Məhkəmə qərarları › İş №e-2-2(117)-483/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-483/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-483/2025 10.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2013-cü il tarixli, "430-L/13" nömrəli müqavilə üzrə 2 530 manat qalıq borc, o cümlədən 2 530 manat gecikdirilmiş borc, 2 981,84 manat cərimə borcu olmaqla, cəmi 5 511,84 manat və 13 dekabr 2016-cı il tarixli, "2965-GL/16 nömrəli müqavilə üzrə 570 manat qalıq borc, o cümlədən 570 manat gecikdirilmiş borc, 1 167,36 manat cərimə borcu olmaqla, cəmi 1 737,36 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2013-cü il tarixli, "430-L/13" nömrəli və 13 dekabr 2016-cı il tarixli, "2965-GL/16 nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 06 may 2013-cü il tarixli, "430-L/13" nömrəli müqavilə üzrə 2 530 (iki min beş yüz otuz) manat qalıq borc, o cümlədən 2 530 (iki min beş yüz otuz) manat gecikdirilmiş borc, 2 981,84 (iki min doqquz yüz səksən bir manat 84 qəpik) manat cərimə borcu olmaqla, cəmi 5 511,84 (beş min beş yüz on bir manat 84 qəpik) manat və 13 dekabr 2016-cı il tarixli, "2965-GL/16 nömrəlimüqavilə üzrə 570 (beş yüz yetmiş) manat qalıq borc, o cümlədən 570 (beş yüz yetmiş) manat gecikdirilmiş borc, 1 167,36 (bir min bir yüz altmış yeddi manat 36 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1 737,36 (bir min yeddi yüz otuz yeddi manat 36 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 748-1.12.4-ci maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə əsasən, tərəflər razılığa gələ bilmədikdə müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarıməhkəmədə baxılmalı və həlledilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnolojiavadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - Agentlik) ötürüldüyündən sözügedən müqavilələr üzrə borcun tələb edilməsi hüququnu Agentlik həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndində qeyd edilmişdir ki, Agentlik bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

3. İddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2025-ci il tarixdə iddia həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı 06 may 2013-cü il tarixli "430-L/13" nömrəli və 13 dekabr 2016-cı il tarixli "2965-GL/16 nömrəli müqavilələr üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. 06 may 2013-cü il tarixli "430-L/13" nömrəli və 13 dekabr 2016-cı il tarixli "2965- GL/16 nömrəli müqavilələr üzrə Cavabdeh qalıq, o cümlədən gecikdirilmiş borcu borcu ödədiyini nəzərə alaraq, iddia tələbinin dəyişdirilərək Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2013-cü il tarixli, "430-L/13" nömrəli müqavilə üzrə 2 981,84 manat cərimə borcunun və 13 dekabr 2016-cı il tarixli, "2965-GL/16 nömrəli müqavilə üzrə 1 167,36 manat cərimə borcunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

6. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin iddia əsassızdır və iddianı qəbul etmir. Çünki, o qeyd edilən müqavilələr üzrə əsas borcunu tam şəkildə ödəmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qeyd edilən müqavilələr üzrə ondan tələb edilən cərimə məbləği şişirdilmiş şəkildə göstərilmişdir. Ümumiyyətlə, tələb edilən cərimə borcu ağlabatan deyildir. Hətta, bununla bağlı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış Şəki Kommersiya Məhkəməsinin çox sayda müvafiq qətnamələri vardır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edtmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2965-GL/16 nömrəli və xx.xx.2013-cü il tarixli 430-L/13 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən kənd təssərüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinq verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın tələb edilən məbləğin bir hissəsini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1ci bəndinə əsasən müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verir. 2.2.1-ci bəndinə əsasən isə lizinq alan ödənişləri tam həcmdə və vaxtında ödəyir. 4.2-ci bəndinə əsasən isə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə əvvəlcə tərəflər arasında bağlamnmış müqavilələrin həqiqiliyinə qiymət verərək qeyd edir ki, hər iki müqavilə tərəflərin öz imza və möhürləri ilə təsdiqlənmiş, imzalanmış və etibarsız olmamışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq xx.xx.2016-ci il tarixli və xx.xx.2013-cü il tarixli ödəniş qarfiki müəyyən edilmişdir. Həmin ödəniş qrafiki də iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2016-cı il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli 2965-GL/16 nömrəli müqaviləyə əsasən lizinq predmenti olan texnikaları cavadehə təhvil vermişdir. Akt iddiaçı və cavabdehin imzaları ilə təsdiqlənmişdir. Bununla da iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir.

11. İş materiallarında olan xx.xx.2013-cü il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixli 430-L/13 nömrəli müqaviləyə əsasən lizinq predmenti olan texnikaları cavadehə təhvil vermişdir. Akt iddiaçı və cavabdehin imzaları ilə təsdiqlənmişdir. Bununla da iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş qrafikindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli 430-L/13 nömrəli müqavilə üzrə 18960 manat pul ödənilmiş, 0 manat gecikdirilmiş borc və hesablanmış 2981,84 manat cərimə borcu yaranmışdır.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş qrafikindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 2965-GL/16 nömrəli müqavilə üzrə 2160 manat pul ödənilmiş, 0 manat gecikdirilmiş borc və hesablanmış 1167,36 manat cərimə borcu yaranmışdır.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

V. Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2965-GL/16 nömrəli və xx.xx.2013-cü il tarixli 430-L/13 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh də öz növbəsində müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmiş və qeyd olunan müqavilələr üzrə əsas borcu iddiaçıya ödəmişdir. Bu hal iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında və iddia həcminin azaldılması barədə ərizədə öz təsdiqini tapmışdır və mübahisələndirilmir.

19. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb edə bilər.

20. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli 2965-GL/16 nömrəli müqavilə üzrə 100 manat, xx.xx.2013-cü il tarixli 430-L/13 nömrəli müqavilə üzrə də 100 manat, cəmi 200 manat məbləğində cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

22. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, ödənilməmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

23. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 06 may 2013-cü il tarixli, "430-L/13" nömrəli müqavilə üzrə 100 manat cərimə borcu və 13 dekabr 2016-cı il tarixli, "2965-GL/16 nömrəli müqavilə üzrə 100 manat cərimə borcu olmaqla cəmi 200 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar