəd ödəniş qəbzindən göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2352 manat, 2892 manat, 520.56 manat və 423.36 manat olmaqla, ümumilikdə 6187.92 manat ödəniş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə elektron poçt vasitəsilə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, müqaviləyə əlavə, elektron qaimələr, qaimə fakturalar, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə 16 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı tərəf müqavilə üzrə öhdəliklərinə əməl etsə də, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməmiş və onun ödənilməmiş 47349,27 manat borcu qalmışdır. Cavabdeh tərəf məhkəmə sənədlərini qəbul etsə də, iddia tələbinə hər hansı etiraz və ya digər formada münasibət bildirməmiş, borcun mövcudluğunu təkzib etməmiş, eyni zamanda borcu mübahisələndirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 47349,27 manat borcu yaranmışdır ki, bu məbləğ mübahisələndirilməyən məbləğdir və iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından aydın olur ki, müqavilə üzrə təhvil veriləcək Beton B-7.5 (Beton M-100) hər m3-a görə qiyməti 66 manat, Beton B-22.5 (Beton M-300) hər m3-a görə qiyməti 79 manat, Beton B-25 (Beton M-350) hər m3-a görə qiyməti 84 manat müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş elektron qaimələr və qaimə fakturalar qarşılıqlı şəkildə araşdırılan zaman müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 996261 nömrəli elektron qaimədə cavabdehə Beton B-22.5 məhsulunun 47 m3 həcmində (4381.34 manat dəyərində) verildiyi qeyd edilsə də, qaimə fakturada həmin məhsulun 37.5 m3 həcmində (3495.75 manat dəyərində) təhvil verildiyi öz təsdiqini tapmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 032081 nömrəli elektron qaimədə qeyd edilən 601.80 manat dəyərində olan “Qum (daşınma daxil)” adlı məhsul ümumiyyətlə təhvil verilməmişdir. Göründüyü kimi iddiaçı elektron qaimələr əsasında cavabdehə 55 024.58 manat dəyərində məhsul təhvil verildiyini iddia etsə də, qaimə fakturalarla birlikdə təhlil edildikdə 53 537.19 manat (55 024.58-((43xx.xx- 3495.75)+601.80)=53 537.19) dəyərində məhsulun təhvil verildiyi öz təsdiqini tapır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh iddiaçıya olan borcunun 6187.92 manat hissəsini ödəmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya 47349.27 manat (53 537.19 - 6187.92 = 47349.27) məbləğində borcu qalmışdır. Məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni qaimə fakturalar ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə 53 537.19 manat məbləğində mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “16278,88 manat” cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsinin 3.1-ci bəndinin 3-cü hissəsinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, gecikdirilmiş borcun 5%-i həcmində,yəni 2367,46 manat məbləğində cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Bundan əlavə iddiaçı 14886,36 manat illik 5% lə hesablanmış əldən çıxmış fayda üçün məbləğ tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı məhsulun dəyərini Malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Belə ki, işdə olan elektron qaimə-fakturalardan müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 11 ədəd 53 537.19 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir. Belə müəyyən edilir ki, cavabdeh ən azı 2023-cü ilin 11 iyul tarixindən başlayaraq ən geci 11 avqust 2023-cü il tarixədək borcunu tam ödəməli idi. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini, eyni zamanda iddiaçı tərəfin nümayəndəsi və vəkilinin mövqeyni nəzərə alaraq bir illik üçün ödənilməyən məbləğin 5% həcmində əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsini və cavabdehdən tutulmasını ədalətli hesab edir. Qeyd edilən qaydada bir illik əsas borc üzrə illik 5%-lə 2367,46 manat təşkil edir. Şərh olunanlara əsasən, məhkəmə yekun olaraq o nəticəyə gəlir ki, Cavabdehndən 47349,27 manat əsas borc, 2367,46 manat cərimə və 2367,46 manat əldən çıxmış fayda tutularaq iddiaçının hesabına ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 325 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, iddia icraatı çərçivəsində məhkəmə iclaslarında iştirak etməsi və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 325 manat məbləğində pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinin dəyərinə münasib olaraq 330 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia qismən təmin edildiyindən, təmin edilən hissəyə mütənasib olaraq dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 215,65 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 114.35 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 47349,27 manat əsas borc, 2367,46 manat cərimə, 2367,46 manat əldən çıxmış fayda, ödənilmiş dövlət rüsumunun 215,65 manat hissəsi, vəkilə ödənilmiş 325 manat xidmət haqqı, cəmi 52 624,84 manat tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar