Məhkəmə qərarları › İş №e-2-2(117)-491/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-491/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-491/2024 23.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh X1 MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli 1 nömrəli alqı-satqı müqaviləsinə əsasən təhvil verilmiş malların dəyəri olan 41409 manat, əldən çıxmış faydanın əvəzi olaraq 20704,50 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 2000 manat, mediasiya xərcinə görə ödənilmiş 200 manat və dövlət rüsumuna görə ödənilmiş 76,34 manat, ümumilikdə isə 64389,84 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı "xxxx" MMC ilə alıcı X1 MMC arasında xx.xx.2021-ci il tarixli, 1 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı baytarlıq preparatları, yem əlavələri və vaksin malllarını satır, alıcı isə həmin malları alır. Malların qiyməti tərəflərin razılşaması yolu ilə müəyyən edilir. Malların qiyməti yola salınarkən qaimə-fakturada göstərilir. Alıcı hər dəfə ehtiyacı olduğu malı satıcıya qabaqcadan sifariş edir. Satıcı alıcını 4000 kg Glycoline toz və 990 kg Glycoline maye ilə təmin edəcəkdir. Ödəmə beş ay 8281,80 manat olmaqla 2021-ci ilin yanvar, fevral, mart, may aylarında hər ay 8281,80 manat ödəniləcək. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı alınmış malların dəyərini malı aldıqdan sonra qrafik üzrə 5 bank günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və həmin tarixdən etibarən 1 il müddətinə etibarlı hesab edilir. İş materiallarında olan qiymətlərin razılaşdırılma protokolundan görünür ki, Glycoline tozun dəyəri 32400 manat, Glycoline mayenin dəyəri 9009 manat razılaşdırılmışdır. Həmin protokoldan görünür ki, mallar sifariş verildikdən 2 iş gün ərzində alıcının ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 33 kg həcmində 30 ədəd Clycoline Liquid, 25 kg həcmində 160 ədəd Clycoline adda mallar cavabdehə təhvil verilmiş və cavabdeh həmin malları qəbul etmiş və həmin akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən cavabdehə verilmiş malların dəyəri 41409 manat təşkil edir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək ümumilikdə 41409 manat dəyərində malları cavabdehə vermiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 41409 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli borcun üzləşdirilməsi aktları ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Satıcıİddiaçı MMCilə Alıcı X1 MMCarasında xx.xx.2021-ci il tarixdə 1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Satıcı Alıcını 4000 kq Glycoline toz və 990 kq Glycoline maye ilə təmin etməyi alıcı isə malın ümumi dəyərini təşkil edən 41409 manat pulu 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında hər ay 8281,80 manat olmaqla malı aldıqdan sonra qrafik üzrə 5 bank günü ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 21-001 nömrəli Təhvil-Təslim aktından göründüyü kimi İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra edərək cavabdehə 4000 kq Glycoline toz və 990 kq Glycoline mayeni təhvil vermişdir. X1 MMC isə həmin malları qəbul etmişdir. Bundan sonra təhvil verilmiş malların dəyərinin ödənişini təmin etmək məqsədi ilə cavabdehə xx.xx.2021-ci il tarixli, 026007 nömrəli elektron qaimə göndərilmişdir. Müqavilə üzrə götürülən öhdəliklər icra edilməmiş və bugünədək təhvil verilmiş malların dəyəri olan 41409 manat pul ödənilməmişdir. Satıcı İddiaçı MMC ilə Alıcı X1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli üzləşmə aktlarına əsasən borc məbləği 41409 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddianı tam şəkildə qəbul etdiklərini və iddianın 64389,84 manat həcmində təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2021-ci ildə 1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəf olaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirmişlər. Cavabdeh tərəf isə müqavilə şərtlərini pozmuşdur. İndiyə kimi cavabdeh tərəfdən heç bir ödəniş olunmamiş, mümkün ola biləcək bütün sübutları təqdim etmişlər. Əldən çıxmış fayda ilə bağlı da növbəti məhkəmə iclasına qədər sübut təqdim edə bilərlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfin iddiası ilə razı olduqlarını və iddia tələbində irəli sürülən məbləği də tam həcmdə qəbul etdiklərini bildirmiş, iddianın etirafı ilə bağlı ərizəni məhkəməyə təqdim etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi,qiymətlərin razılaşdırma protokolları,Təhvil-təslim aktı, elektron qaimə, üzləşmə aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə təhvil verilmiş malların dəyəri kimi 41409 manat pulun tutulmasına münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı hazırki müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilmiş malları alıcıya satmağı, alıcı isə alınan malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qiymətlərin razılaşdırılma protokolundan görünür ki, Glycoline tozun dəyəri 32400 manat, Glycoline mayenin dəyəri 9009 manat razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 33 kg həcmində 30 ədəd Clycoline Liquid, 25 kg həcmində 160 ədəd Clycoline adda mallar cavabdehə təhvil verilmiş və cavabdeh həmin malları qəbul etmiş və həmin akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən cavabdehə verilmiş malların dəyəri 41409 manat təşkil edir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək ümumilikdə 41409 manat dəyərində malları cavabdehə vermiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 41409 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli borcun üzləşdirilməsi aktları ilə öz təsdiqini tapır. Bu səbəbdən 41409 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa əldən çıxmış fayda olaraq 20704,50 manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, MM-in : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçı əldən çıxmış faydanı əsaslandırmalı, bununla bağlı sübutları təqdim etməli, qanunvericilikdə müəyyən edilmiş faizlər əsasında tələbini irəli sürə bilər, eyni zamanda iddiaçı MM-in 449.1-ci maddəsində qeyd edilən “cavabdehin həmin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaqla” bağlı ilkin dəlillərini təqdim etməli idi. Buna baxmayaraq məhkəmə cavabdeh tərəfindən borcun tam şəkildə etirafını nəzərə alıb qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Göründüyü kimi cavabdeh tərəf tələbi tam həcmdə qəbul edərək borcunu etiraf etdiyindən məhkəmə hesab edir ki, borc etiraf edildiyindən cavabdehdən təhvil verilmiş malların dəyəri olan 41409 manat, əldən çıxmış faydanın əvəzi olaraq 20704,50 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 2000 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna baxmayaraq cavabdeh ərizəsində həmçinin vəkil xərcinin də onun tərəfindən qəbul edildiyini bildirdiyindən 2000 manat vəkil pulu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən məhkəmə xərcləri də daxil olmaqla bütün iddia tələbini ödəməyə razı olmalarına dair ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 276.34 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 200 manat mediasiya xərci və 77 manat dövlət rüsumu ödənilmişdir ki, iddiaçı onun tərəfindən ödənilmiş 200 manat mediasiya xərcini və 76,34 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci və 76,34 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 MMC-dən 41409 manat borc, əldən çıxmış faydanın əvəzi olaraq 20704,50 manat, 2000 manat vəkilə hüquqi yardıma görə ödənilmiş pul, mediasiya xərcinə görə ödənilmiş 200 manat və dövlət rüsumuna görə ödənilmiş 76,34 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar