Məhkəmə qərarları › İş №e-2-2(117)-49/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-49/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-49/2024 05.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50700,88 manat borcun tutulması” tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50700,88 manat borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh arasında Şəki rayonunda yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən istehlakçının **********00060 saylı qaz hesabında 50300.88 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacın 789859 kub.m mexaniki və ******* kub.m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları ilə təsdiqlənmişdir. Tələb olunan debitor borc ödənilmədiyinə görə cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onlar iddianı qəbul etmirlər. Belə ki, aktlardakı imza Cavabdeh məxsus deyildir. Onun adından başqa şəxs imzalamışdır. Cavabdeh ilə iddiaçı arasında razılaşma olmuş, lakin onu məcburiyyət qarşısında yəni, istixananın fəaliyyətinin dayanmaması üçün razılaşmışlar. Eyni zamanda, qeyd edilən borc daxil olmaqla ümumilikdə müvafiq akt əsasında təxminən 71 min manat məbləğdə əlavə borc hesablanıb, həmin borc qanunsuzdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, müvafiq istixanaya iddiaçının nümayəndələri tərəfindən yoxlama aparılmasına dair xx.xx.2021-ci il tarixli aktdakı, cavabdehin borcuna dair üzləşmə aktlarında, həmçinin debitor borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli Razılaşma protokolundakı imzalar ona məxsus deyil, X2na məxsusdur. Cavabdeh imza nümaynələrini məhkəməyə təqdim etmişdir. X2 ilə iddiaçı arasında razılaşma olmuş, lakin onu məcburiyyət qarşısında yəni, istixananın fəaliyyətinin dayanmaması üçün razılaşmışlar. Cavabdeh borcun əsassız yazıldığına əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan görünür ki, Cavabdeh (istixana) 50300,88 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X3 pozulması haqqında” Aktdan görünür ki, Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacda qüsurlar aşkar edilmişdir. Belə ki, sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlandı. Bu o deməkdir ki, sayğac keçən qazın sərfini qeydə almır. Həmin akt X5 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 356918 kub metr itirilmiş qaz müəyyən edilmiş (əsas: xx.xx.2021-ci il tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosundan müəyyən edilir ki, 2021-ci ilin yanvar ayıda yuxarıda qeyd edilən aktla hesablanmış və itirilmiş qazın dəyəri olaraq 71383,60 manat qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Təbii qaz təchizatının dayandırılması barədə” 137 nömrəli Aktdan görünür ki, yaranmış borcla əlaqədar obyektdə təbii qazın təchizatı sayğac açılmadan dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Debitor borcun ödənilməsi haqqında” Razılaşma protokolundan görünür ki, təbii qazdan istifadəyə görə 71383,60 manat məbləğində borcunun olması barədə tərəflər razılığa gəlmiş və cavabdeh 2021-ci ilin fevral, mart və aprel ayları üzrə hər ay 23794,53 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “Qarşılıqlı üzləşmə aktları”ndan görünür ki, xx.xx.2021-ci il tarixə 33 303,36 manat, xx.xx.2022-ci il tarixə isə 49971,74 manat borc mövcuddur. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, İddiaçı ilə Cavabdeh arasında Şəki rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən istehlakçının **********00060 saylı qaz hesabında 50300.88 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacın 789859 m mexaniki və ******* m elektron göstəricisi ilə yaranmışdır. Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacda qüsurlar aşkar edilərək xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X3 pozulması haqqında” Akt tərtib edilmişdir və tələb olunan debitor borc ödənilmədiyinə görə cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. xx.xx.2021-ci il tarixli “Debitor borcun ödənilməsi haqqında” Razılaşma protokolundan görünür ki, təbii qazdan istifadəyə görə 71383,60 manat məbləğində borcunun olması barədə tərəflər razılığa gəlmiş və cavabdeh 2021-ci ilin fevral, mart və aprel ayları üzrə hər ay 23794,53 manat ödəməyi öhdəsinə götürmüşdür və “Qarşılıqlı üzləşmə aktları” ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixə 33 303,36 manat, xx.xx.2022-ci il tarixə isə 49971,74 manat borc mövcuddur. Yuxarıda qeyd edilən hallar iş materiallarında əks olunan hallardır. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli müqavilə müqavilə Cavabdeh tərəfindən imzalanmış, lakin “Debitor borcun ödənilməsi haqqında” tərəflərin imzaladığı razılaşma protokolu, xx.xx.2022-ci il tarixə mövcud borcla bağı qarşılıqlı üzləşmə aktı, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X3 pozulması haqqında” Aktı Cavabdeh tərəfindən deyil, cavabdeh olan sonuncunun bildirdiyinə görə onun X2 tərəfindən imzalanmışdır. Bundan əlavə qeyd edilən halların olması imzanın Cavabdeh deyil, X6 tərəfindən imzalanmasının sonuncunun istehlakçının nümayəndəsi kimi çıxış etməsi ilə bağlı olmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh bütün əmlakı ilə əlaqədar bütün hərəkətlərin edilməsi ilə bağlı X4 xx.xx.2017-ci il tarixində 30 il müdddətinə etibarnamə vermişdir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31.7-ci maddəsinə əsasən yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması sahibkarın yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı sahibkarın yoxlama aktının məzmunu və ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) razılığını bildirmir. Məhkəmə təqdim edilmiş sübutlara hərtərəfli yanaşaraq müəyyən edir ki, həqiqətən istehlakçının nümayəndəsinin iştirakı ilə təbii X3 pozulması ilə bağlı xx.xx.2021-ci il tarixi aktda qeyd edilən sayğacın işləməsinə mane olan kustar üsulla hazırlanmış dəmirin yerləşdirilməsi faktı sənədlərdə mövcuddur və bu fakta münasibətdə istehlakçının nümayəndəsi həmin yoxlama prosesində iştirak etmiş, hətta sonradan həmin aktla yazılmış borcun hissə-hissə ödənilməsinə dair razılaşma protokolu da imzalamışdır. Eyni zamanda, cavabdeh ona aktla yazılmış 71383,6 manat borcun xeyli hissəsini ödəmiş, qalan borc 50300 manat təşkil edir. Məhkəmə qanunvericilin tələbinə əsasən hesab edir ki, iddiaçı o borcu qarşı tərəfdən tələb edə bilər ki, həmin borcu ödəmək vəzifəsi qanuna, müqaviləyə əsasən qarşı tərəfin mübahisəsiz öhdəliyinə əsaslanmış olsun. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehə münasibətdə tərtib edilmiş 71383,6 manat məbləğində təbii X3 pozulmasına dair Akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun cavabdeh üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz. MM-in: 6.1 Mülki qanunvericiliyin prinsiplərinə 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;6.1.4. mülkiyyətin toxunulmazlığı;6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi aiddir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi bir çox qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. Məhkəmənin mövqeyi ondan ibarət dir ki, cavabdeh ona qanunvericiliyin tələbinə riayət etməyərək müvafiq aktla qoyulmuş öhdəliyi tam icra etsə belə, yenə də məhkəmə həmin aktın qanunszluğunu müəyyən edərsə, cavabdehin üzərinə belə bir öhdəliyi qoya bilməz. Pozulmuş hüquqların və qanuni mənafelərin bərpasını həyata keçirən məhkəmənin mövqeydi belə olmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının tələblərinə əsasən hüquqi və ya fizki şəxslərin üzərinə qanunlara və hüququn ümumi prinsiplərinə riayət etməməklə qazanılmış öhdəliklərin qoyulması qanunsuzluq yaratmaqla hüquqi müəyyənliyə ziddir. Belə olan vəziyyətdə cavabdehin qeyd edilən aktla yəni, qanunvericiliyin tələbinə uyğun olmayan hərəkətlər nəticəsində tərtib edilmiş aktla qoyulmuş öhdəlikdən azad edilmə ilə bağlı qarşı tərəfin qarşılıqlı iddiasına qanunvericilik lüzum görmür. İddiaçının qarşı tərəfdən tələbi müqavilə və ya qanunun tələblərinə əsaslanmalı, qanunsuz hərəkətlər nəticəsində qazanılmış hüquq mövcud ola bilməz və bu mübahisəyə məhkəmədə baxılan zaman ümumiyyətlə qeyd edilən hüquqa təminat verilə bilməz. Digər tərəfdən abonent saldosunda borc məbləği əks edilsə belə məhkəmə hesab edir ki, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X3” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən tərtib edilmiş akt qanunsuz olaraq tərtib edilmişdir. Eyni zamanda məhkəmə bildirir ki, akt qanuni surətdə tərtib edildiyini qanuni olsa belə cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmiş, eyni zamanda yuxarıda qeyd edilən normaların tələbləri baxımından həmin sayğacın saz vəziyyətdə saxlanması cavabdehliyi qaz paylayıcısı daşıyır. AR Ali Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2-2(102)-435/18 nömrəli qərarına əsasən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov; iş № 2-2(84)-4/2018) Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 15.770,30 manat borcun və ödənilmiş 3,59 manat dövlət rüsumu olmaqla, cəmi 15.773,89 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi; İddiaçı Cavabdeh qarşı “116.081,20 manat dəymiş ziyanın tutulması barədə” iddiasının rədd edilməsi; Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi və xx.xx.2017-ci il tarixli akt əsasında Cavabdeh hesablanmış 116.081,20 manat məbləğində borcun silinməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və E.Hüseynov, iş № 2-2(107)-38/2018) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İlk İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilən hallarla hazırki işin halları uyğunluq təşkil edir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan akt nəticəsində cavabdehə öhdəlik olaraq qeyd edilmiş 71383,6 manat məbləğlə bağlı tərəflərin razılaşma protokolu tərtib edilməsi mümkündür. Nə qədər ki, qeyd edilən yoxlama qanunvericiliyin tələblərinə riayət edilmədən aparılmış və onun nəticəsində yaranmış borcun ödənilməsi hər hansı bir razılaşmanı da məhəmə qəbul etmir. Cavabdeh tərəf məhkəmə iclasında bundan imtina etdiyini və fəaliyyətin dayanmaması üçün bununla razılaşdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc məbləği və ya digər tələblərlə bağlı razılaşma qanunun tələblərinə uyğun olmalı, tərəflər və başqa şəxslərin qanuni maraqlarına zidd olmamalıdır. Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd edilən hal prosessual norma olaraq məhkəmə icraatına aid olsa da, hazırkı mübahisə ilə uyğun faktiki halları əhatə etdiyindən məhkəmə qeyd edilən normanın analogiya üzrə hazırkı münasibətə tətbiq edilməsində hər hansı bir maneə görmür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 77.2-ci maddəsinin tələblərinə görə ilk iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və ilk iddia üzrə cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına tətbiq edilməli hüquq normalarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən hesablanmış borcun yaranmasının əsasları qanunsuz olduğundan, qanunun tələblərini pozmaqla yoxlama aparıldığından, həmçinin tələb edilən məbləğ 50300 manat qanunun tələblərinə uyğun olmayan aktla hesablanmış 71383,6 manat məbləğindən az olduğundan və hər hansı pozuntunun iddia üzrə cavabdehin təqsiri ucbatından baş verməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 240,9 manat təşkil edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 400 manat ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıdan məhkəmə xərci tutulmamalıdır.

Nəticəvi hissə :

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50700,88 manat borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar