Məhkəmə qərarları › İş №e-2-2(117)-48/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-48/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-48/2025 15.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4986 manat əsas borc, 7928.68 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc, 1692.11 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 15906.79 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4986 manat əsas borc, 7928.68 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212- L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc, 1692.11 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 15906.79 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1908- GL/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 5936 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 14 840 manat olan, Ot, küləş presləyən Z-511 markalı texnika üzrə 2968 manat ödəniş edilmiş, güzəştdən sonrakı 5936 manat qalıq məbləği isə 5 il ödəmə müddətinə əsasən lizinq alana verilməsi müəyyənləşdirilmişdir. xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, 14840 manat dəyərində olan Ot, küləş presləyən Z-511 markalı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 2675 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərt ilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 805 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən qiyməti 2675 manat olan, Otbiçən rotorlu 165sm Karataş markalı texnika üzrə ilkin ödənişin məbləği 805 manat müəyyən edilərək lizinq alana verilməsi müəyyənləşdirilmişdir. xx.xx.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, 2675 manat dəyərində olan Otbiçən rotorlu 165sm Karataş markalı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. Həmin Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Həmin Müqavilələrin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə 4986 manat əsas borcu və ona hesablanmış 7928.68 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borcu və ona hesablanmış 1692.11 manat cərimə borcu yaranmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə məbləğindən 950 manat ödəniş etmiş və nəticədə ödənilməmiş 4986 manat əsas borcu, xx.xx.2018-ci il tarixli 212- L/18 nömrəli müqavilə məbləğindən isə 805 manat ödəniş etmiş, 1070 manat məbləğində güzəşt tətbiq edilmiş və nəticədə ödənilməmiş 800 manat əsas borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, aktlar, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilələr bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavil üzrə ödənilməmiş 4986 manat, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə ödənilməmiş 800 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə 4986 manat əsas borcun və xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Ot, küləş presləyən Z-511 adlı texnikanın bir ədədinin qiyməti 14 840 manat olmuşdur. İddiaçı 40% güzəşt tədbiq edərək həmin texnikanı cavabdehə 8904 manata satmışdır. Cavabdeh qeyd olunan məbləğdən 2968 manat ilkin ödəniş etmiş və qalıq 5936 manat pulu isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən daha sonra müqavilə məbləğindən 950 manat ödəniş edilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırki tarixə 4986 manat (5936 – 950 = 4986) ödənilməmiş əsas borcu vardır. Bundan başqa xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə Otbiçən rotorlu 165sm Karataş markalı texnikanın qiyməti 2675 manat olmuşdur. Bundan sonra cavabdeh tərəfindən həmin texnika üzrə ümumilikdə 805 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə məbləğindən 805 manat ödəniş edilmiş və tətbiq edilən güzəşt məbləği 1070 manatdır. Buradan aydın olunur ki, cavabdehin hazırkı tarixə 800 manat (2675-805 -1070 = 800) ödənilməmiş əsas borcu vardır. İddia tələbinin “xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə 7928.68 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 1692.11 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5% həcmində, yəni xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə 249.3 manat və xx.xx.2018ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 40 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir.

Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə 4986 manat əsas borc və 249.3 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc və 40 manat cərimə borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti, iddia icraatı çərmivəsində məhkəmə iclaslarında iştirak etməməsi, yalnız müraciətlər formasında işdə iştirakı, sənədlərin ilkin olaraq hazırlanması və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 53.72 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4986 manat əsas borc, 249.3 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc, 40 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilməmiş 53.72 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar